“Azərbaycan” jurnalının mart nömrəsində Vilayət Quliyevin ingilis dilindən tərcümə etdiyi “1984” romanının 2-ci hissəsi dərc olunub. Corc Oruielin bu məşhur romanının peşəkar ədəbiyyatşünas tərəfindən Azərbaycan dilinə tərcümə olunması son vaxtlar ədəbi dairələrdə müsbət qarşılanan hadisələrdən sayıla bilər. Tanınmış dramaturq Əli Əmirlinin “M.S.S – Mən səni sevirəm” ikihissəli dramı da jurnalın bu sayında işıq üzü görüb. Poeziya həvəskarları bu nömrədə Ramiz Qusarçaylı, İsgəndər Etibar, Məmməd Tahir, Sabir Alim, Şöhlət Abbas, Bəhram Basqallı, Əbülfət Mədətoğlu, Əli Vəkil, Vaqif Kəhrizli, Vaqif Vüqar, İlham İnam, Kəmalə Ağayeva, Narıngül və Xatirə Fərəclinin şeirlərini oxuya bilərlər. “Azərbaycan” jurnalının bu sayında həmçinin gənc xanım yazarlara da yer ayırıb. Gənc nasir Ülviyyə Heydərovanın “Mələk” hekayəsi və Nəzmiyyə Hicranın şeirləri bu sayda dərc olunub. İstedadlı gənc yazar Pərvin Nurəliyevanın xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuş “Özünüdərk məqamı” məqaləsi jurnalın “Gənc tənqidçinin tribunası” bölümündə çap edilib. Jurnalın yeni sayında İmamverdi Əbilovun Süleyman Rəhimovun 110 illiyilə bağlı “Ədəbiyyatımızın Dədə Qorqudu”, Vaqif Yusiflinin Sabit Rəhmanın 100 illiyinə həsr olunmuş “Müasir komediyamızın banisi” məqalələri də var. Xalq şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızının “Ömürdən yarpaqlar” əsərinin davamıyla oxucular bu sayda tanış ola bilərlər. Jurnalda digər maraqlı materiallar da yer alıb.