Azərbaycanda 6 jurnalist həbs olunub – Hesabat

Media Hüququ İnstitutu aprelin 19-da 2012-ci ilin yanvar-mart aylarında Azərbaycan mediasında baş verən önəmli hüquqi olayları əhatə edən aralıq hesabat açıqlayıb. Hesabatın təqdimat mərasimində çıxış edən MHİ-nin direktoru Rəşid Hacılı bildirib ki, aprel ayınadək 6 jurnalist həbs olunub, onlar 2011-сi ilin avqust ayından sonrakı dövrdə tutulublar.

“Hazırda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural”ın bölgə müxbiri Aydın Canıyev, dini məzmunlu islamazeri.org saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər” telekanalının Bakı reportyoru Anar Bayramlı, Qubadakı regional “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, “Xəyal” TV-nin baş redaktoru Zaur Quliyev həbsdədir. Bu jurnalistlərə qarşı irəli sürülən rəsmi ittihamların əksəriyyəti onların peşə fəaliyyəti ilə bağlı deyil”.
Daha sonra defamasiya haqqında qanunun qəbul olunmasının gecikdirilməsindən danışan MHİ sədri bildirib ki, hazırda cəmiyyət həm jurnalist peşəkarlığı, həm də ifadə azadlığı standartları baxımından jurnalist yazılarına ədalətli, düzgün qiymət vermək qabiliyyətində deyil.

MHİ-nin koordinatoru Xalid Ağaliyev aralıq hesabatı təqdim edib. O qeyd edib ki, hesabat aprelədək 6 jurnalist həbs olunublar, neçə gün öncə isə tanınmış jurnalist Fərəməz Novruzoğlu da detallı bilgi verilməyən ittihamlarla həbs edilib. Jurnalistlərə qarşı irəli sürülən ittihamların əksəriyyəti ciddi şübhələr doğurur. “Həbsdə olan jurnalistlərin vəkilləri və yaxınları bu ittihamların qurama olduğunu, həbslərin əsil səbəbinin tənqidçiləri susdurmaq olduğunu bildirirlər”-deyə hesabatda vurğulanır.
Sənədə görə, ötən 3 ayda media, jurnalistlərlə bağlı 15 iddia və şikayət məhkəmə icraatına qəbul edilib. Beş iş xüsusi ittiham qaydasında qaldırılıb, həmin işlərdə jurnalistlərin həbsui istənilir. 3 ayda mediadan istənilən kompensasiyanın ümumi məbləği 2 000 850 AZN-dən artıqdır. Məhkəmə qərarları ilə medianın üzərinə ən azı 58 000 AZN təzminat ödəmək vəzifəsi qoyulub. Xalid Ağaliyev bildirib ki, şikayət və iddiaların hamısı tənqidi mediaya qarşı yönəlib. Son 3 ayda media, jurnalistlər ən azı 30 dəfə fiziki, psixoloji basqılara, hədələməyə, texniki əngəllərə məruz qalıblar. Son 3 ayda media həm də ciddi çap problemləri ilə üzləşib.
Hesabatda vurğulanır ki, bilgi azadlığını tənzimləyən “İnformasiya əldə etmək haqqında” Qanunun işləməsində problemlər qalmaqda davam edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO