Azərbaycan uşaq mətbuatının “Dəbistan “dan başlanan daşlı-kəsəkli yolu

( Yazı türkiyəli dostum Haldun Sezayirlioğlunun “Çocuk Səsi” Dərgisinin təsiri ilə yazılmışdır)

Azərbaycan uşaq ədəbiyyatının tarixi lap qədimlərə gedib çıxsa da, uşaq mətbuatının tarixi 1906-cı il aprel ayının 16-dan başlayır. Həmin gün Bakıda “Dəbistan” adlı uşaq dərgisinin ilk nömrəsi çap edilərək oxuculara ünvanlanmışdır.

Üç il ərzində(1906-1908) dərginin 27 nömrəsi çap edilmişdir. 1907-ci ildə “Dəbistan”ın 8 nömrəsi çıxmışdır.1908-ci ildə cəmi bir nömrəsi çıxan “Dəbistan” – 1907-ci il noyabrın 28-də Bakıda vəfat etmiş görkəmli təbiətşünas alim,1875-1877-ci illərdə “Əkinçi” adlı qəzetin redaktoru, “Dəbistan”ın fəal müxbiri Həsən bəy Zərdabinin xatirəsinə həsr edilmişdir.

“Dəbistan”ın naşir və redaktorları Azərbaycanın məktəb tarixində özünəməxsus yeri olan ibtidai sinif müəllimləri Əliisgəndər Cəfərzadə (1875-1941) və Məhəmmədhəsən Əfəndizadə (1886-1918) idi. Bir müddətdən sonra naşir və redaktorluq işini Ə.Cəfərzadə təkbaşına görmüşdür. “Dəbistan”ın ətrafına bir çox ziyalı adamların , məktəb müəllimlərinin toplanması bu mətbu orqanı aydınların tribunasına çevirmişdir.

H.Zərdabi,S.M.Qənizadə,S.S.Axundov, A.Səhhət, M.Hadi kimi görkəmli işıqlı fikir adamlarının “Dəbistan”dakkı çıxışları dərginin əhəmiyyətini xeyli artırmışdır.

M.Ə.Sabir ” Dəbistan”da çıxış etməsə də, onun nəşrinin dayandırılmasından narahatlığını “Molla Nəsrəddin” jurnalının 29 iyul 1907-ci il tarixli 28-ci nömrəsində dərc etdirdiyi “Əlminnətü-lillah ki,”Dəbistan” da qapandı”

şeirində – 7 beytlik qəzəlində özünəməxsus rümuzlarla belə bildirmişdir:

“Meydani-rəqabətdə bizim himmətimizdən

Dəva qapanıb Rüstəmi-dastan da qapandı!

*

Ətfali -vətən qoy bağırıb ölsün acından

Yandı analar sinəsi, püstan da qapandı!

*

Qoy köhnələrin daş ürəyi gül tək açılsın,

Darüzzəfəri-tazəpərəstan da qapandı!

*

Maraqlıdır ki, M.Ə.Sabir bu şeirin dərcindən təxminən bir ay yarım əvvəl – “Molla Nəsrəddin” jurnalının 8 iyun 1907-ci il tarixli 25-ci nömrəsində”Ədəbiyyat” başlığı altında 10 beytlik “…ölübə” rədifli qəzəlini çap etdirmişdir. Məzmun ,

nüktə və rümuzlarına görə bu şeirin də iyunun 4-dən sonra qapadılan “Dəbistan”a aid olmasını düşünmək olar.

Cəlil Məmmədquluzadənin jurnalın elə bu nömrəsində yerləşdirdiyi “Dəbistan” felyetonu da bu ehtimalı gücləndirir. “Dedim-Dedin” şəklində yazılmış bu felyetondan bir hissəni oxucuların diqqətinə çatdırırıq:

“Necədir,dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən?

Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun.Yadındadır, mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Qoy yadına salım:

Mən sənə dedim “dəli olma”. Sən dedin “yox, “Dəbistan”çıxardacağam”. Mən sənə dedim “başına soyuq dəyib”. Sən dedin, ” yox , çıxadacağam”. Mən sənə dedim ki, “görükür ki, çox puln var”. Sən dedin ki, “yox, çıxardacağam”.

Cəlil Məmməquluzadə redaktorun bu inadkarlığı xatıtlatmaqla, onun düzgün yolda olduğunu oxuculara Ezop manerası ilə başa salmaq istəyirdi. “Qızım, sənə deyirəm, gəlinim , eşit” deyimi burada əsl həqiqəti üzə çıxarır: “Dəbistan” maarif və elm fədailərinin qaranlıq yollarını işıqlandırır.

“Dəbistan” başlığı altında – onun iki həftədə bir dəfə nəşr olunan , millətin tərəqqi və təkamülünə xidmət edən müsəvvər (şəkilli-N.N )jurnal olduğu bəyan edilmişdir. Jurnalın idarəxanəsi Hacı Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki binasında yerləşirdi.

Jurnalın oxuculara ünvanlanan , ön söz sayıla bilən sütununda “göndərilən yazıların sadə türkcə olmaları təmənna olunur”.Bu xahiş və göstərişə “Dəbistan”ın , demək olar ki, bütün yazarları əməl etmişlər.

Jurnalın üz qabığında üç rəsm əsəri kollaj edilmişdir. Rəsmlərin ikisində rəsm müəllifilərinin adına işarə vardır. Adını hələ aça bilmədiyimiz P.M. və V.S kriptoqramları şəkillərdə ( burada ad və soyadlarının baş hərfi ) aydın görünür. Bu rəssamlardan birinin çəkdiyi şəkillərin birində məscidin önündən keçərək nəvəsini məktəbə aparan nurani bir qoca ilə qoltuğunda dəftəri olan nəvəni görürük.

İkinci şəkildə yeni məktəbə aid atributlar göstərilir. İki rəsmin ortasnda üfüqdən boylanan günəş və onun ərtafa saçdığı şüalar, bu şüaları örtməyə, qarşısını kəsməyə qüdrəti çatmayan buludların təəssürat yaratmağa xidmət edən gürüntüləri verilmişdir.

Jurnalın nömrələrindəki səhifələrin sayı fərqlidir.

Hər səhifə iki sütuna bölünmüş, hər sütunda 30 sətirlik material yerləşdirilmişdir.

“Dəbistan”ın hər nömrəsinin sonunda dərc olunan materiallarin içindəki çətin sözlərin lüğəti verilmişdir.Bu səhifənin müəllifi jurnalın redaktoru Əliisgəndər Cəfərzadə idi . O, imza kimi adını təşkil edən sözlərin baş hərflərindən istifadə edirdi.

“Dəbistan”ın hər ay 8 səhifəlik əlavəsi çıxırdı. Əlavələrdə ayrı-ayrı siniflər üzrə müəllimlərə metodiki göstərişlər verilir, dərs cədvəllərinin tərtibi qaydaları izah olunurdu. Bu cəhətdən “Dəbistan”ın əlavələrdən biri–15 sntyabr 1906-ci ilə aid “Valideynə məxsus vərəqə”si diqqəti cəlb edir.

“Əlavə”dəki materiallardan biri 1906-cil avqust ayının 15-dən ayın axırınadək davam edən “Müəllimlər ictimaisi”ndə

( Avqust müşavirələrində -N.N.) edadi ( orta məktəb-N.N.),rüşdiyyə (ibtidai məktəblə orta məktəb arasında olan məktəb ) və dörd illik məktəblər üçün tərtib olunan məramnamələrin çap variantıdır. Siniflər üzrə tərtiç olunmuş məramnamələr valideyn-məktəb münasibətlərinin əlaqələndirməsi baxımından maraqlı görünür.

Oxucuların diqqətini ” Türk dilinin məramnaməsi ” başlıqlı materiallara yönəldirik :

Birinci sinif

1) Dərsi-şifahiyyə

(yəni ağızdan deyilən dərslər) – bir aydan ay yarıma qədər

2)Əlifba təlimi- martın on beşinə qədər

3) Asan və müxtəsər hekayə və mənzumələr

Yazı dərsləri

1) əczayi-hüruf yazısı ( indiki anlamda – hərflərin hissələr üzrə yazılma qaydaları -N.N.)

2) hərflər,kəlmələr və mətləblər yazısı

3) şəkil çəkmək

4) imla dərsi ( sövt ilə səs, sədailə-N.N. )

5) kitab üzündən yazdırma

6) hüsnxətt

Müasir dövrün müəllimləri 106 illik bu metodiki məlumatlardan çöx bəhrələnə bilərlər. Bu cəhətdən 3-cü sinif üçün məsləhət görülən “Yazı dərsləri”ni nəzərdən keçirək.

Yazı dərsləri

1)hifzdən yazdırmaq (oxudulmuş mənzumələrdən)

2)imla dərsləri

3)oxudulmuş nəqlli hekayələrin məzmununu yazdırmaq(suallar vasitəsilə və yaxud sualsız )

4)müxtəlif məzmunlarda məktublar inşa etmək

5)məşq və şəkil dərsləri

“Dəbistan”ın reklam xarakterli elanları da bugünkü uşaq mətbuatı orqanları üçün nümunə ola bilər.Burada müxtəlif annotasiyalara , yeni nəşrlərin reklamlarına səxavətləyer ayrılmışdır. Bu materiallar məktəb tarixi, dərsliklər vəlüğətlər haqqındamaraqlı xəbərlərlə ilgilidir.

“Rəhbər” -jurnalının reklamına diqqət yetirin:

” Rəhbər”-

Qafqazın və tamam Rusiyanın məişətindən bilümum ( ümumən -N.N.)Rusiya müsəlmanlarının məişətindən bilxüsus ( xüsusilə-N.N.) ədəbiyyatından və üsuli-təlim və tərbiyədən bəhs edən aylıq türk jurnalıdır, həmin sentyabr ayının 20-dən etibarən çıxmağa başlayacaqdır. İl başınacan (1907-ci ilin ibtidasınacan ) abunə qiyməti bir manat 50 qəpikdir. Müştəri olmaq xahiş edənlər ” Dəbistan” jurnalının idarəsinə rücuh etsinlər.

Sahibi-imtiyazı və müdir –Mahmud bəy Mahmudbəyov”.

***

“Dəbistan”dakı digər bir elan hesab dərsliyi tarixini öyrənmək cəhətindən yadda saxlanılmalıdır.

***Mütəəllimlərə (elm öyrənənlərə-N.N) töhfə ****

Mübtədi şagirdlərə türk lisanında elmi-hesabdan bir töhfəcik. Biri beş şahı ( 25 qəpik ) pul əvəzinə, poçta markası qəbul olunur. Adres: Bakı, maqazin “Hİdayət”- Əliyev.

***

“Dəbistan” jurnalında klassik ədəbiyyatımızın öyrənilməsinə aid bir çox materialların işıqlandırılması bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını göstərir. Bu silsilə məqalələrin bir neçəsinin müəllifi Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda müəllim işləyən F.Köçərli idi. İmzası imzalar içində yavaş-yavaş tanınmağa başlayan M.Hadi də “Dəbistan”nı öz şeir və tərcümələri ilə rövnəqləndirirdi.

Jurnalda həyatının son illərini yaşayan Həsən bəy Zərdabinin təbiət mövzusunda yazdığı elmi-populyar yazılardan bu günün biologiya və zoologiya müəllimləri çəkinmədən istifadə edə bilərlər. “Tarixi-təbii” başlıqlı bu yazılarda məktəb yaşlı uşaqların dünyagörüşünün daha mükəmməl şəkildə formalaşdırılmasında istifadə etmək olar.

“Dəbistan” fars sözüdür.Mənası ibtidai məktəb, mədrəsə deməkdir. Bu məktəb mətbu söz vasitəsi ilə digər sahələrin, elm , sənət, mərifət, qanacaq öyrədən təhsil və tərbiyə ocaqlarının əsasını qoydu.

Bu bünövrənin ikinci mərtəbəsi – “Rəhbər” jurnalıdır.

Üçüncü mərtəbə özü bir məktəbdir – “Məktəb”dərgisi.

Bu mərtəbər-uşaq mətbuatımızin mərtəbələri haqqında sonrakı yazılarımızda məlumat verəcəyik.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO