Azərbaycan Parlamenti üzvünün məruzəsi kitab şəklində nəşr olunacaq.
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində qurumun Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional məsələlər komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinin qurumdakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun hazırladığı “Səs və işıq çirkləndirmələrinin ətraf mühit üçün yaratdığı təhlükələr” adlı məruzəsi də gündəlikdə yer alıb. Bu barədə Trend News-a cümə axşamı Hüseynov məlumat verib.
O, qeyd edib ki, bu məruzə ötən komitə yığıncaqlarında bir neçə dəfə müzakirə edilib. “İndi isə AŞ PA-nın qarşıdakı sessiyalarının birinin gündəliyinə salınması üçün məruzənin qətnamə layihəsi müzakirə edilib. Məruzə AŞ PA-da yüksək qiymətləndirilib, ingilis və fransız dillərində nəşr edilərək yayılıb. Məruzənin irəli sürdüyü bir çox tovsiyələr qurumun üzv dövlətlərində tətbiq ediləcək. Bununla əlaqədar Nazirlər Komitəsi xüsusi qərar hazırlayacaq”, – millət vəkili əlavə edib.
Hüseynov məruzə ətrafında fevral ayında bir daha müzakirələrin aparılacağını bildirib.
“Bundan əlavə, fevral ayının 18-də Buxarestdə komitənin növbəti iclası keçiriləcək. Qərara alınıb ki, Hüseynovun atrıq tamamlanmış və qətnaməsi qəbul edilmiş məruzəsi ilə bağlı həmin toplantıda Avropanın bir sıra tanınmış mütəxəssislərinin iştirakı ilə növbəti dinləmələr keçirilsin. Çünki komitənin nöqteyi-nəzərincə, bu problem son dərəcə aktualdır və məruzənin mətninin gələcəkdə kitabça şəklində nəşr edilməsi və bir neçə dilə tərcumə edilməsi zəruridir”, – Hüseynov bildirib.