Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin “Euronews” telekanalına müsahibəsinin geniş versiyasının şərhi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Euronews» telekanalına müsahibə vermişdir. Azərbaycan Televiziyasının (AzTV) “Həftə” proqramı fevralın 7-də həmin müsahibənin geniş versiyasının şərhini yayımlamışdır.

Prezident İlham Əliyev «Euronews» kanalına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesə aydınlıq gətirmişdir. Prezident münaqişənin sülh yolu ilə həll edilməsinə böyük ümidlər olduğunu demişdir.

Prezident sülh danışıqlarının iki mühüm şərtdən asılı olduğunu bildirərək demişdir ki, bunlar:

– Ermənistanın beynəlxalq normaları əsas götürməsi;

– Ermənistan qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasıdır.

Prezident İlham Əliyev: Bu münaqişənin həlli ilə bağlı ümidlərimiz vardır. Çünki siz qeyd etdiyiniz kimi, uzun illər ərzində davam edən proses münaqişənin sülh yolu ilə həllinə aparmalıdır. Artıq iyirmi ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Ermənistan beynəlxalq hüququn təməl prinsiplərini pozmuşdur. Bildiyiniz kimi, BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilməyib. Hazırda, danışıqlar yekun mərhələdədir. Çünki danışıqların bütün dövrü ərzində müxtəlif variantların hamısı nəzərdən keçirilmiş və qəbul edilməmişdir. İndi isə, biz, necə deyərlər, nizamlanma üçün əsas ola biləcək Madrid prinsiplərini müzakirə edirik. Lakin əlbəttə ki, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistanın öz qoşunlarını çıxararaq, beynəlxalq hüquq normalarına riayət etmək istəyindən asılı olacaqdır. Bundan sonra isə, sülh bərqərar oluna bilər. Gec və ya tez bu münaqişə bitməlidir. Vətəndaşlarımız öz doğma yurdlarına qayıtmalıdırlar. Lakin biz buna gec yox, daha tez nail olmaq istəyirik, çünki insanlarımız artıq uzun illərdir ki, bunu gözləyir.

İbrahim Məmmədov (AzTV): Prezident vasitəçilərin təkliflərinin əsaslandığı əsas prinsipin Azərbaycanın ərazi bütövlüyü olduğunu demiş və başqa prinsiplər haqqında da danışmışdır. Bunlar:

– ərazi bütövlüyü;

– güc tətbiq etməmək;

– Xalqların öz müqəddəratını təyin etməsidir.

Prezident ərazi bütövlüyü ilə müqəddəratı təyinin bir-birinə zidd olmadığını demişdir.

Prezident İlham Əliyev: Mən 2010-cu ildə dünyanın aparıcı ölkələrinin təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişəni həll etmək istiqamətində fəaliyyətlərinə nikbin baxıram. Bu, nikbinliyə əsas verir. Eyni zamanda, qeyd etdiyim kimi, hazırda nəzərdən keçirdiyimiz təkliflər beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır. Onlar ölkələrin ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların özünü idarə etmə prinsiplərinə əsaslanır. Bu prinsiplər bir-biri ilə ziddiyyət təşkil etmir. Çünki özünü idarə etmə prinsipi ölkənin ərazi bütövlüyü çərçivəsində təmin edilə bilər. Bu baxımdan biz nikbinik. Lakin bu nikbinliyi real nəticələrə çevirmək üçün Ermənistan tərəfi realizm və konstruktivlik nümayiş etdirməli, uzun illər Azərbaycan torpaqlarını qeyri-qanuni işğal etmiş qoşunlarını ərazilərimizdən çıxarmalıdır.

İbrahim Məmmədov (AzTV): Prezident İlham Əliyev aparıcının Ermənistanın işğal olunmuş torpaqları qaytarmağa hazır olması haqda sualını cavablandırmayıb.

Sual -«Euronews»: Bəzi məlumatlar var ki, Ermənistan işğal olunmuş torpaqları qaytarmağa hazırlaşır. Görünür, Siz və prezident Sarkisyan ümumilikdə bu məsələdə razılığa gəlmisiniz. Siz bunu təsdiqləyə bilərsinizmi?

Prezident İlham Əliyev: Danışıqlarımızın prinsiplərindən biri də ondan ibarətdir ki, hər bir şey razılaşdırılmayana qədər, heç nə razılaşdırılmamış hesab olunacaqdır. Buna görə, hesab edirəm ki, danışıqlar prosesi başa çatmamış, bəzi razılaşdırılmış hesab edilə bilən elementləri açıqlamaq tez olardı.

İbrahim Məmmədov (AzTV): Ancaq bununla belə Prezident vasitəçilərin nizamlama üçün etdikləri təkliflərin əsas prinsiplərini açıqlayıb:

– Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir;

– Ermənistan qoşunları işğal olunmuş ərazilərdən, o cümlədən Dağlıq Qarabağın hüdudlarından kənarda olan ərazilərdən çıxarılır;

– azərbaycanlı məcburi köçkünlər həmin torpaqlara qayıdır;

– Dağlıq Qarabağın hər iki icması üçün sülhə zəmanət verilir;

– bütün kommunikasiyalar açılır.

Prezident İlham Əliyev: Deyə bilərəm ki, vasitəçilərin verdiyi təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan bütün işğal edilmiş torpaqlardan Ermənistan qoşunlarının çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması, bütün kommunikasiyaların açılması, Dağlıq Qarabağın hər iki icması – erməni və Azərbaycan icmaları üçün sülh zəmanəti prinsipinə əsaslanır.

İbrahim Məmmədov (AzTV): Bu prinsiplər hazırda masa üzərində olan təkliflərin əsasını təşkil edir. Prezident nizamlamanın ən mühüm məqamlarından olan dəhliz məsələsinə də aydınlıq gətirib və Azərbaycanın mövqeyini ifadə edib.

Prezident İlham Əliyev: Biz bütün kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təkcə Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin deyil, eləcə də Azərbaycanı ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək dəhlizin də açılmasının tərəfdarıyıq. Burada, həmçinin iki ölkə arasında olan sərhədlərin digər yerlərində də kommunikasiyaların açılması nəzərdə tutulur. Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhlizə gəldikdə, əgər siz xəritəyə nəzər yetirsəniz görərsiniz ki, Dağlıq Qarabağın Ermənistanla heç bir sərhədi və ya quru əlaqəsi yoxdur. Buna görə, sülh razılaşmasının bir hissəsi kimi, dinc şəraitdə dəhlizin təmin edilməsi Azərbaycanın getdiyi böyük güzəştlərdən biridir. Lakin biz hesab edirik ki, gələcəkdə bu dəhliz təkcə bu gün Dağlıq Qarabağda və ya Ermənistanda yaşayan insanlar tərəfindən deyil, eləcə də hamımız tərəfindən istifadə oluna bilər. Biz bu əlaqəni Ermənistan və Azərbaycanın müxtəlif bölgələri arasında birbaşa keçid kimi də istifadə edə bilərik. Əgər nə vaxtsa sülh razılaşmasına gəlsək, əminəm ki, biz tezliklə təmasları qura bilərik, bütün kommunikasiyaları açarıq və regionda sülh bərqərar oluna bilər. Lakin buna nail olmaq üçün əsas şərt Ermənistan qoşunlarının işğal olunmuş torpaqlarımızdan çıxmasıdır.

İbrahim Məmmədov (AzTV): Bununla da Laçın dəhlizinin məntiqi davamı kimi dəhlizin Naxçıvana qədər uzanması və dəhlizin hamının maraqlarına xidmət etməsi fikri gündəlikdədir. Dağlıq Qarabağın yekun statusuna gəldikdə isə Prezident iki mühüm məsələyə toxunub və Azərbaycanın prinsipial mövqeyini səsləndirib:

– birincisi, Dağlıq Qarabağ müstəqil ola bilməz;

– və ikincisi, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına aparıb çıxara biləcək mexanizm və prosedurlar yaradıla bilməz.

Bu ikinci məqam indi ən mühüm prinsip kimi müzakirə edilməkdədir. Ona görə ki, birinci məqam, yəni hazırda Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının artıq mümkünsüz olduğunu hamı birmənalı olaraq anlayıb. Əsas məsələ Ermənistanın Qarabağın gələcək üçün perspektivlərinin hüquqi əsaslarının yaradılmasından gedir.

Prezident İlham Əliyev: Erməni xalqının öz müqəddəratını təyin etmə məsələsinə gəldikdə, deyə bilərəm ki, ermənilər öz müqəddəratını artıq təyin ediblər. Onlar Ermənistan dövlətinə malikdirlər. Təxminən iki yüz il bundan əvvəl regionun müxtəlif yerlərindən ermənilərin Dağlıq Qarabağa köçürülməsi faktı o demək deyil ki, onlar Azərbaycanın tarixi ərazilərində ikinci erməni dövlətini yarada bilər. Əgər biz bu məntiqlə getsək, belə çıxır ki, dünyada 10 və ya ondan da artıq erməni dövləti yarana bilər. Çünki ermənilər dünyanın müxtəlif yerlərində yaşayırlar. Buna görə, ikinci erməni dövlətinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tarixi ərazilərində yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə və ya onun Azərbaycanın tərkibindən çıxmasına apara biləcək hər hansı mexanizm və ya prosedurla heç vaxt razılaşmayacaqdır. Bu, müzakirə mövzusu deyildir.

İbrahim Məmmədov (AzTV): Göründüyü kimi Prezident status məsələsində müstəqilliyin müzakirə mövzusu kimi ortaya çıxacağını belə istisna edir və Avropadakı muxtariyyət variantlarına, yəni vahid dövlətlərin tərkibində muxtariyyət variantlarına üstünlük verməyin mümkünlüyünü deyib. Siyasi və mədəni azadlıqların ən yaxşı nümunələri Avropa təcrübəsi sayılırsa, Azərbaycan da Avropa təcrübəsini təklif edir.

Prezident İlham Əliyev: Fikrimcə, torpaqlarımızın azad edilməsindən sonra kommunikasiyaların açılması və təmasların qurulması ermənilər ilə azərbaycanlılar arasında daha çox anlaşmaya aparacaqdır. Biz qonşuyuq. Barışıq baş verərsə, onda hər şey normallaşar. Avropada yaxşı muxtariyyət təcrübəsini görürük. Vahid dövlətlərin tərkibində muxtariyyət variantları vardır. Hesab edirəm ki, bu, münasib həll yolu olmalıdır.

İbrahim Məmmədov (AzTV): İşğal olunmuş ərazilərin hərbi yolla azad edilməsi perspektivi haqda aparıcının sualına cavabında isə Prezident İlham Əliyev bu məsələyə daxili və beynəlxalq hüquqi aspektdən yanaşıb. Belə ki, Azərbaycanın öz ərazisini azad etməsi Azərbaycanın daxili işidir və beynəlxalq münaqişə kimi sayıla bilməz. Ona görə ki, əgər hərbi yol məcburiyyəti ortaya çıxarsa Azərbaycan məhz öz ərazilərində azadetmə əməliyyatı keçirəcəkdir. Azərbaycanın öz daxilində qayda-qanunu, konstitusion normaları bərpa etməsi haqda hüququ ona Azərbaycanın Konstitusiyası ilə yanaşı, həm də BMT-nin nizamnaməsi verir. Bununla da Prezident İlham Əliyev Azərbaycanın öz ərazilərini işğaldan azad etməyin mümkün hərb yolu ilə bağlı hüquqi aspektləri istər daxili, istərsə də beynəlxalq hüquq aspektindən ifadə edib.

Eyni zamanda, Prezident vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır. Amma, eyni zamanda, dözümün də bir hüdudu vardır.

Prezident İlham Əliyev: Heç kəs bu regionda müharibə istəmir. Danışıqlar prosesində olmağımız və konstruktiv yanaşmamız, o cümlədən danışıqlar prosesinin yekun mərhələsində Minsk qrupu həmsədrlərinin apardığı fəaliyyətə dəstək verməyimiz faktı niyyətlərimizi nümayiş etdirir. Eyni zamanda, qeyd etdiyim kimi, müharibə hələ bitməyib. Bu gün, biz münaqişənin sülh yolu ilə həlli barədə danışıqları çox eşidirik. Artıq qeyd etdiyim kimi, biz bunun tərəfdarıyıq. Lakin, eyni zamanda, yaddan çıxarmalı deyilik ki, Ermənistan ərazilərimizi güc yolu ilə işğal edib. Azərbaycanın isə, dünyanın istənilən ölkəsi kimi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq, özünü müdafiə etmək üçün bütün vasitələrdən qanuni istifadə etmək hüququ vardır. Bu, özünü müdafiə etmək, öz torpaqlarını işğaldan azad etmək hüququdur.

Bizim hər hansı digər ölkəyə heç bir ərazi iddiamız yoxdur. Lakin Azərbaycanın işğal olunmuş əraziləri və Dağlıq Qarabağın özü bizim beynəlxalq səviyyədə tanınmış torpaqlarımızdır. Əgər orada hər hansı hadisə baş verərsə, bu, beynəlxalq münaqişə kimi deyil, Azərbaycanın daxili işi hesab edilməlidir.

İbrahim Məmmədov (AzTV): Prezident sürətlə silahlanma ilə bağlı suala aydınlıq gətirərkən Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə tarazlığın Azərbaycanın xeyrinə pozulduğunu deyib.

Prezident İlham Əliyev: Biz ölkəmizi müasirləşdiririk. Söhbət təkcə hərbi xərclərdən getmir. Biz təhsil, səhiyyə, infrastruktur sahələrinə də xeyli vəsait ayırırıq. Son beş il ərzində Azərbaycan öz dövlət xərclərini 12 dəfədən çox artırmışdır. Hərbi xərclər isə, bütün digər sahələrdə olan xərclərə müvafiq olaraq artır. Əgər siz bizim ümumi daxili məhsul daxilində hərbi xərclərin faiz nisbətinə baxsanız, görərsiniz ki, onlar Ermənistanla müqayisədə daha azdır. Buna görə, Azərbaycanın guya silahlanma yarışına rəvac verməsi barədə səslənən ittihamlar həqiqətə uyğun deyildir. Bu gün iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən on dəfə böyükdür. Buna görə, bizim istədiyimiz qədər vəsait xərcləməyə imkanımız vardır. Ermənistanın isə, yalnız digər ölkələrdən nə qədər yardım almaq imkanı varsa, bir o qədər vəsait xərcləmək imkanı vardır. Bu, reallıqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında güc tarazlığı artıq mövcud deyildir.

Sual-«Euronews»: Hərbi nöqteyi-nəzərdənmi?

Prezident İlham Əliyev: Bu, istənilən sahədə belədir. Əgər iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən on dəfə artıqdırsa və büdcə xərclərimiz təxminən səkkiz dəfə çoxdursa, təbii ki, ordumuz da daha güclüdür və hərbi məqsədlərimiz və müdafiə infrastrukturu üçün çəkilən xərclərimizin həcmi də böyükdür. Bu, təbiidir. Bir daha demək istəyirəm, bu, o demək deyil ki, biz vəsaitləri yalnız hərbi məqsədlər üçün xərcləyirik. Biz bütün digər sahələrə də vəsaitlər ayırırıq.

İbrahim Məmmədov (AzTV): Türkiyə ilə Ermənistan münasibətlərinin qurulmasına gəldikdə isə Prezident bu prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə paralelliyinin daha çox səmərə verə biləcəyini, artıq verməyə başladığını və məhz bu prosesin paralelliyi əsasında danışıqların yekun mərhələyə qədəm qoyduğunu deyib.

Prezident İlham Əliyev: Biz bütün region ölkələri arasında müsbət münasibətlərin olmasının tərəfdarıyıq, çünki bu, regionda daha yaxşı mühit və ab-hava yarada bilər. Lakin, əvvəlcə qeyd etdiyim kimi, biz yaddan çıxarmalı deyilik ki, regionda ən böyük problem Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalıdır. Buna görə, fikrimizcə, Türkiyənin Prezidenti və Baş naziri, eləcə də digər rəsmilərin verdiyi bəyanatlardan irəli gələrək, bu ölkənin məsələ ilə bağlı mövqeyi çox aydındır.

Bu proseslər paralel şəkildə həll olunmalıdır. Onlar bir-birini tamamlamalıdır. Bu proseslər paralel şəkildə getməli və eyni vaxtda həll olunmalıdır. Bu halda regionda hərtərəfli sülh bərqərar ola bilər. Əgər bu paralelliyə əməl olunmasa, bu, gözlənilməz nəticələr verə bilər. Bir halda ki, bu sualı verdiniz, bir şərhi də əlavə edim. Hesab edirəm ki, dünyada heç bir ölkə iki suveren ölkə arasındakı münasibətlərə müdaxilə etməli deyildir. Biz heç vaxt bu prosesə müdaxilə etməmişik, baxmayaraq ki, məsələ ilə bağlı öz mövqeyimiz vardır. Bu, məlum olan mövqedir və biz bunu gizlətmirik. Lakin, zənnimcə, əgər bu proseslərə kənardan müdaxilə edilməsə və ya təzyiq göstərməyə cəhdlər edilməsə, daha yaxşı olar. İki ölkə arasında olan münasibətlər elə iki ölkə arasında olan münasibətlər kimi də qalmalıdır. Nə etmək, necə etmək və nə vaxt etmək qərarını Türkiyə ilə Ermənistan özləri verməlidirlər.

Sual – «Euronews»: Lakin Sizin Xarici İşlər Nazirliyi bu yaxınlarda bildirmişdir ki, mən sitat gətirirəm, “Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması regionda gərginliyə səbəb ola bilər və Azərbaycanın maraqlarına ziddir”. Siz bu mövqedə durursunuzmu?

Prezident İlham Əliyev: Bəli, çünki aydındır ki, əgər Dağlıq Qarabağ məsələsinin həllində hər hansı gözəçarpan, praktiki irəliləyişdən asılı olmayaraq, bu baş verərsə, yalnız Dağlıq Qarabağla bağlı sülh prosesində durğunluğun yaranmasına gətirib çıxaracaqdır. Fikrimizcə, beynəlxalq hüquq normalarına riayət edərək, Ermənistanı öz qoşunlarını çıxarmağa vadar etməyin əsas yollarından biri onun təcrid edilməsidir. Ermənistanın nə Azərbaycan, nə Türkiyə ilə açıq sərhədləri vardır. Eyni zamanda, Ermənistanda böyük iqtisadi problemlər yaşanır. Ötən il onların iqtisadiyyatı təxminən iyirmi faiz azalmışdır. Sərhədlərin açılması bu ölkənin iqtisadiyyatına təkan verəcəkdir. Biz narahatıq ki, əgər bu, Dağlıq Qarabağ probleminin həllində hər hansı irəliləyişdən asılı olmayaraq, baş verərsə, həmin sahədə sülh perspektivləri çox zəif olacaqdır. Sonra nə olacaq? Əgər biz görsək ki, sülh perspektivləri tükənib, onda hansı variantlar qalacaq? Oturub, növbəti on beş ili gözləməliyik və ya öz ərazi bütövlüyümüzü bərpa etmək üçün imkanlarımızdan istifadə etməliyik. Buna görə də, barışıq prosesinə kənardan kömək etməyə çalışan və hətta nə Türkiyə, nə də ki, Ermənistanla ümumi sərhədə malik olmayan ölkələrdə ola bilsin regionun tarixi və bu gün baş verən hadisələr haqqında kifayət qədər məlumat yoxdur. Yaxşı olardı ki, bu hadisənin mümkün ola biləcək mənfi nəticələri qiymətləndirilsin. Bizim fikrimizcə, bu, regionda əlavə çətinliklər yaradacaqdır. Buna görə, hesab edirəm ki, indi bəlkə də nadir fürsət yaranıb: bir tərəfdən, Türkiyə-Ermənistan prosesi gedir, digər tərəfdən isə, biz Ermənistan ilə Azərbaycan arasında danışıqların yekun mərhələsinə çatmışıq. Bu iki prosesin gücünü birləşdirmək lazımdır ki, regionun heç bir ölkəsi özünü təklənmiş və onun milli maraqlarına məhəl qoyulmadığını hiss etməsin.

İbrahim Məmmədov (AzTV): Prezident aparıcının yekun mərhələ haqda sualını da cavablandırıb. Söhbət vaxt baxımından deyil, müzakirə edilən təkliflərin mahiyyəti etibarilə yekun mərhələdən gedir.

Prezident İlham Əliyev: Yekun mərhələ dedikdə, mən vaxt çərçivəsini deyil, mahiyyəti nəzərdə tuturam, çünki on altı il ərzində və hətta ondan da çox müddət ərzində bir çox variantlar müzakirə edilib. Bir çox variantlar irəli sürülüb və qəbul edilməyib. Bəzən, Ermənistanda baş vermiş faciəli terror aktları bizi həll yolunu tapmaq imkanından məhrum etdi. 1999-cu ildə Ermənistanın bəzi liderlərinə qarşı terror aktları törədildi və bu hadisə danışıqlar prosesinin dondurulmasına gətirib çıxardı. Yekun mərhələ haqqında danışdıqda, mən məhz onu nəzərdə tuturam. Yəni, bütün variantlar artıq qiymətləndirilib.

Əgər sülh prosesinin indiki mərhələsi uğursuz olarsa, onda biz heç nə haqqında danışa bilməyəcəyik. Bu, müzakirə etdiyimiz məsələlər baxımından sonuncu şansdır. Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan və tərəflərin hazırda müzakirə etdiyi həll variantı yeganə mümkün həll yoludur. Əgər bu, bir nəticə verməsə, onda belə çıxır ki, danışıqlar uğursuzluğa uğrayacaqdır. Yekun mərhələ dedikdə məhz bunlar nəzərdə tutulur. Mən yekun mərhələni vaxt çərçivəsi baxımından da görmək istərdim. Hesab edirəm ki, 2010-cu il həlledici il ola bilər və Azərbaycan məsələni sülh yolu ilə həll etməkdə öz səylərini artırmağa hazırdır.

İbrahim Məmmədov (AzTV): «Euronews» telekanalının aparıcısı Prezident İlham Əliyevin enerji sahəsindəki siyasətini Qərb yönümlü və mürəkkəb mühitdə aparılan siyasət kimi xarakterizə edərək belə mühitdə işləməyin yolları haqda soruşub. Prezident enerji siyasətinin iqtisadi əsaslarla qurulduğunu və bunun siyasiləşdirilmədiyini əsas prinsiplər kimi qeyd edib.

Prezident İlham Əliyev: Bizim enerji strategiyamız kimisə kənarda qoymaq prinsipinə əsaslanmır. Ölkəmizin açıq dənizlərə və dünyanın neft bazarlarına birbaşa çıxışı yoxdur. Buna görə, bizə boru kəmərləri lazım idi. Boru kəmərlərinin çəkilməsi üçün tranzit ölkələrə ehtiyac duyurduq. Biz neft təchizatı yollarını şaxələndirmək istəyirdik. Əslində, biz on beş il öncə bu işlərə neft hasilatı ilə başladıq və buna nail olduq. Hazırda neftimizi müxtəlif istiqamətdə nəql edən üç boru kəmərimiz vardır. Onlardan ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Biz heç bir tranzit ölkədən asılı deyilik. Bu, ən mühüm məsələdir. Tranzit ölkələrdən asılılıq heç də təchizatçı ölkələrdən asılılıqdan az əhəmiyyətli məsələ deyildir. Eyni üsulu biz qaz yataqlarının işlənilməsi layihələrində də tətbiq etdik. Hazırda fəaliyyət göstərən boru kəmərləri qazımızı dörd ölkəyə çatdırır. Biz qazı Türkiyə, Gürcüstan, Rusiya və İrana nəql edirik. Beləliklə, neft və qaz təchizatı tam şəkildə şaxələndirilib. Biz yalnız bir marşrutdan asılı deyilik.

Hazırda hasilat və ixrac həcmi bizi qane edir. Əlbəttə ki, biz gələcəkdə hasilatın həcmini artırmağı planlaşdırırıq. Bilirik ki, Avropada alternativ qaz mənbələrinə artan tələbat vardır. Hazırda Avropada müzakirə olunan və Nabukko, TGI, TAP kimi bir neçə layihələri və digərlərini əhatə edən «Cənub dəhlizi» adlandırılan layihə burada son dövrdə əldə etdiyimiz nailiyyətlərə əsaslanır.

İbrahim Məmmədov (AzTV): Nəhayət, Prezident «Cənub dəhlizi»nin yalnız Azərbaycanın imkanlarına əsaslandığını, Azərbaycanın məlum olan qaz ehtiyatlarının 2 trilyon, potensialının 5 trilyon kubmetrə yaxın olduğunu deyib. Bununla da dolayısı ilə Avropanın Azərbaycana ehtiyacının miqyasını və müddətini diqqətə çatdırıb.

Prezident İlham Əliyev: «Cənub dəhlizi» bizim səylərimizə əsaslanır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə hazırıq.

Qazın təchizatı ilə bağlı uzunmüddətli sazişlərin bağlanılması məqsədi ilə müxtəlif ölkələrlə danışıqlar aparırıq. Bütün variantlar mümkündür. Əlbəttə, hasilatçı kimi biz ədalətli qiymətdə, ədalətli tranzit haqlarında maraqlıyıq ki, təbii sərvətlərimizdən maksimum iqtisadi faydanı götürə bilək. Ehtiyatlara gəldikdə, Azərbaycanda təsdiq olunmuş təbii qaz ehtiyatlarının minimal həcmi 2 trilyon kubmetrdir. Amma hesablamalara görə bu rəqəm hətta 5 trilyon kubmetr ola bilər. Bu həcm əsas istehlakçıları ən azı yüz il qazla təchiz etmək üçün kifayətdir.

İbrahim Məmmədov (AzTV): Prezident İlham Əliyev enerji resursları uğrunda mübarizə və rəqabət aparan tərəflərlə münasibətləri siyasiləşdirmədən sırf iqtisadi-kommersiya prinsipləri əsasında əməkdaşlığa, heç kimdən asılı olmamaq strategiyasına üstünlük verməyin enerji siyasətini uğurla yürütməyə imkan verdiyini deyib.

Prezident İlham Əliyev: Bilirsiniz, digər ölkələr arasında olan münasibətlər barədə şərh vermək istəməzdim. Öncə qeyd etdiyim kimi, enerji siyasətimiz lap əvvəlcədən siyasiləşdirilməmişdir. Bu həqiqətdir ki, beynəlxalq mətbuatda bu məsələ xüsusilə indi lazım olduğundan bir qədər artıq siyasiləşdirilir. Eyni zamanda, aydındır ki, enerjidən, xüsusilə böyük enerji resurslarına və bu resursları nəql etmək üçün artıq lazım olandan daha çox infrastruktur imkanına sahib olan və daşınma, tranzit və digər məsələlərdə Asiya və Avropa arasında körpü rolunu oynaya biləcək ən yaxşı mümkün mövqelərdən birində olan ölkədən söhbət gedəndə siyasi məsləhətləşmələr, müzakirələr və bəzən də rəqabət qaçılmazdır. Buna görə də, biz regionda daha çox əməkdaşlıq görmək istəyirik və ölkəmizin təbii ehtiyatlarımızdan faydalanmaq istəyənlər arasında rəqabət meydanına çevrilməsini istəmirik. Biz istəyirik ki, təbii ehtiyatlarımızdan ilk növbədə xalqımız bəhrələnsin. Daha sonra, enerji strategiyamızı elə qurmaq istəyirik ki, biz heç bir marşrutdan, heç bir qonşudan və heç bir istehlakçıdan asılı olmayaq. Eyni zamanda, bu resurslardan istifadə edərək, daha çox etimad və əməkdaşlıq yaratmaq istəyirik. Hesab edirəm ki, regionda marağı olan tərəflər arasında daha çox əməkdaşlıq olmalıdır. Azərbaycan əməli addımları ilə öz maraqlarını tam müdafiə etməyin, hətta bəzən başqalarının bunun əleyhinə olmasına baxmayaraq, boru kəmərlərini istədiyimiz istiqamətdə çəkməyin və eyni zamanda, bütün qonşularla və dostlarla yaxşı əlaqələr saxlamağın mümkün olduğunu sübut etmişdir.

İbrahim Məmmədov (AzTV): Prezident İlham Əliyev aparıcının Azərbaycanda demokratiyanın perspektivləri ilə bağlı sualını cavablandırarkən bu istiqamətdə mühüm bir məsələyə – Azərbaycanda real vəziyyətə və bəzi beynəlxalq KİV-lərin və insan haqları ilə məşğul olduqlarını elan etmiş QHT-lərin təqdimatlarına ayrlıqda baxmağı və təhlil etməyi məsləhət görüb. Ona görə ki, real vəziyyətlə adı çəkilən qurumların məlumatları bir-birindən fərqlənir. Bu fərqlənmənin siyasi səbəbləri vardır.

Prezident demokratiya şüarı ilə Azərbaycana siyasi məqsədlərlə təzyiq etməyin səmərsiz olduğunu bəyan etmişdir:

«Azərbaycanın əhəmiyyəti artdıqca dünyanın müxtəlif yerlərindən Azərbaycana təsiretmə cəhdləri də artır. Ancaq sizə deyə bilərəm ki, əgər biz müstəqil siyasətimizi müstəqilliyimizin ağır illərində qoruya bildiksə, bu gün istənilən tərəfin dırnaqarası demokratiya amilindən istifadə edərək, Azərbaycanın mövqeyini zəiflətmək və heç vaxt razı olmayacağımız məsələlərə bizi razı salmaq məqsədi daşıyan hər hansı cəhdlərinə müqavimət göstərmək bizim üçün daha asandır».

Prezident İlham Əliyev: Biz müstəqil siyasət həyata keçiririk. Ola bilsin ki, bu, kiminsə xoşuna gəlmir. Burada, Azərbaycanda Azərbaycan xalqının istədiyini edirik. Biz başqa ölkələrin yox, öz ölkəmizin milli maraqlarını qoruyuruq. Buna görə də, bəzən beynəlxalq mətbuatda və bəzi dırnaqarası beynəlxalq insan hüquqları qruplarının hesabatlarında biz çox əsassız və qərəzli tənqidlərə məruz qalırıq. Həmin insan hüquqları qrupları öz hesabatlarında bizim qonşuluqda vətəndaş hüquqları və demokratiya ilə bağlı baş verən böyük pozuntuları görmürlər. Sanki heç nə baş vermir. Ancaq Azərbaycanda kiçik bir hadisə baş verən kimi bu, şişirdilir və dərhal biz tənqid olunuruq.

Biz bunu ölkəmizə təsir göstərmək siyasəti kimi qəbul edirik. Başa düşürük ki, Azərbaycanın əhəmiyyəti artdıqca dünyanın müxtəlif yerlərindən Azərbaycana təsiretmə cəhdləri də artır. Ancaq sizə deyə bilərəm ki, əgər biz müstəqil siyasətimizi müstəqilliyimizin ağır illərində qoruya bildiksə, bu gün istənilən tərəfin dırnaqarası demokratiya amilindən istifadə edərək, Azərbaycanın mövqeyini zəiflətmək və heç vaxt razı olmayacağımız məsələlərə bizi razı salmaq məqsədi daşıyan hər hansı cəhdlərinə müqavimət göstərmək bizim üçün daha asandır. Biz Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik, suveren, müstəqil dövlət qururuq və kimin nə deməsindən asılı olmayaraq bu siyasəti davam etdirəcəyik.

İbrahim Məmmədov (AzTV): Prezident müxalifətin zəif olmasını ölkədəki sosial-iqtisadi vəziyyətlə izah edib. Belə ki, sosial rifahın yüksəlməsi müxalif fikrin daşıyıcılarını, elektoratını azaldaraq Prezidentin mövqeyini gücləndirib.

Prezident İlham Əliyev: Əgər Azərbaycanda müxalifət zəifdirsə, bu, bizim günahımız deyildir. Mən sizə deyə bilərəm nə üçün müxalifət indi bu cür ağır vəziyyətdədir. Çünki son beş il ərzində Azərbaycanın iqtisadiyyatı 2,6 dəfə artmışdır. Son beş il ərzində biz demək olar ki, işsizliyin böyük hissəsini aradan qaldırmışıq. Biz 840 min yeni iş yeri yaratmışıq. Büdcə xərcləri 12 dəfə artmış, yoxsulluq səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. 2009-cu ildə -böhran ilində iqtisadiyyatımız 9,3 faiz, sənaye isə 8,6 faiz artmış, inflyasiya 1,5 faiz təşkil etmiş, xarici valyuta ehtiyatları 20,4 milyard dollar olmuşdur. Əgər siz mənə dünyada 2009-cu ildə bu nəticələri əldə etmiş hər hansı başqa bir ölkə göstərə bilsəniz, sizə minnətdar olaram. Budur nəticələr.

Belə bir şəraitdə müxalifət nə təqdim edə bilər? Sadəcə tənqid edə bilərlər. Onlar bunu hər gün edirlər və biz buna etiraz etmirik. Əgər qəzetlərə baxsanız görəcəksiniz, hər gün tənqidi məqalələr, hücumlar olur – bu, demokratiyadır. Lakin xalq kiminsə söylədiyi sözlərə yox, real işlərə qiymət verir. Yeri gəlmişkən, qeyd edim ki, bu gün müxalifətdə olanlar 1990-cı illərin əvvəllərində Azərbaycanda rəhbərlikdə olan və ölkədə xaos və anarxiya yaradan, ölkəni vətəndaş müharibəsinə sürükləyən insanlardır. Xalq bunu unutmamışdır.

İbrahim Məmmədov (AzTV): Prezident Azərbaycanda 1993-cü il hadisələri və Heydər Əliyevin hakimiyyətə necə gəlməsi haqda da danışıb.

Prezident İlham Əliyev: İyirmi il bundan əvvəl sovet ordusu vəhşilik göstərərək, şəhərimizi işğal etdi, yüzlərlə günahsız insanı qətlə yetirdi və yaraladı. Bundan bir gün sonra, həmin dövrdə fəal siyasətçi yox, təqaüdçü olan Heydər Əliyev bizim Moskvadakı daimi nümayəndəliyimizə gedərək, ictimaiyyət qarşısında açıq şəkildə kommunist-sovet rəhbərliyini bu vəhşi hərəkətlərinə görə pislədi. Həmin dövrdə, Sovet İttifaqının süqutuna hələ iki il qalırdı və bu çox cəsarətli bir addım idi. Bundan sonra o, açıq şəkildə Kommunist Partiyasının üzvlüyündən çıxmasını bəyan etdi və bu da asan bir addım deyildi. Bundan dərhal sonra sovet hökuməti ona qarşı hücumlara başladı, onu Moskvada həbs etmək istədi. O, buraya – Bakıya qayıtmalı oldu. Ancaq burada, Azərbaycanın həmin dövrdəki kommunist rəhbərliyi də onu həbs etmək istəyirdi. Beləliklə, o, doğma şəhəri olan Naxçıvana getdi. Bundan sonra heç kim ona toxuna bilmədi, çünki xalq onu dəstəkləyirdi və qoruyurdu.

Heydər Əliyev Bakıda vətəndaş müharibəsi başlayanda Azərbaycanın Prezidenti seçilmişdir. Həmin dövrdəki, belə demək mümkünsə, prezident və bütün hökumət ölkədən qaçmışdı. Çünki hərbi birləşmələr hakimiyyəti ələ keçirmək üçün Bakıya gəlirdilər. Həmin dövrdə o vaxtkı Azərbaycan Prezidenti ondan dövlətçiliyi qorumağa kömək etmək üçün Naxçıvandan Bakıya gəlməsini xahiş edirdi. Bax, bu şəraitdə o, Bakıya gəldi.

Onun və ya mənim tərəfimdən atılmış heç bir addım heç vaxt kiminsə dəstəyini qazanmaq məqsədi daşımamışdır. Bizim etdiyimiz budur – xalqın iradəsinə əsaslanan suveren Azərbaycan dövlətini qurmaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO