Azərbaycan terminlərindən bəhs edən sayt istifadəyə verilib

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyası ilə birgə hazırlanmış Azərbaycan terminlərinə aid www.azterm.az portalı istifadəçilərin ixtiyarına verilib.
Modern.az xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib.

R.Əliquliyev Azərbaycanda təxminən 600-ə yaxın terminoloji lüğətin işlənilməsinə baxmayaraq, bu lüğətlərin hər bir kəs üçün əlyetərliyinin təmin edilməsi sahəsində mövcud olan problemlərə də toxunub: “Bu kitablar müxtəlif kitabxanalarla yanaşı şəxsi kitabxanalarda da saxlanıldığından, vətəndaşların onlardan istifadəsində məhdudiyyətlər yaranır”. Alim bu kimi amillərin portalda bütün mövcud terminoloji lüğətlərin yerləşdirilməsi ilə onun daha zəngin olması üçün qoyulan tələblərin yerinə yetirilməsində maneələr yaratdığını söyləyərək, hər bir Azərbaycan vətəndaşını bu işdə həmrəylik göstərməyə çağırıb.

R.Əliquliyev həmçinin mövcud terminlərin YUNESKO-nun nəzdində fəaliyyət göstərən Terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzinin (İnfoterm) və Beynəlxalq Standartlaşdırma Təşkilatının tələblərinə uyğunlaşdırılması, eləcə də Azərbaycan terminoloji reyestrinin, yəni informasiya bankının yaradılması məsələləri ilə bağlı işlərin aparıldığını da bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO