Azərbaycanda “reket” qəzetlərin sıraları genişlənir və bununla əlaqədar Mətbuat Şurasının “qara siyahısı” da tez-tez “zənginləşir”. Maraqlıdır, bizdə “reket” televiziyalar, yaxud radiolar varmı?
Çünki bəzən regionlardan hansısa TV əməkdaşının filan məmurdan rüşvət aldığına dair xəbərlər gəlir…
Modern.az saytının bu sualını Mili Televiziya və Radio Yayım Şurasının Hüquq və beynəlxalq əlaqələr departamentini baş məsləhətçisi Tohid Əliyev cavablandırıb.
O, qeyd edib ki, indiyədək onlara ayrı-ayrı vətəndaşların, eləcə də vəzifəli şəxslərin televiziya müxbirlərindən şikayət daxil olmayıb:
“Qanunla belə hallar zamanı hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Bilirsiniz, ancaq televiziya və radiolara lisenziyaları bizim təşkilat verdiyindən bizə də müraciət oluna bilər. Biz bunun hüquqi çözümünü həyata keçirə bilmərik. Sadəcə, hər hansı toplantı zamanı bu məsələni həmin TV rəhbərliyinin diqqətinə çatdıra bilərik. Ancaq onu deyə bilərəm ki, hələ bizə belə şikayətlər daxil olmayıb”.
Konkret olaraq hansısa TV əməkdaşının qanunsuz hərəkəti ilə bağlı süjetləri izləmədiyni deyən Tohid Əliyev onu da bildirib ki, televizya rəhbərləri hər zaman belə hallara qarşı olub: “Bəlkə də buna görədir ki, televiziyalarda belə hallar baş vermir. Hər şey rəhbərdən asılıdır. Bildiyim odur ki, televiziya rəhbərliyi işçi qəbul edən zaman bu məsələni xatırladır və bu kimi hallar baş verdiyi halda şəxsi işinə yazılmaqla həmin işçinin işdən kənarlaşdırılacağını bildirir”.
“Ola bilərmi ki, şantaj olunanlar televiziyalardan qorxduqlarından bu məsələni dilə gətirmirlər” sualına MTRŞ əməkdaşı “Burada hansısa qorxudan söhbət gedə bilməz. Sadəcə, bu sahədə məsləyə ciddi nəzarət var və rəhbərlik buna qarşıdır” cavabını verib.
Modern.az