Azərbaycan xalqının tarixində 20 Yanvar faciəsi xüsusi amansızlığı ilə seçilir – hakim partiyanın icra katibi

Hakim partiyanın icra katibi hesab edir ki, Azərbaycan xalqının tarixində 20 Yanvar faciəsi xüsusi amansızlığı ilə seçilir.

“Həmin hadisə zamanı çoxlu insan qətlə yetirilib, həm də dövlət öz vətəndaşlarına amansızcasına divan tutub”, – Trend News-un məlumatına görə, çərşənbə axşamı 20 Yanvar faciəsinin 20 illiyi ilə bağlı keçirilən dəyirmi masada hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Trend News-un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Əhmədovun sözlərinə görə, bu faciəni dünya miqyasında təbliğ etməyə, bu hadisəyə lazımınca beynəlxalq qiymət verilməsinə nail ola bilməmişik. “Düşünürəm ki, 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsi təkcə bu faciənin qurbanlarına çevrilmiş insanların xatirəsini yad etmək mərasiminə çevrilməməlidir. Digər əhəmiyyətli məqam ondan ibarət olmalıdır ki, biz bu faciəni bütün təfərrüatları ilə bütün dünyaya çatdıra bilək”, – hakim partiya rəsmisi əlavə edib.

Onun fikrincə, artıq bu faciə tarixin yaddaşına çevrilib. “Biz çalışmalıyıq ki, bu faciə xalqımızın bütün nəsillərinin yaddaşında qanlı hadisə kimi qalsın. Bu, gələcək nəsillərimizin lazımi ibrət dərsləri götürməsi üçün vacibdir”, – Əhmədov vurğulayıb.

İcra katibi deyib ki, biz bəzən üzləşdiyimiz faciələr haqqında danışmağa çəkinirik, onun miqyasını azaltmağa çalışırıq. “20 Yanvar faciəsindən bir neçə gün əvvəl o zamankı SSRİ xüsusi xidmət orqanlarının ssenarisi ilə Bakıda törədilən təxribatlar nəticəsində təxminən 10 nəfər erməni əsilli paytaxt sakini qətlə yetirilib. İndi Ermənistanda aparılan təbliğat nəticəsində həmin ermənilərin sayını 400 nəfərə çatdırıblar. Ermənistanın bütün təhsil müəssisələrində bu şişirtmə faktlara söykənərək xüsusi dərslər keçirlər”, – hakim partiya funksioneri xatırladıb.

Millət vəkili qeyd edib ki, biz isə sanki böyük bir günaha batırıqmış kimi başımıza gələn faciələr nəticəsində qurban gedənlərin sayını olduğu qədər deməyə də utanırıq. “Hesab edirəm ki, 20 Yanvar faciəsi nəticəsində həlak olanların həqiqi sayını indi də bilmirik. O zaman itkin düşərək həlak olan insanların sayını biz yəqin ki, hələ də siyahıya daxil etməmişik. Ağır yaralanıb sonradan həyatını itirənlər də bu siyahıya daxil olmayıb. Beləliklə, biz həmişə faciəmizin miqyasını kiçiltməyə çalışmışıq. Amma göründüyü kimi, ermənilər on nəfərin sayını artıq 400-ə çatdırıblar”, – Əhmədov bildirib.

“20 Yanvar faciəsinin əsl səbəbkarı olan Mixail Qorbaçovun Nobel mükafatına layiq görülməsi çox təəssüfləndiricidir”, – tədbirdə çıxış edən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Onun fikrincə, həmin mükafatın geri alınması üçün Nobel komitəsinə müraciət etmək lazımdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO