AzTV «Əkiz qardaşlar»ı təqdim etdi

Mayın 17-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin istehsal etdiyi «Əkizlər» sənədli filminin təqdimat mərasimi keçirilib.
Film vaxtilə AMEA-nın Genetik Ehtiyatlar və Zoologiya İnstitutlarının elmi işçiləri olmuş, ötən il 100 illik yubileyləri keçirilmiş Ziyad və Atlıxan Xanməmmədovların həyat və elmi fəaliyyətlərinə həsr olunub. Filmdə alim həmkarları – kənd təsərrüfatı elmləri doktoru Zeynal Əkbərov, biologiya elmləri doktoru Zəkəriyyə Məmmədov, professor Qara Mustafayev və başqaları Ziyad və Atlıxan Xanməmmədovların elmi nailiyyətlərindən söhbət açmış, onlar haqqında xatirələrini bölüşüblər. Çəkilişləri Bakı və Şamaxıda aparılan filmdə bədii təsvir üslubundan istifadə olunub. Zahid və Atlıxan Xanməmmədov qardaşlarının obrazını xalq artisti İlham Əsgərov, onların uşaqlıq dövrünü əkiz qardaşlar – Anar və Amin Əliyevlər canlandırıblar. «Əkizlər» filminə baxışdan sonra keçirilmiş müzakirələr zamanı AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, millət vəkilləri Hadı Rəcəbli, Nizami Cəfərov və başqaları çıxış edərək son illər ərzində AMEA ilə Azərbaycan Televiziyası arasında yaranmış əməkdaşlıq nəticəsində ərsəyə gələn və elm, mədəniyyət, incəsənət xadimlərinə həsr edilən sənədli filmlər silsiləsini müsbət qiymətləndirmişlər.
Ziyad və Atlıxan Xanməmmədov ailəsi adından çıxış edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Adilə Abbasova qeyd edib ki, vətənə, millətə və elmə təmənnasız xidmət göstərmiş atası və əmisi haqqında filmin çəkilməsi ideyası AzTV rəhbərliyinə məxsusdur. O, son illərdə yaranmış bu cür filmlər silsiləsini «dövlətin Azərbaycan Televiziyası vasitəsilə elm adamlarına göstərdiyi qayğı» adlandırıb və yaradıcı kollektivə minnətdarlığını bildirib.

Qeyd edək ki, filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Zahid Bağırovdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO