Azərbaycan media təmsilçiləri 10-16 noyabr 2010-cu il tarixlərində Şimali Kipr Türk Cemhuriyyətində (ŞKTC) səfərdə olub. Bu səfər Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi” layihəsi çərçivəsində həyata keçirilib.
Əsas məqsəd beynəlxalq aləmdə və ətraf region dövlətlərində mövcud olan media təcrübəsinin öyrənilməsi, söz və mətbuat azadlığının inkişafı yönündə təcrübə mübadiləsinin aparılması olsa da, Azərbaycan media təmsilçiləri qardaş ölkənin müstəqilliyinin elan edilməsinin ildönümünə həsr edilmiş tədbirlərə də qatılıb, ŞKTC-nin rəsmi qurumları ilə görüşlər keçiriblər. Həmçinin, ŞKTC-də ali təhsil müəssisələrində təhsil alan tələbələrlə görüşlərn təşkili də səfərin maraqlı hissələrindən olub. Səfər və onun yekunlarına dair maraqlı faktları Azərbaycan oxucusuna çatdırmaqla oxucuların əhəmiyyətli informasiyalar əldə edəcəyinə ümid edirik. Məlumat üçün bildirək ki, səfərdə olan nümayəndə heyətinin tərkibi KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin baş redaktor müqavini Zeynal Zeynalov, “Olaylar”İA-nın rəhbəri Yunus Oğuz, “Trend” İA-nın baş redaktoru İlqar Hüseynov, “Ekspress” qəzetinin sahibi Müşfiq Səfiyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “Oxu məni” qəzetinin baş redaktoru Emin Axundovdan ibarət olub.
ŞKTC-nin qurucu prezidenti Rauf Denktaşla görüş
Azərbaycan media təmsilçiləri səfərin ilk gününü Şimali Kipr Türk Cumhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşla görüşlə başladı.
R.Denktaşın ofisində keçirilən görüşdə öncə Azərbaycan nümayəndə heyətinin səfərinin məqsədi haqda məlumat verildi. KİVDF-nin icraçı direktoru V.Səfərli R.Denktaşın, bütün Türk dünyasında olduğu kimi, Azərbaycanda da sevilən tarixi şəxsiyyət olduğunu söylədi. Bildirdi ki, məhz milli liderlər hər zaman xalqını istiqlaliyyətə qovuşdurur və bu istiqlaliyyəti qoruyub saxlamağı bacarır: “Şimali Kipr Türk Cümhuriyyətinin artıq 27 yaşa gəlib çatması isə bilavasitə Rauf Denktaşın adı ilə bağlıdır”.
R.Denktaş isə Azərbaycan KİV təmsilçilərinin ŞKTC-yə böyük heyətlə səfər etməsini Cumhuriyyətin qurulmasının 27-ci ildönümü ərəfəsində Kipr türklərinə ən gözəl bayram hədiyyəsi kimi qiymətləndirdi. Kipr adasının mövcud problemləri ətrafında fikirlərini bölüşən Denktaş qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə olduğu kimi, beynəlxalq dairələr Kipr probleminə münasibətdə də ikili standartlar sərgiləyir: “Bu gün adanın türk tərəfinin sərt embarqolar altında saxlanması, qarşı Rum tərəfinə isə hər cür dəstək verilməsı, onun Avropa Birliyinə üzv qəbul edilməsi bizim qarşılaşdığımız böyük ədalətsizlikdir”. R.Denktaş Quzey Kıbrısın beynəlxalq təcriddən qurtarması üçün Türk dövlətlərinin dəstəyinə böyük ehtiyac olduğunu vurğuladı.
O, Azərbaycanın ümumilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” ifadəsini səsləndirərək “Bu təkrarsız tezisi artıq Bir millət, üç dövlət kimi ifadə etməyin vaxtıdır” dedi.
Görüşün sonunda V.Səfərli Azərbaycan nümayəndə heyəti adından R.Denktaşa nəfis şəkildə toxunmuş ipək xalça hədiyyə etdi.
ŞKTC prezidenti Dərviş Eroğlu ilə görüş
KİV təmsilçilərinin növbəti görüşü Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Dərviş Eroğlu ilə oldu. ŞKTC prezidenti böyük heyətlə Kıbrısa gələn Azərbaycan media təmsilçiləri ilə görüşməkdən məmnun olduğunu söylədi. O, ŞKTC-nin beynəlxalq aləm tərəfindən hələ də tanınmamasını Kıbrıs türklərinə qarşı beynəlxalq səviyyədə həyata keçirilən haqsız siyasət adlandırdı. Bu ədalətsiz siyasətin aradan qaldırılması yönündə, Türkiyə dövləti kimi, Azərbaycana da böyük inamla baxdıqlarını bildirdi.
KİVDF-nin icraçı direktoru V.Səfərli Azərbaycan dövlətinin və cəmiyyətinin Şimali Kipr türklərinə hər zaman diqqətlə yanaşdığını prezident D.Eroğlunun nəzərinə çatdırdı: “Azərbaycan mümkün olduğu çərçivədə Şimali Kiprə dəstəyini ifadə etməyə çalışır. Təsadüfi deyil ki, Türkiyədən sonra ŞKTC-yə yalnız Azərbaycandan təyyarə reysi təşkil olunub. Bu gün bizim böyük bir heyətlə ŞKTC-nin Cumhuriyyət bayramına qatılmağımız bu dəstəyin bir nümunəsidir. Arzu edirik ki, Şimali Kipr tezliklə dünya birliyi tərəfindən tanınsın və bizim əlaqələrimiz üzərində olan bütün əngəllər aradan qalxsın”. Görüşün sonunda V.Səfərli nümayəndə heyəti adından D.Eroğluna “Azərbaycan xalçası” hədiyyə etdi.
Nazirlərlə görüşlər
ŞKTC-nin ayrı-ayrı dövlət idarələrinin rəhbərləri də Azərbaycan KİV nümayəndələrinin ölkəyə səfərinə diqqətlə yanaşırdı. Səfər müddətində media təmsilşilərimiz ŞKTC-nin xarici işlər naziri Hüseyn Özgürgün, Mülki Müdafiə Təşkilatının sədri Levent Akyıldız, Turizm Planlama Dairəsi müdiri Turqut Muslu, XİN İnformasiya Dairəsi müdiri Sermed Eminlə görüşdülər. Hər bir görüşdə iki qardaş xalq arasında əlaqələrin hazırkı vəziyyəti dəyərləndirildi, münasibətlərin inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirildi. Hər bir görüşdə dövlət rəsmilərinə Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyələri təqdim olundu. Eyni zamanda, dövlət rəsmiləri adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafətlər təşkil edildi.
ŞKTC-nin aparıcı KİV-lərində görüş
Azərbaycan media təmsilçilərinin əsas görüş məntəqələrindən biri də ŞKTC-nin KİV redaksiyaları oldu. Məlumat üçün bildirək ki, ŞKTC-də respublika miqyaslı 13 KİV redaksiyası fəaliyyətdədir ki, bunlar arasında iritirajlılığı və geniş auditoriyalı KİV qurumları olaraq Bayraq Teleradio Qurumu (ŞKTC-nin dövlət teleradiosu), “Kıbrıs” Televiziyası (KTV) və “Kıbrıs” qəzeti daha çox tanınır. Ölkənin ümumi əhalisinin sayı baxımından (ŞKTC-nin 300 minə yaxın əhalisi var) dünya çapı ilə müqayisədə iri tirajlı olmasalar da, Kiprdə media quruluşları ən son texnoloji yeniliklərin tətbiq edilməsilə diqqət çəkir. Adıçəkilən hər 3 redaksiyaya baş çəkən Azərbaycan media təmsilçiləri bu texnologiyalarla tanış olmaqla yanaşı, iki ölkənin media quruluşları arasında münasibətlərin qurulması yönündə də müzakirələr apardı. Hər 3 KİV redaksiyasına Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyələri təqdim edildi.
Azərbaycanlı tələbələrlə görüş
ŞKTC-nin ali məktəblərini jurnalistika üzrə tədris prosesilə tanışlıq üçün ziyarət edən Azərbaycan KİV təmsilçiləri burada tədris prosesində istifadə edilən əyani vəsaitlərlə, xüsusi olaraq tələbə telestudiyaları ilə tanışlıqdan məmnun qaldılar. Kipr ali məktəblərinin jurnalistika fakültələri həm də ölkə əhalisinə canlı xəbər çatdırılması prosesində birbaşa iştirak edir.
Azərbaycan nümayəndə heyətinin ŞKTC ali məktəblərində qarşılaşdığı ikinci maraqlı fakt isə burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı oldu. Demək olar ki, Kiprin hər bir ali mıəktəbində 100-lərlə soydaşımız təhsil alır. Həmçinin, azərbaycanlı tələbələr bu universitetlərin həm təşkilatlanma, həm də elmi səriştəsilə seçilən ən aktiv tələbələridir. Azərbaycan KİV təmsilçiləri ŞKTC-nin “Yakın Dogu Universiteti”də, “Uluslararası Kıbrıs Universiteti”ndə, Doğu Akdeniz Universitetində rəsmi görüşlərdən başqa, buradakı azərbaycanlı tələbələrlə də ayrıca görüş keçirdilər.
İstiqlal bayramına məşhur “Merkuri” otelində yekun vuruldu
Azərbaycan media təmsilçilərinin ŞKTC-yə səfəri Kipr Türk Cümhuriyyəti qurulmasının 27-ci ildönümünə təsadüf edib. Nümayəndə heyəti bu məqsədlə təşkil edilmiş rəsmi tədbirlərə qatılaraq, əvvəlcə ŞKTC-nin paytaxtı Lefkoşada Cumhuriyyət Günü ilə bağlı keçirilən hərbi paradda iştirak etdi.
Sonra Girnə şəhərində Türk Şahinlərinin hava göstərilərinə tamaşa etdilər. Səfərin sonunda isə ŞKTC prezidentinin Cumhuriyyət günü münasibətilə Girnə şəhərində “Merkuri” otelində verdiyi rəsmi qəbulda iştirak etdilər.
Mətbuat Şurası