Azərbaycan jurnalistlərinin “Avroviziya-2012” ilə bağlı müraciəti

Azərbaycan kütləvi informasiya vasitələri adından “Avroviziya-2012” iştirakçıları olan ölkələrin mediasına müraciət ünvanlanıb. Modern.az müraciətin tam mətnini və ona imza atan KİV-lərin siyahısını təqdim edir:

Azərbaycan kütləvi informasiya vasitələrinin “Avroviziya-2012” iştirakçıları olan ölkələrin mediasına

MÜRACİƏTİ

Hörmətli həmkarlar, əziz dostlar!

Şərqdə ilk demokratiya nümunəsi olan Azərbaycan Respublikası ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra demokratik, plüralist medianın formalaşdırılması qarşıda duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirildi. Yeni dövrdə partiya-sovet mətbuatına xas mənfi meyllərin aradan qaldırılması, medianın qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması ciddi siyasi iradə və mühüm əməli tədbirlərin həyata keçirilməsini tələb edirdi.

1998-ci ildə Azərbaycanda senzuranın, 2000-ci ildə isə mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra azad media mühitinin formalaşdırılması sürətlə inkişaf edən prosesə çevrildi. Kütləvi informasiya vasitələrinin təsis edilməsi sadələşdirildi, hər bir vətəndaşa özünün qəzetini, jurnalını və ya informasiya agentliyini yaratmaq imkanı verildi. Təsadüfi deyil ki, ərazisi 86,6 min kvadratkilometr təşkil edən və 9 milyon əhalisi olan Azərbaycanda hazırda 4700-dən artıq KİV müvafiq dövlət orqanında uçota götürülüb və ya qeydiyyatdan keçib. Ölkədə 300-ə yaxın qəzet, 100-ə qədər jurnal, 30-dan çox informasiya agentliyi, 50-yə yaxın elektron KİV fəaliyyət göstərir. Çoxlu sayda mətbuat yayımı firmaları sərbəst şəkildə mətbuatı Azərbaycanın ən ucqar nöqtələrinə çatdırırlar. Müxtəlif jurnalist təşkilatları Azərbaycanda söz və məlumat azadlığının, medianın inkişafı, jurnalistlərin hüquqlarının müdafiəsi və s. istiqamətlərdə aktiv fəaliyyət göstərirlər. Bu gün Azərbaycanın internet məkanı sürətli inkişaf mərhələsini yaşayır, ölkə əhalisinin 50 faizindən çoxu internetdən istifadə edir. Yeni medianın inkişafı cəmiyyətin informasiya almaq imkanlarını genişləndirir.

Postsovet məkanında ilk dəfə olaraq 2003-cü ildə Azərbaycanda medianın özünütənzimləmə orqanı olan Mətbuat Şurası yaradılıb. Şura bu müddət ərzində media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin qurulması və inkişafında bir sıra uğurlara imza atıb. Onun həyata keçirdiyi tədbirlər media mühitimizdə siyasiləşmənin aradan qaldırılması, jurnalistikanın vahid orqanizm kimi formalaşmasında özünəməxsus rol oynayıb, medianın daxili məsuliyyət hissini möhkəmləndirib.

Hazırda Azərbaycanda medianın kifayət qədər liberal qanunvericilik bazası mövcuddur. KİV sahəsindəki hüquqi-normativ aktlar beynəlxalq standartlara tam cavab verir. Onların hər birinin qəbulunda Avropanın nüfuzlu beynəlxalq təşkilatlarının rəyi başlıca meyar kimi götürülüb. Buna misal kimi ATƏT ekspertlərinin yaxından iştirakı ilə 2005-ci ildə “İnformasiya əldə etmək haqqında” Qanunun qəbul edilməsini göstərmək olar.

KİV-lərə dövlət dəstəyi Azərbaycanın media ilə bağlı qanunvericiliyinin spesifik cəhətlərindən birini təşkil edir. 2008-ci ildə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» adlı sənədin təsdiqlənməsindən sonra KİV-lərin inkişafına dövlət dəstəyinin mexanizmləri formalaşdırıldı. Konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun əsas məqsədi medianın iqtisadi müstəqilliyini göcləndirmək, çoxsaylı KİV-lərin müasir bazar münasibətlərinə uyğunlaşmasını dəstəkləməkdir.

Dəyərli həmkarlar,

Bu gün xarici KİV-lərdə Azərbaycan haqqında çoxsaylı materiallar dərc edilir. Onların əhəmiyyətli qismi pozitiv ruhludur. Lakin təəssüf ki, dünyanın bir sıra KİV-lərində Azərbaycanla bağlı gedən materiallarda obyektiv mövqe nümayiş etdirilmir, jurnalistikanın təməl prinsipləri olan tərəfsizliyə və qərəzsizliyə etinasız yanaşılır. Məqalələrdə, məlumatlarda müxtəlif vaxtlarda yaşanmış neqativ hallar ümumilişdirilərək Azərbaycan dövlətinin söz və mətbuat azadlığı, insan hüquqları sahəsində siyasəti kimi təqdim olunur. Bizi – Azərbaycan jurnalistlərini ən çox narahat edən ölkəmiz haqqında mütərəqqi demokratik dəyərlərdən uzaq yanlış təsəvvür formalaşdırmaq cəhdlərinə informasiya dəstəyinin verilməsidir.

Biz ölkəmizdə söz və mətbuat azadlığı sahəsində çətinlikləri inkar etmirik və onların aradan qaldırılmasına çalışırıq. Bu məqsədlə həm Azərbaycan hakimiyyəti, həm də BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu təşkilatlarla intensiv əlaqələr saxlayırıq. Hazırda qarşımızda duran vacib məsələlərdən biri medianın ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi, onun iqtisadi müstəqilliyinin gücləndirilməsidir. Çünki özünü maliyyələşdirmək imkanlarının məhdudluğu redaksiyaların müstəqilliyinə və peşəkarlığına mənfi təsir göstərən başlıca amildir. Azərbaycan jurnalistlərinin yekdil qənaəti ondan ibarətdir ki, iqtisadi müstəqilliyin zəif olması redaksiyaların, jurnalistlərin maraqlı siyasi və biznes dairələrin təsiri altına düşməsinə, ölkədaxili siyasi mübarizədə vasitəyə çevrilməsinə, bitərəflik, qərəzsizlik, peşəkarlıq kimi mühüm meyarların deqradasiyasına şərait yaradır. Bu faktor həm də bəzi hallarda jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək imkanlarının məhdudlaşmasına, onların hüquqlarının pozulmasına yol açır.

Biz Azərbaycan həqiqətlərinin, ölkədəki real vəziyyətin müəyyən daxili və xarici maraqlı dairələrin süzgəcindən keçərək deyil, obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq. İstərdik ki, dünyanın aparıcı KİV-ləri Azərbaycan haqqında materiallar verərkən təkcə neqativ halları qabardaraq birtərəfli mövqe tutmasın, həm də görülən işlər barədə danışsın. Materiallarda söz və mətbuat azadlığı mühitinin daha da dərinləşməsi, demokratik medianın formalaşması üçün siyasi iradə və cəmiyyətin istəyinin olması, bu məqsədlə əməli tədbirlərin həyata keçirilməsi başlıca meyar kimi götürülsün.

Çox istərdik ki, dünyanın nüfuzlu KİV-ləri ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğalı faktını diqqətdə saxlasınlar, bir milyondan artıq azərbaycanlını öz torpaqlarından didərgin salmış, onminlərlə insanın qətlində, yaxın tariximizin ən qanlı və faciəli səhifələrindən olan Xocalı soyqırımının törədilməsində günahkar olan cinayətkarların cəzalandırılmasını tələb etsinlər. Biz sizi bu məsələdə həqiqətin yanında olmağa, yüzminlərlə insanın pozulmuş haqqının bərpa olunmasına dəstək verməyə çağırırıq.

Hörmətli həmkarlar,

Bu il Azərbaycan 20 illik müstəqillik tarixində ilk dəfə Avropanın ən nüfuzlu mədəni hadisələrindən olan «Avroviziya-2012» mahnı müsabiqəsini keçirməyə hazırlaşır. Hazırda bütün Azərbaycan cəmiyyəti kimi, onun mediası da qarşıda duran vəzifənin məsuliyyətini dərk edir və ciddi cəhdlə dünya ictimaiyyətinə ölkəmiz haqqında obyektiv və hərtərəfli məlumat verməyə çalışır. Biz fürsətdən istifadə edərək vahid Avropa ailəsini milli dəyərlərimiz, qədim keçmişimiz, adət-ənənələrimiz və müasir həyatımız haqqında məlumatlandırmaq istəyirik.

Lakin onu da təəssüflə qeyd etməliyik ki, bəzi dairələr Avropanın bu mühüm mədəni tədbirini siyasiləşdirməyə, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Hesab edirik ki, bu mədəni hadisədən çirkin siyasi məqsədlər üçün yararlanmaq cəhdləri Avropa Yayım Birliyi kimi nüfuzlu təşkilata, “Avroviziya” müsabiqəsində iştirak etmək hüququ qazanmış şəxslərə, ölkəmizə gələcək onminlərlə xarici vətəndaşa, milyonlarla avropalıya qarşı hörmətsizlikdir. “Avroviziya”nın tarixinə nəzər saldıqda, aydın görünür ki, bu mədəni hadisə heç vaxt siyasiləşdirilməyib və ondan heç bir dövlətə və xalqa qarşı təzyiq vasitəsi kimi istifadə edilməyib. Buna görə də biz haqlı olaraq soruşuruq: 2011-ci ildə Düseldorfda gərgin mübarizə şəraitində halallıqla qələbə qazanmış Azərbaycana qarşı bu əsassız təzyiqlərin məqsədi nədir? Nəyə görə Bakıda bir neçə ildir davam edən, ölkəmizin “Avroviziya”da qalib gəlməsindən çox öncə başlamış və bu yarışma bitdikdən sonra da davam edəcək genişmiqyaslı quruculuq və abadlıq işləri mahiyyəti üzrə deyil, insan haqlarının pozulmasına səbəb olan tədbir kimi qiymətləndirilir, üstəlik “Avroviziya” ilə də əlaqələndirilir? Buna görə də biz Sizləri Avropada süni şəkildə Azərbaycan haqqında yanlış rəy formalaşdırmaq cəhdlərində iştirak etməməyə, bütün məsələləri obyektiv dəyərləndirməyə çağırırıq.

Hörmətli media mənsubları, əziz həmkarlar,

Biz, Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçiləri Sizləri paytaxtımız Bakıda keçiriləcək «Avroviziya-2012» mahnı müsabiqəsinə dəvət edirik. Hesab edirik ki, Azərbaycanı görmək və ölkəmizin reallıqları ilə əyani şəkildə tanış olmaq Sizin məlumatınızı genişləndirəcək və yanlış təsəvvürün dəyişməsinə səbəb olacaq. Azərbaycan jurnalistlərinin səsini doğmalıqla qarşılayacağınıza, hadisə və proseslərə yanaşmada obyektivliyinizi, tərəfsizliyinizi qoruyacağınıza əminik. İnanırıq ki, ölkəmizlə bağlı əsl həqiqətləri görmək və duymaq üçün ən gözəl imkanı dəyərləndirəcək, may ayında Bakıda keçiriləcək böyük musiqi bayramında bizimlə birgə olacaqsınız.

Avropalı media mənsublarına böyük hörmət və ehtiramla,
Azərbaycan jurnalistləri

“Avroviziya-2012” iştirakçıları olan ölkələrin mediasına müraciət etmiş Azərbaycan kütləvi informasiya vasitələrinin SİYAHISI

(Siyahı açıqdır: arzu edən KİV-lər qoşula bilər)

Qəzetlər:

525-ci qəzet

«Azərbaycan» qəzeti

«Azad Azərbaycan» qəzeti

«Azərnyus» qəzeti

«Azərbaycan dəmiryolçusu» qəzeti

«Azərbaycan müəllimi» qəzeti

“Azerbaydjanskiye İzvestiya” qəzeti

“Bakinski raboçi” qəzeti

«Bakı xəbər» qəzeti

«Bütöv Azərbaycan» qəzeti

«Ekspress» qəzeti

«Euro xəbər» qəzeti

«Ədalət» qəzeti

«Həftə içi» qəzeti

«Xalq qəzeti» qəzeti

«Xalq cəbhəsi» qəzeti

«İki sahil» qəzeti

«Kaspi» qəzeti

«Mövqe» qəzeti

«Mərkəz» qəzeti

«Olaylar» qəzeti

«Palitra» qəzeti

«Paritet» qəzeti

«Paralel» qəzeti

«Respublika» qəzeti

«Reytinq» qəzeti

«Səs» qəzeti

«Yeni Azərbaycan» qəzeti

«Şərq» qəzeti

«Üç nöqtə» qəzeti

«Zaman Azərbaycan» qəzeti

«Qarabağ» qəzeti

«Türküstan» qəzeti

“Gündəlik Teleqraf” qəzeti

“Elçi” qəzeti

“Region+” jurnalı

“Vışka” qəzeti

“Yeni təfəkkür” qəzeti

İnformasiya agentlikləri

«AzərTAc» Dövlət Teleqraf Agentliyi

Azəri Press Agentliyi (APA)

«Azadinform» İnformasiya Agentliyi

«Assa-irada» İnformasiya Agentliyi

«Olaylar» İnformasiya Agentliyi

«Trend» İnformasiya Agentliyi

«İnterfaks-Azərbaycan» İnformasiya Agentliyi

“Səs” İnformasiya Agentliyi

İnternet xəbər portalları

Lent.az

Modern.az

Vesti.az

Milli.az

Day.az

1news.az

Telekanallar

AzTV

İTV

ANS

ATV

Lider TV

Space TV

Xəzər TV

Mədəniyyət TV

İdman Azərbaycan

ATV İnternational

Radiolar

Azərbaycan Radiosu

İctimai FM

Araz FM

Media FM

Anten FM

ANS ÇM

Azad Azərbaycan

106 FM (Milli)

Lider FM

Burc FM

Space FM

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO