Azərbaycanlı yazarlar internetdə özlərinə kənd salıb

Jurnalist Şahvələd Çobanoğlu virtual layihə ilə çıxış edib. Layihə “Yazarların bloq kəndi” adlanır. “Kənd” www.xalqdan.info saytının sağ üst küncündə yerləşir. Giriş üçün linki tıklamak kifayət edir.

“Yazarların bloq kəndi” ilə tanışlıq bu cümlələrlə başlayır: “Bu kəndin adı yox idi kəndlər arasında. Onu yaratdıq ki, arzumuzun kəndləri və şəhərləri yaransın. Biz yazıya inananlarıq, üstəlik, pozuya ümid bəsləyənlərə qarşıyıq. Məğlub olsaq da, qalib gəlsək də, qoy gələcək nəsillər bizi unutsun. Kəndimiz isə daim yaşasın.

2050-ci il. Kəndin girişindəki taxta lövhədən”

Hələlik “kənd”ə köç yeni başlayıb – cəmi bir neçə jurnalist “ev” alıb. Yeni “mənzil”inə daşınan yeganə yazar isə layihə müəllifinin özüdür.

“Media forum” saytına açıqlamasında Şahvələd Çobanoğlu bildirib ki, “Yazarların bloq kəndi” yeni layihədir və daha çox həm yazarların oxunaqlılıq səviyyəsini, həm də daha əvvəldən fəaliyyətdə olan “xalqdan.info” saytının ziyarətçilərinin sayını artırmaq üçündür : “Xalqdan.info saytı çoxdan yaranıb və bloqları, vətəndaşlardan gələn informasiyaları yerləşdirmək üçündür. Bilirsiniz ki, bütün dünyada bloq icmaları yaratmaq ənənələri var. O cümlərən jurnalist bloqları xüsusi bloqlar sayılır. Biz də düşündük ki, hər kəs öz müstəqilliyini qorumaq şərtilə bloqlarımızı burada yerləşdirək və yazarların icmasını yaradaq”.

İcmaya “Yazarların bloq kəndi” adını qoymaq da Ş.Çobanoğlunun fikridir: “Dostlar da bu fikri dəstəklədilər. Əvvəl fikirləşdik ki, kəndə ad da qoyaq, sonra vaz keçdik. Amma gələcəkdə icma üzvləri hesab etsələr ki, ad qoymaq lazımdır və təkliflər olsa, bunu düşünə bilərik”.

Ş.Çobanoğlu virtual icmaya adamlar toplamaq kimi xüsusi məqsəd və ya cəhdinin olmadığını söyləyib: “Əlbəttə, böyük məmnuniyyətlə, ölkənin tanınmış yazarlarının hamısını orada görmək istərdik. Ancaq xüsusi olaraq kimisə dəvət etmirik. Bəzi yazarların özlərinin bloqları var, bəziləri bloq icmalarında təmsil olunurlar. Belə yazarlardan da bizim “kəndə” köçmək istəyənlər var. Bu həm də dəyərli qələm sahiblərinin daha çox auditoriyaya sahib olması deməkdir. Yazarların o kəndə gəlişi bizim üçün şərəfdir. Biz bir-birimizi tanıdıb oxudacağıq. Amma bunu xüsusi təbliğ etmirik. Çünki bu, təşkilat deyil. Reklamımız ancaq ziyarətçilərin istəyini, hörmətini qazanmaq üçündür”.

Jurnalist layihənin maliyyəsiz başa gəldiyini söyləyib: “Bu, tamamilə bloqçuluq sisteminə söykənən layihədir. Hazırda bloq yaratmaq üçün pul tələb olunmur. “Yazarların bloq kəndi” azad istifadə üçün olan hostinqdə yerləşir. Heç bir xərc tələb olunmur. Amma əlavə bir layihəmiz olsa, əlbəttə, həyata keçirə bilərik. Yaxud hər hansı yazar öz bloqunda reklam yerləşdirə bilər. Ümumi bloqda da reklam ola bilər – bu zaman gəlir bütün icma üzvləri arasında bölünəcək. Bilirsiniz ki, bloqçulara öz bloqlarından qazanc götürmək qadağan deyil. Düzdür, Azərbaycanda bu ənənə yayılmayıb, amma o da ola bilər”.

“Yazarların bloq kəndi”ndə jurnalistlərdən, publisistlərdən, yazıçılardan başqa kimsə “ev” sahibi ola bilməz. Ş.Çobanoğlunun sözlərinə görə, hər bir yazar öz bloqunda istədiyi siyasətçinin, sənətçinin, yaxud sadə oxucunun yazısını yayımlaya bilər: “Amma kənddə yalnız yazarların – biz yazarlar deyərkən bir qədər geniş sferanı nəzərdə tutmuşuq – ev-bloqları olacaq. Bir də bu, ancaq peşəkarların icması olacaq. Adətən bloqçular peşəkar yazarlar deyillər, onların səhvə yol verməyə belə haqları çatır. Ancaq “Yazarların bloq kəndi”ndə “ev sahibi” olmaq istəyənlər peşəkar yazarlar olacaqlar”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO