“Azərbaycan medianın güzgüsündə hələ də bulanıq görünür “

“Ölkənin panoramını tam şəkildə göstərəcək gücümüz və şərait yoxdur”

Mətbuatın əsas vəzifəsi ölkədəki olayları olduğu kimi təqdim etmək, reallıqları göstərməkdir. Bəs Azərbaycanda kütləvi informasiya vasitələri bu vəzifəni nə dərəcədə yerinə yetirir?

Modern.az tanınmış qəzet redaktorlarının bu mövzu ilə bağlı fikirlərini öyrənib.

“Lent.az”xəbər saytının baş redaktoru Qabil Abbasoğlunun fikrincə mətbuat mümkün qədər bu vəzifəni yerinə yetirməyə çalılşır: “Əlbəttə, burada həm müstəqil dövlət kimi yaşının azlığı, həm cəmiyyətimizdəki müstəqil şüurun gənc olması, həm də mediamızın yaşının gənc olması Azərbaycanı olduğu kimi təqdim etməyə imkan vermir”.

Q.Abbasoğlunun sözlərinə görə, bu, daha çox inkişaf tempi ilə bağlıdır. Zaman keçdikcə cəmiyyətdəki ictimai münasibətlər inkişaf etdirdikcə, daha ayıq və daha bərkimiş ictimai münasibətlər yarandıqca, eləcə də mediamız daha təcrübəli olduqda Azərbaycan tammənalı şəkildə KİV-də əksini tapacaq. “Azərbaycan informasiya subyektləri və obyektləri daha açıq olduqda ölkəmizi daha rahat, daha obyektiv şəkildə əks etdirmək imkanımız olacaq. Amma indiki vəziyyətin özündə belə durumu məqbul hesab edirəm”, – deyə Q. Abbasoğlu bildirib.

“Yeni Müsavat”qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, hər bir mətbuatın öz daxili konsepsiyası var ki, ona uyğun fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycan mətbuatı əsasən daxili auditoriyaya hesablanıb.

Baş redaktor bildirib ki, Azərbaycan beynəlxalq standartlarda olan media quruluşu yoxdur. Bu baxımdan da ölkənin təqdimatı və təbliğatını yetərli şəkildə etmək mümkün deyil.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin sözlərinə görə, ölkədə baş verən hadisələri olduğu kimi təqdim etmək əslində mətbuatın vəzifəsidir: “Buna görə də deyirlər ki, qəzet cəmiyyətin güzgüsüdür. Cəmiyyət isə öz eyiblərini bu güzgüdə görüb düzəltməlidir”.

N.Məmmədli vurğulayıb ki, mətbuatımız bu güzgü funksiyasını sözün istənilən mənasında yaxşı yerinə yetirə bilmir: “Niyə yerinə yetirə bilmir? Bunun günahı bizdə deyil. Bunu günahını cəmiyyətdə axtarmaq lazımdır”. Baş redaktorun sözlərinə görə, yaşadığımız ölkənin reallıqlarını hamıdan yaxşı bilirik. “Jurnalistlər təfəkkür etibarilə ən çevik insanlardır. Gözə kül üfürməni jurnalistlərə aid etmək olmaz. Ancaq hadisələri olduğu kimi əks etdirə bilmiriksə, bunun günahı bizdə deyil”, – deyə o, qeyd edib.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın sözlərinə görə, burada həvəsli adam lazımdır ki, bütün mozaikanı əhatə edə bilsin: “Bütün siyasi və qeyri-siyasi xəttləri izləyə bilsin. Bu olarsa, onda tam bir mənzərə ortaya çıxa bilər”.

“Mediaforum.az” saytının redaktoru Hikmət Sabiroğlu isə qeyd edib ki, Azərbaycanı olduğu kimi təqdim etmək çox çətindir. Amma nə qədər bacarırlarsa, o qədər də təqdim etməyə çalışırlar.

H.Sabiroğlu bildirib ki, sözün tam mənasında bütün gerçəkliyi olduğu kimi təqdim etməyə mətbuatın qüdrəti yoxdur. Bunun da səbəbləri çoxdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO