Milli Televiziya və Radio Şurası yeni telekanal hazırlıqlarına başlayıb. Bu barədə qurumun sədri Nuşirəvan Məhərrəmli məlumat verib. N. Məhərrəmlinin sözlərinə görə, yay aylarında tender elan olunması nəzərdə tutulur. O, Azərbaycanın efir məkanında ciddi narahatlıqlar olduğunu vurğulayıb: “Həm ictimaiyyət, həm ayrı-ayrı dövlət xadimləri, həm də sıravi tamaşaçılar gileylidir. Xüsusən televiziyalarda şou-biznes xarakterli səviyyəsiz verilişlərin çoxluğundan narazılıq var. Biz şura olaraq bu məsələlərə münasibət açıqlayırıq, amma televiziyaların yaradıcılıq işlərinə müdaxilə edə bilmirik. Teleradio Şurası hesab edir ki, Azərbaycan cəmiyyətinin bu sahədəki ehtiyacını ödəmək üçün yeni televiziya kanalına – mədəniyyət telekanalına ehtiyac var. Belə telekanalın 2010-cu ildə fəaliyyətə başlamasında israrlıyıq. Yəqin ki, yay aylarında müsabiqə elan edəcəyik. Yəni ikinci ixtisaslaşmış telekanalın açılması üçün hazırlıqlara başlanılıb”. Xatırladaq ki, mədəniyyət kanalı “İdman-Azərbaycan”dan sonra ikinci ixtisaslaşmış televiziya olacaq. Mədəniyyət kanalının yaradılmasında əsas məqsəd Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, ədəbiyyatının, tarixinin lazımi səviyyədə və keyfiyyətli şəkildə təbliğ olunmasıdır.