Azərbaycan teleradio şurası Medvedyevin dediyi qərardan xəbərsizdir

Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 3-də Bakı Dövlət Universitetində olarkən deyib ki, Rusiyada Azərbaycan telekanallarından birinin pulsuz fəaliyyət göstərməsi barədə qərar qəbul edilib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən “Media forum” saytına bildirildiyinə görə, Medvedyev qərarın Azərbaycanın tarixi, mədəniyyəti və dilinin Rusiyada təbliği baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Rusiyada Azərbaycan dilini də öyrənmək lazımdır. Xüsusən ona görə ki, Rusiyada çox böyük və güclü Azərbaycan diasporu var. Bununla məşğul olmaq lazımdır”.

“Media forum”a danışan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, onun bu barədə konkret məlumatı yoxdur. Eyni zamanda o qeyd edib ki, Rusiyada Azərbaycan telekanallarından birinin pulsuz yayımlanması barədə qərar kabel şəbəkəsi sahəsinə aid ola bilər, yəni böyük ehtimalla həmin kanalın kabel şəbəkəsi vasitəsilə yayımı təşkil oluna bilər: “Çünki dünyada heç kim tezliklərə vəsait ödəyib öz telekanalını yayımlamaqda maraqlı deyil. Əvvəllər Rusiya telekanalları Azərbaycanda yayımlanırdı və buna görə həmin kanallar Azərbaycana pul ödəyirdilər. Lakin indi Rusiya telekanalları kabel şəbəkəsi vasitəsilə Azərbaycanda yayımlanır və Azərbaycandakı kabel şəbəkələri həmin telekanallara pul ödəyirlər.

Azərbaycanda Rusiya telekanallarının kabel şəbəkəsi vasitəsilə yayımlanma şəraiti çox yüksəkdir. Bəzən 30-a yaxın Rusiya telekanalı kabel şəbəkəsi vasitəsilə Azərbaycanda sərbəst yayımlanır. Azərbaycan telekanalları üçün də belə bir şərait yaradılarsa, çox yaxşı olar”.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO