Azərbaycanın işğal altındakı ərazilərinə səfər edən türkiyəli jurnalist Dağlıq Qarabağın erməni torpağı olduğunu iddia edib
Türkiyənin “Axşam” qəzetinin müxbiri Nagehan Alçı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib.
APA-nın məlumatına görə, Dağlıq Qarabağa Ermənistan ərazisindən keçərək gedən Nagehan Alçı bu ərazilərin sırf erməni torpaqları olduğunu iddia edib. Ermənistan İctimai Televiziyasına açıqlama verən jurnalist bildirib ki, “Biz Türkiyədə yaşayanlar səhv etmişik, Qarabağ yüz faiz erməni ərazisidir və biz anladıq ki, Siz bu torpaqları güzəştə getməməkdə kifayət qədər israrlısınız”.
Jurnalist Dağlıq Qarabağı öz gözü ilə görmək və “Qarabağ xalqı”nın həyatından reportaj hazırlamaq niyyətində olduğunu deyib: “Qarabağa getməklə bağlı baş redaktorum qarşısında təklif irəli sürdüm və müsbət cavab aldım. Dağlıq Qarabağ ətrafında ərazi mübahisəsi Türkiyəni də maraqlandırır. Burada gördüklərim Qarabağın keçmişi və gələcəyi ilə bağlı bütün şübhələrimi aradan qaldırdı. Stepanakert bizdə böyük təəssürat doğurdu və biz yenə bura gəlmək niyyətindəyik”.
Türkiyə-Ermənistan münasibətlərini şərh edən Nagehan Alçı sərhədlərin açılmasını arzuladıqlarını bildirib: “Lakin Dağlıq Qarabağ problemi bu prosesi əngəlləyən əsas maneələrdən biridir. Bizim hökumət bəyan edib ki, Qarabağ münaqişəsi həll olunmayınca, sərhədlər açılmayacaq. Yaşayarıq, görərik”.
Dağlıq Qarabağa səfər etməsinin Azərbaycanda narazılıqla qarşılanacağı barədə sualı cavablandıran Nagehan Alçı bildirib ki, bunun belə olacağını təxmin edir: “Biz obyektiv olmağa, regionun xarakteristikasını təqdim etməyə və gerçək vəziyyəti yazmağa cəhd edirik. Ola bilsin ki, bizi Azərbaycanda persona non-qrata elan etsinlər, lakin mən Azərbaycanda heç kimi incitmək istəmirəm. Bu, sadəcə mənim işimdir, mən jurnalistəm və peşəm hər yerdə olmağı tələb edir”. Nagehan Alçı həmçinin Şuşaya gedəcəyini və oradan reportaj hazırlayacağını da bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov APA-ya verdiyi açıqlamada “Axşam” qəzetinin əməkdaşının işğal altında olan ərazilərə səfər etməsi faktı ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin hazırda araşdırma apardığını bildirib.