“Azəriqaz”ın yeni mətbuat katibi: “Jurnalistlər üçün açıq qurum olacağıq”

Bir neçə gün öncə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində uzun müddət mətbuat xidmətinin rəhbəri işləyən Kamandar Eyvazlı tutduğu vəzifədən azad edilib. Onun yerinə isə keçmiş jurnalist Araz Ağayev təyin edilib. Vəzifəsinə yeni başlayan A.Ağayev “Azəriqaz”ın mətbuat xidmətinin işində nə kimi yeniliklər edəcək?

Modern saytı bu sualla ona müraciət edib.

İctimaiyyətlə əlaqələrin daha da güclənəcəyini deyən Araz Ağayev digər yeniliklər barədə danışmağın hələ ki tez olduğunu bildirib: “Əsas yenilik ictimaiyyətlə əlaqələrin gücləndirilməsindən ibarət olacaq. Çalışacağıq ki, “Azəriqaz” İstehsalat Birliyi jurnalistlər üçün açıq bir qurum olsun. Digər yeniliklər barədə isə yaxın vaxtlarda məlumat verəcəyik. Bunun üçünsə sistemlə tam tanış olmaq lazımdır”.

A.Ağayev abonentlərin “qaynar xətt” xidmətindən şikayətinə də münasibət bildirib: “Ola bilər ki, abonentlər zəng vuranda telefon məşğul kimi göstərsin, lakin bütün zənglər qeydə alınır və araşdırılır. Ümumiyyətlə bütün qurumlarda olduğu kimi bizim də bir “qaynar xətt”imiz var-185. Günün bütün saatlarında işləyir. Sadəcə olaraq “qaynar xətt”ə xidmət edən operatorların sayı məsələsi var ki, hələlik bu barədə danışmaq tezdir”.

A.Ağayev 1999-2006-cı illərdə “Kaspi” qəzetində çalışıb. “Azəriqaz”a mətbuat xidmətinin rəhbəri təyin olunanadək isə ARDNŞ-in Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda kadrlar şöbəsinin rəisi olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO