Azərbaycanlı jurnalist JMK-nin Nyu-Yorkdakı baş ofisində olub

Nicat Dağlar Beynəlxalq Jurnalistlərin Müdafiə Komitəsinin nümayəndələri ilə Azərbaycanda mətbuatın durumundan danışıblar

“Ölkə” qəzetinin redaktoru, tanınmış jurnalist Nicat Dağlar Beynəlxalq Jurnalistlərin Müdafiə Komitəsinin Nyu-Yorkdakı baş ofisində olub. Həmkarımız nüfuzlu qurumun Avropa və Mərkəzi Asiya ölkələri üzrə koordinatorları ilə Azərbaycanda mətbuatın durumu barədə müzakirələr aparıb.

Nicat Dağlar Lent.az-a açıqlamasında bildirib ki, görüşdə Azərbaycan jurnalistlərinin yaxşı tanıdığı və bu yaxınlarda Bakıda səfərdə olan Nina Oqninova ilə media nümayəndələrinin vəziyyəti barədə ətraflı söhbət olub: “Xanım Oqninova 2006-cı ildə mənə qarşı törədilmiş cinayətlə bağlı aparılmış istintaqın nəticələri ilə maraqlandı. O həmçinin Qənimət Zahid və Eynulla Fətullayevin həbsdə olmasından narahat olduqlarını bildirdi. Söhbətlərdən belə aydın oldu ki, onlar ilk növbədə Müşfiq Hüseynovun xəstəliyi ilə əlaqədar həbsdən azad olunmasına çalışırlar”.

Nicat Dağlar Komitənin Avropa və Mərkəzi Asiya üzrə məsul şəxslərindən olan Müzəffər Suleymanovla da görüşüb. Həmkarımızın sözlərinə görə, Müzəffər Süleymanov da Qənimət Zahid və Eynulla Fətullayevin həbsdə qalmasından təəssüfləndiyini bildirib. Bununla belə, cənab Süleymanov jurnalistlərin tezliklə azadlığa buraxılacağına ümid etdiyini söyləyib.

Komitənin təmsilçiləri Azərbaycanda mətbuat sahəsindəki yeniliklərlə də maraqlanıblar. Nicat Dağlar deyir ki, komitənin nümayəndələri Azərbaycanda KİV-ə Dövlət Dəstəyi Fondunun yaradıldığını və artıq bir çox qəzetlərə qrantlar ayrıldığını ilk dəfə ondan eşidiblər: “Onlar hətta bir müddət əvvəl qəzetlərə 5 min manat yardım verilməsi barədə söylədiklərimi də sensasiya kimi qəbul etdilər. “Yeni Müsavat”la, “Azadlıq” qəzetinə yardım və qrant ayrılıb-ayrılmaması ilə maraqlandılar. Mənim cavabımdan sonra bunu müsbət hal kimi qiymətləndirdilər”.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO