Rusiya Prezidenti Dmitri Medvedev və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün gündəliyində duran əsas məsələlərdən biri iki ölkə arasında humanitar əlaqələrin müzakirəsidir.
AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, son iki ildə bu sahədə bir çox mühüm layihələr həyata keçirilmiş, o cümlədən Bakıda M.V.Lomonosov adına MDU-nun Bakı filialı, Rusiya İnformasiya Mədəniyyət Mərkəzi, Rus Kitabı Evi açılmış, Birinci Azərbaycan-Rusiya Forumu keçirilmişdir ki, bu tədbirə də tərəflər ədəbiyyat, elm, mədəniyyət xadimlərinin və KİV nümayəndələrinin daim ünsiyyətdə olduqları meydan statusu vermişlər.
İTAR-TASS-ın informasiyasında vurğulanır ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan rus dilinin istifadə dairəsi məhdudlaşdırılmayan və onun saxlanmasına dövlət səviyyəsində qayğı göstərilən azsaylı MDB ölkələrindən biri olmuşdur.