Azərbaycanlı jurnalistlər Ermənistanı beynəlxalq məhkəməyə verəcək

“Biz məsələnin üzərinə bir daha qayıdacağıq, çünki bu unudula bilməz”

Azərbaycan torpaqlarının işğalı nəticəsində məcburi köçkün düşmüş bir qrup azərbaycanlı jurnalist keçən ilin yanvar ayında Ermənistan dövlətini Avropa İnsan Haqları Məhkəməsinə vermək üçün təşəbbüs qaldırmışdılar. Amma həmin təşəbbüsün həyata keçirilməsi mümkün olmayıb. Həmin jurnalistlərdən biri, “musavat.com”un redaktoru Xalid Kazımlı Modern.az-a açıqlamasında bildirib ki, onlar o zaman belə bir təşəbbüslə çıxış etsələr də, sonradan işlərinin çoxluğu səbəbindən bu məsələ unudulub.

“O zaman ermənilərin atdığı hərəkətlərə adekvat olaraq belə bir kampaniyaya başladıq. Və bu işin aparılmasını Rəşid Hacılının rəhbərlik etdiyi Media Hüququ İnstitutuna həvalə etdik. Onlar bizdən bir arayış istədilər, yazıb verdik. Sonra elə bu məsələ eləcə də qaldı”.

X.Kazımlı bildirib ki, onların bu məsələni qaldırmaqda məqsədi Avropa ictimaiyyətinin diqqətini baş verənlərə və məcburi köçkün düşmş insanların məsələsinə yönəltmək idi.

“Amma şəxsi həyat, işlə bağlı problemlərdən o məsələ unuduldu və indi heç nə edilmir.

Bu təşəbbüsü qaldıran şəxslər hərəsi bir tərəfdə işləyir. Onlar bir yerdə işləsə, bu məsələlər mütəmadi müzakirə olunardı. Amma hər kəs bir tərəfdədir. Biz məsələnin üzərinə bir daha qayıdacağıq. Çünki bu unudulan bir məsələ deyil, ortada yurd-yuvasından, əmlakından olan nə qədər insan var”.

2012-ci ilin yanvar ayında bir qrup jurnalist – Xalid Kazımlı, Etibar Seyidağa, Seymur Verdizadə, Məhəbbət Orucov, Aynur Elgünəş, Sevil Hilalqızı, Samir Kazımlı Ermənistan dövlətinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan Qarabağ rayonlarını işğal etməsi nəticəsində onların mülkiyyət, yaşayış, təhsil və digər hüquqlarının zorakılıqla pozduğunu, maddi və mənəvi zərbəyə məruz qoyduğunu əsas göstərərək Avropa İnsan Haqları Məhkəməsinə rəsmi şikayət ünvanlayacaqlarını bəyan etmişdilər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO