“Azərbaycanda dil problemi var” – Fazil Mustafa

“Azərbaycan siyasi elitasının daha çox istifadə etdiyi dil rus və ingilis dilidir”

“Azərbaycanda dilin problemi yoxdur” deyənlər yanılırlar, dilin problemin var”. Bunu millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın sözlərinə görə, rəsmi dövlət dili olan Azərbaycan dili-Azərbaycan türkcəsi zəngin deyil, ikincisi, onun işlənmə və yayılma arealı, dardır, məhdudddur, üçüncüsü, bu dil rəqabətə davamlı deyil. Bu baxımdan indiki dövrdə əsas məsələ Azərbaycan dilinin-türkcəsinin rəqabətə davamlılığını təmin etmək olmalıdır: “Əslində dili dövlət qorumur, bu, onun işi deyil, onu mənsub olduğu xalq özü qoruyur və qorumalıdır. Sadəcə, dövlətin bu məsələdə üzərinə düşən vəzifə onun dilin qloballaşan dünyamızda rəqabətə davamlılığını təmin etmək istiqamətində addımlar atması olmalıdır”. Millət vəkilinin dediyinə görə, bu gün bir məqam açıq etiraf edilməlidir ki, Azərbaycan siyasi elitasının daha çox istifadə etdiyi dil rus dili və eyni zamanda, son illər ingilis dilidir: “Elə bilirəm ki, bundan narahat olmaq və ya qorxmaq lazım deyil. Kim öz fikrini hansı dildə sərbəst ifadə edə bilirsə, ondan da istifadə etməlidir, o dildə də danışmalıdır. Burada nə problem var ki? Bu gün Azərbaycan türkcəsində böyük fəlsəfi əsər ortaya qoymaq mümkün deyil. Bunu ancaq rus dilində mükəmməl şəkildə etmək və reallaşdırmaq mümkündür. Yəni, Azərbaycan türkcəsinin qeyri-zəngin olması belə bir güclü və böyük fəlsəfi əsərin ortaya qoyulmasını mümkünsüz edir, yaxud, xeyli çətinləşdirir”. F. Mustafa bu yerdə vahid türk əlifbasının yaradılması istiqamətində əməli addımların atılmamasından da narazılığını ifadə edib: “Ötən əsrin 90-ci illərinin əvvəllərində Azərbaycanda latın qrafikalı əlifbaya keçildi. Ancaq çox təəssüflər olsun ki, o zaman bunun geniş mənada vahid türk əlifbasına çevrilməsi şansı, fürsəti əldən verilmiş oldu. Eyni zamanda, həmin vaxt digər türk cümhuriyyətləri də özlərinin bir-iki hərfini əlavə etməklə, bu məsələni bir növ perspektivsiz bir məsələyə döndərdilər. Ancaq elə bilirəm ki, latın qrafikası əsasında bütün türk dövlətlərinin vahid türk əlifbasına keçidi təmin edilməlidir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO