AzTV işdən çıxarılanlar barədə açıqlama verdi, ittihamı rədd etdi

“AzTV-nin sabiq əməkdaşı Hikmət Həsənovla imzalanan əmək müqaviləsinin vaxtı bitdiyi üçün o, işdən çıxarılıb”. Bu barədə Modern.az-a telekanalın mətbuat xidmətinin rəhbəri Xatirə Qasım bildirib:

“Hikmət Həsənov 14 ilə yaxındı ki, AzTV-də böyük mühəndis vəzifəsində çalışıb. Onun işdən çıxarılmasına səbəb televiziya ilə bağladığı müqavilənin vaxtının bitməsidir. Əmək müqaviləsinin də vaxtını uzatmaq olmaz. Başqa heç bir səbəb yoxdur”. X.Qasım digər 3 nəfərin də televiziyadan çıxarılması məsələsinə aydınlıq gətirib. O bildirib ki, həmin şəxslər uzun müddət AzTV-də çalışan mühəndis, növbə rəisi və texniki işçidir: “Onların da işdən azad olunmalarına səbəb imzaladıqları əmək müqavilələrinin vaxtının bitməsidir”.

AzTV sözçüsü Hikmət Həsənovun səsləndirdiyi “AzTV-də qeyri-peşəkarlar çalışır” fikrinə də münasibət bildirib : “24 saat efirdə olan bir televiziyada qeyri-peşəkarlar necə çalışa bilər!?”.

Qeyd edək ki, özü və ailəsini Azadlıq Meydanında yandıracağını bəyan edən AzTV-nin sabiq əməkdaşı H.Həsənov prezident İlham Əliyevə üz tutub:

“Dövlət başçısından yeganə istəyim məni qəbul etməsidir. Bu baş tutmasa, gələn şənbə günündə Azadlıq meydanında özümüzü yandırmağa qərar vermişik”, –deyə H.Həsənov müraciətində bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO