“Azərbaycanda medianın azad fəaliyyət göstərməsi üçün şərait var”

Səməd Seyidov: “Son illər ərzində Azərbaycanda medianın, söz azadlığının inkişafına yönəlmiş xeyli addımlar atılıb”

Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən plenar iclasının ikinci hissəsində britaniyalı parlamentar Endrü Makintoşun hazırladığı “Media azadlığına hörmət” adlı 12102 nömrəli hesabat dinlənilib.

APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, bu mövzu ətrafında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov çıxış edib.

S. Seyidov bildirib ki, hesabatda Azərbaycanda jurnalistlərin fəaliyyəti ilə bağlı fikirlərin bir çoxu qeyri-obyektivdir: “Burda çıxış edən erməni həmkarım ancaq medianın vəziyyəti ilə bağlı Azərbaycandan misal gətirir. Bu isə onu göstərir ki, onlar hələ də öz ölkələrində baş verən hadisələri gizlətməyə çalışırlar, problemi başqa ölkələrdə axtarırlar. Bu sahə ilə bağlı təbii ki, problemlər var, lakin son illər ərzində Azərbaycanda medianın, söz azadlığının inkişafına yönəlmiş xeyli addımlar atılıb. Bu gün bizim ölkədə 3500-dən artıq qəzet, 30-dan çox agentlik, 44 elektron informasiya vasitəsi var”.

S. Seyidov Azərbaycanda 7 televiziya kanalının, çoxsaylı radioların fəaliyyət göstərdiyini də bildirib.

Nümayəndə heyətinin rəhbəri Mikloş Haraştinin çıxışında internetlə bağlı mövzuya toxunmasına əsaslanaraq, Azərbaycanda internet tariflərinin aşağı endirildiyini bildirib: “Bu isə daha çox insanın internet mediasından məlumat əldə etməsini asanlaşdırır. Azərbaycan bu sahənin inkişafı üçün ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla layihələr üzərində işləyir. Ölkədə KİV-in vəziyyətini yaxşılaşdırmaq üçün xüsusi fond yaradılıb və həmin fonda dövlət büdcəsindən 1,2 milyon avro vəsait ayrılıb. Bu da mətbuata olan diqqətin nəticəsidir”.

Azərbaycanda müxalifət mətbuatının olduğunu bildirən S. Seyidov Azərbaycanda medianın azad fəaliyyət göstərməsi üçün şərait olduğunu, jurnalistlərin azad şəkildə fikirlərini ifadə edə bildiklərini qeyd edib.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO