Baş redaktor nazirin onu tutdurmaq istədiyinə inanmır

“Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimov daxili işlər naziri Ramil Usubovun onu həbs etdirmək fikrində olduğuna inanmır.

“Media forum” saytına açıqlamasında baş redaktor bildirib ki, adətən ittihamedici tərəf sözünü sonda deyir: “İnanmıram ki, cənab nazir bəzi qəzetlərin yazdığı kimi nəyin bahasına olur-olsun, məni həbsə atdırmaq fikrindədir. Mən onun belə bir mövqedə olduğuna inanmıram. İrəli sürülən ittihamlar üzrə alternativ cəzalar mümkündür”.

Ə.Kərimov qeyd edib ki, məhkəmə irəli sürülən ittihamların araşdırılması üçündür: “Məhkəmə mənim hərəkətlərimdə hansısa qanunsuzluğun olduğunu sübuta yetirsə, mən bunu etiraf eləmək gücünü özümdə hiss edirəm. O səbəbdən də bu məsələni həddindən artıq şişirtməkdən, ajiotaj yaratmaqdan uzağam”.

Məhkəmə prosesində özünü tək müdafiə edəcəyini deyən baş redaktor heç bir yazısında daxili işlər nazirinə və ya daxili işlər orqanlarında çalışan digər şəxslərə şər, böhtan atmadığını vurğulayıb: “Mən nazirliyi və naziri heç vaxt ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməmişəm, böhtan atmamışam. Hesab edirəm ki, hardasa anlaşılmazlıq var. Bəlkə də cənab nazir həmin yazıların tam məzmununa varmadan, kimlərinsə şərhindən və ya izahından sonra belə qərara gəlib. Buna baxmayaraq, hesab edirəm ki, məhkəməyə üz tutmaq, hansısa ittihamla çıxış edib nələrinsə araşdırılmasını tələb etmək onun konstitusion hüququdur”.

Noyabrın 11-də Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov APA-ya açıqlamasında deyib ki, Ə.Kərimov davamlı olaraq müxtəlif mətbuat orqanlarında və baş redaktoru olduğu “Femida 007” qəzetində Daxili İşlər Nazirliyi və onun rəhbərliyi barədə yalan və böhtan olduğunu bilə-bilə qərəzli məlumatlar yayır: “Daxili İşlər Nazirliyi bütövlükdə mətbuata göstərdiyi xüsusi diqqəti və sivil münasibətləri əsas götürərək məhkəmələrə müraciət etməyib, bəzi hallarda ayrı-ayrı mətbuat orqanlarında dərc olunan bu səpkili yazılar baxılıb müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına göndərilib. Təəssüf ki, söz və mətbuat azadlığından sui-istifadə edərək son vaxtlar cənab Kərimov daha da “irəli gedib”, Daxili İşlər Nazirliyini cinayətkarlar yetişdirən qurum adlandırıb, onu terroristlər hazırlayan bazalarla müqayisə edib”.

Nazirlik sözçüsü bildirib ki, özünü tanınmış hüquqşünas və jurnalist kimi təqdim edən Ə.Kərimov dediyi sözlərin hüquqi məsuliyyətini dərk etməyib, bölmə və idarə rəisləri olan şəxslərin özlərinin gələcək cinayətləri üçün nazirlikdə təcrübə topladıqlarını bildirərək daxili işlər orqanları əməkdaşlarının şərəf və ləyaqətini ləkələyib: “O, erməni işğalçılarına qarşı mübarizədə minə yaxın şəhid verən, ictimai asayişin mühafizəsində, ölkəmizdə yaradılmış daxili sabitliyin qorunub-saxlanmasında danılmaz xidmətləri olan Azərbaycan polisinin işgüzar nüfuzuna xələl gətirən, nüfuzdan salan yalan məlumatları kütləvi informasiya vasitələrində qəsdən yayaraq onu ağır və xüsusilə ağır cinayətlərdə ittiham edib, böhtan atıb. Məhz bu səbəbdən yüzlərlə polis əməkdaşı, daxili işlər orqanlarının veteranları nazirliyin işgüzar nüfuzuna qara yaxmaqdan əl çəkməyən Əyyub Kərimovun məhkəməyə verilməsini və ona qarşı iddia qaldırılmasını tələb edib. Yeri gəlmişkən, daxili işlər orqanlarının şəxsi heyətinin hüquqlarının qorunması üçün məhkəməyə verilmiş şikayət həmin orqanın rəhbəri tərəfindən imzalanıb. Odur ki, xüsusi ittiham qaydasında verilmiş bu şikayəti daxili işlər naziri cənab Ramil Usubov imzalayıb”.

Ə.Kərimov “Media forum” saytına açıqlamasında bildirib ki, S.Gözəlovun fikirlərini bölüşmür: “Bu ittihamın detalları məhkəmədə araşdırılacaq. Mətbuat Şurasından da maraqlanmaq olar ki, bu günə qədər Daxili İşlər Nazirliyi şuraya məndən və ya rəhbərlik etdiyim qəzetdən şikayət verməyib. Ümumiyyətlə, qəzet və mənim barəmdə Mətbuat Şurasında müzakirə aparılmayıb”.

Baş redaktor qeyd edib ki, onun vaxtilə verdiyi müsahibələrdən, yaxud “Femida 007”də dərc olunan məqalələrdən müəyyən fikirlər konteksdən çıxarılır: “Sadiq Gözəlov öz mövqeyindən nələrisə deyə bilər. Sadəcə, müsahibədə dediyim sözləri xatırladıram ki, mən Azərbaycan polisinin tərəfindəyəm, cəmiyyətə polis gərəkdir. Amma polisin siyasətə qarışmasının tərəfdarı deyiləm, bunu qəbul etmirəm. Cəmiyyətə polisin gərəkli olduğunu deyən şəxs polisə, onun rəhbərinə niyə böhtan atmalıdır?”

Ə.Kərimova qarşı iddia xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə qaldırılıb. İddia üzrə Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə məhkəmə prosesi başlayıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO