Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio məkanında mövcud vəziyyəti müzakirə edəcək. Trend News-un məlumatına görə, bununla bağlı bazar ertəsi jurnalistlərə açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
“Martın 18-də keçiriləcək tədbirin məqsədi bu məsələnin bir daha ictimai nəzarətdə olmasıdır və burada teleradio kanalları ilə yanaşı qeyri-hökumət təşkilatlarının və bu sahə ilə bağlı qurumların nümayəndələri iştirak edəcək”, – Məhərrəmli əlavə edib.
Trеnd Nеws-un аrаyışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ötən il oktyabrın 2-də “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsində televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib. Mehdiyevin fikrincə, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Administrasiya rəhbərinin fikrincə, problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir.
MTRŞ sədri bildirib ki, keçən illə müqayisədə teleradio məkanında müəyyən qədər irəliləyişlər var, bu da istər aparıcıların səhnə mədəniyyətində, şou biznes verilişlərinin azalmasında, intellektual verilişlərin sayının artmasında özünü göstərir. “Televiziya elə sahədir ki, orda ciddi dəyişiklikləri qısa zaman ərzində etmək çətin olur və bunun üçün vaxt lazımdır”, – Məhərrəmli deyib.