AzTV “TEFİ–Sodrucestvo”nun mükafatına layiq görülmüşdür

Bu günlərdə Kiyevdə “TEFİ–Sodrucestvo”nun Birinci Beynəlxalq televiziya festivalı keçirilmişdir.
“Rusiya Televiziya Akademiyası” Fondunun və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondun təşəbbüsü ilə keçirilən telefestival MDB-nin yaradılmasının 20 illiyinə həsr olunmuşdur. 11 ölkənin qatıldığı televiziya bayramında Ermənistan maliyyə çətinliyi üzündən iştirak edə bilməmişdir.
Azərbaycanı “Toğrul Nərimanbəyov” və “Eyni səma altında” filmlər ilə təmsil edən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) proqramı festivalda böyük maraq doğurmuşdur.
Tədbir iştirakçıları AzTV-nin proqramını yüksək qiymətləndirmişlər. Onlar təqdim olunan filmlərin bədii ideyasının, rejissor-operator işinin, texniki göstəricilərinin mükəmməl səviyyədə olduğunu, Azərbaycan Televiziyasının MDB məkanında ən güclü telekanallardan biri hesab edildiyini söyləmişlər.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, AzTV yeni yaradıcılıq formalarının axtarışı və orijinal vizual qərara görə “TEFİ–Sodrucestvo”nun mükafatına layiq görülmüşdür.
QSC-ni telefestivalda “Mədəniyyət” kanalının direktoru Cəmil Quliyev, AzTV-nin bədii rəhbəri Etibar Babayev, rejissorlar Oqtay Babazadə və Elnur Məmmədov təmsil etmişlər.
Nümayəndə heyətinin başçısı Cəmil Quliyev Azərbaycan Televiziyasının bu festivala dəvət olunmasına və onun proqramına verilən yüksək qiymətə görə təşkilatçılara təmsil etdiyi televiziyanın rəhbərliyi adından təşəkkürünü bildirmişdir.
Festivalın mükafatına Azərbaycanla yanaşı, Ukrayna, Belorus, Rusiya və Özbəkistan da layiq görülmüşlər.
“TEFİ–Sodrucestvo”nun növbəti telefestivalının keçiriləcəyi məkan gələn ilin mayında müəyyənləşdiriləcəkdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO