Azərbaycan məhkəməsi Milli Televiziya və Radio Şurasına qarşı şikayəti rədd edib

Azərbaycan məhkəməsi Milli Televiziya və Radio Şurasına qarşı şikayəti rədd edib.

Bakı Apelyasiya Məhkəməsində “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin MTRŞ-yə qarşı 1 saylı Bakı İqtisad Məhkəməsinin qəbul etdiyi qətnamədən verdiyi şikayətə baxılıb.

Prosesdə iddiaçı qismində çıxış edən qurumun vəkili Əsabəli Mustafayev Sumqayıt şəhərində yeni telekanalın açılması üçün Milli Teleradio Şurasının tezlik ayırmamasının qanunsuz sayılması və tezliyin verilməsi barədə qərar çıxarılmasını istəyib. Onun sözlərinə görə, MTRŞ-nin bu addımı qanunvericilik və ölkənin qoşulduğu beynəlxalq konvensiyaların tələbləri ilə ziddiyyət təşkil edir.

Təşkilatın prezidenti Elçin Məmməd isə hazırda Sumqayıt şəhərində yalnız bir yerli telekanalın fəaliyyət göstərdiyini deyib və bildirib ki, bu, yarım milyona yaxın əhalisi olan bir şəhər üçün xeyli aşağı göstəricidir.

Milli Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov iddianı əsasız hesab edərək Sumqayıt şəhərində bir yerli telekanalın fəaliyyət göstərdiyini, ölkə üzrə yayılan 8 telekanalın Sumqayıt ərazisində yayımlandığı üçün yeni telekanalın açılmasına ehtiyac olmadığını deyib. Onun sözlərinə görə, İqtisad Məhkəməsinin çıxardığı qərar qanuna uyğundur və birliyin şikayəti təmin edilməməlidir.

Bakı Apelyasiya Məhkəməsi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin apelyasiya şikayətini təmin etməyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO