“Azərbaycan” jurnalının 2010-cu ildəki ikinci sayı “Poeziya” bölməsilə açılır. Bu bölmədə xalq şairi Nəriman Həsənzadənin “Nuru paşa” poeması ilə yanaşı, Xasay Mehdizadə, Tamella Pərvin, Süleyman İsmayıl, Mahcamal, Rahil Məmməd, Rafiq Oday, Əjdər Fərzəli, Güloğlan Dünya, Cəfər Mehman Əliyev, Rafiq Dağlı və Kərəm Kürqıraxlının şeirləri dərc olunub. “Tərcümə” bölməsində ingilis yazıçısı Corc Oruelin məşhur “1984” romanından bir hissə, görkəmli alim və publisist, tanınmış diplomat Vilayət Quliyevin orijinaldan tərcüməsində oxuculara təqdim olunub. Burada mütərcimin əsər haqqında fikirləri əks olunan “Totalitarizmi vahiməyə salan kitab” adlı yazısı da yer alıb. Tofiq Abdinin “Dövlət çevrilişi” publisistik povesti də jurnalın bu sayında işıq üzü görüb. Gülxanım Fətəliqızı “Ömürdən yarpaqlar” yazısında mərhum həyat yoldaşı, xalq şairi Məmməd Arazla bağlı xatirələrini qələmə alıb.
Dərginin bu sayında nəsrsevərlər Aydın Talıbzadənin “Marfuşa”, Yaqub Əlioğlunun “Güllələnmə” və Vüqar Tapdıqlının “Ağaclar susanda” hekayələri ilə tanış ola bilərlər.
Lalə Əfəndiyevanın “Qarabağ mövzusu rus ədəbiyyatşünaslığında” araşdırması jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” bölümündə öz əksini tapıb.
Dərginin “Söz meydanı”nda bu dəfə Nisə Bəyimin “Bütün həqiqət sözlərdədir” məqaləsi çap olunub.
“Söz xəzinəmizdən” başlığı altında “Əlyazmalar İnstitutunun nəşrləri” Paşa Əlioğlunun təqdimatında verilib.
“Kitablar, rəylər” rubrikasında İfrat Əliyevanın “Tərcümə problemlərini elmi şərhi” və digər yazılar yer alıb.