Azərbaycanda milli internet mükafatına start verildi

Bu gün NETTY Azərbaycan Milli İnternet mükafatının Təşkilat komitəsi NETTY 2010-un başlanması haqqında elan edib.
Modern.az xəbər verir ki, cari ildə də bundan əvvəl olduğu kimi müsabiqə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilir.
Müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, 5 mart tarixindən başlayaraq 28 aprel tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan keçmiş, müsabiqənin qaydaları ilə razılaşan və Təşkilat Komitəsi tərəfindən bəyənilən www.netty.az-ın istifadəçisi ola bilər. 28 aprel tarixindən 7 may tarixinədək virtual jürinin səsverməsi keçiriləcək və bu səsvermə nəticəsində mükafatın nominantları elan ediləcək. Jürinin hər bir üzvü Mükafat boyunca bir səs hüququna malikdir və səsi qeydə alınması üçün hər bir nominasiyada səs verməyə borcludur. Cəmi cari ildə komitə tərəfindən 12 müsabiqə və 4 həvəsləndirici nominasiyalar təsis edilib. Hər nominasiyadan üç namizəd müəyyən edilir. Cari ildə müsabiqədə yeni əsas nominasiya yaranıb “Elektron Kommersiya sahəsində ən yaxşı layihə”. Tərəfdaşı Golden Pay ödəniş sistemi olan yeni nominasiyanın təsis edilməsi Azərbaycanın internet məkanında elektron kommersiyanın təşviqi və bu sahədə əldə olunan uğurların nümayiş etdirilməsidir.
Mayın 8-i virtual jürinin seçimi əsasında ölkənin informasiya texnologiyaları sahəsinin tanınmış şəxslərindən ibarət NETTY Akademiyasının səsverməsi başlayacaq. Namizədlərin ümumi sayından hər nominasiya üzrə bir qalibi seçməklə Akademiya qapalı səsvermə ilə NETTY 2010-nun finalçılarını müəyyən edəcək. Eyni zamanda Akademiya tərəfindən müsabiqədən kənar nominasiyalar üzrə qaliblərin də seçiləcəyi nəzərdə tutulur.
17 may tarixində təntənəli mükafatlandırma mərasimi keçiriləcək.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə cari ildə “Gənclərlə bağlı ən yaxşı sayt” həvəsləndirici mükafatı yaradılıb.
Əlavə nominasiyaların siyahısında “Ən faydalı sayt” nominasiyası da mövcuddur.
Final mərasimində “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” fəxri mükafatları təqdim ediləcək. Fəxri mükafatlar üzrə namizədlər öz namizədlərini özləri www.netty.az sayt vasitəsi ilə, yaxud təşkilat komitəsi və ya akademiya ilə irəli sürülə bilərlər.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Rüfət Gülməmmədov nazirliyin ölkədə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı məqsədini daşıyan tədbirlərin dəstəklənməsi istiqamətində həyata keçirdiyi strategiya barədə danışıb.
NETTY 2010 çərçivəsində daha çox Azərbaycan dilində fəaliyyət göstərən resursların olacağına ümid etdiyini bildirən R. Gülməmmədov milli kontentin inkişafı və daim artmasının vacibliyini qeyd edib.
Təşkilat komitəsinin nümayəndələri Azərbaycanın internet məkanının bütün iştirakçılarını NETTY 2010-da fəal iştirak etməyə çağırıb.
NETTY yarandığı andan bu günə kimi müsabiqədə təqribi 2000 milli resurs iştirak edib. Müsabiqə namizədlərinin sayı 250 saytdan çox olub, www.netty.az satının ziyarətçilərinin sayı yüz minlərlə olub. Bir çox saytlar məhz NETTY müsabiqəsi çərçivəsində özlərini tanıtdıra bilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO