Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” layihəsi çərçivəsində Mətbuat Şurasının iclas zalında 2-ci dəyirmi masa keçirib.
Modern.az xəbər verir ki, “Azərbaycan mediasının beynəlxalq əlaqələri: real vəziyyət və çıxış yolları” mövzusunda keçirilən dəyirmi masanı BAMF-ın sədri, sözügedən layihənin rəhbəri Umud Rəhimoğlu açaraq Azərbaycan mediasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Sonra layihə çərçivəsində keçirilən sorğu ilə bağlı jurnalist Seymur Verdizadə məlumat verib. S.Verdizadə deyib ki, sorğuya 43 jurnalist təşkilatı, informasiya agentliyi və KİV redaksiyası, o cümlədən yerli televiziya kanalları cəlb olunub: “Azərbaycan mətbuatının beynəlxalq əlaqələrini qənaətbəxş saymaq olar. Sorğunun nəticələrinin təhlili Mətbuat Şurasının, BAMF-ın, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ), “Yeni Nəsil” Jurnalistlər Birliyinin və Demokratik Jurnalistlər Birliyinin ciddi beynəlxalq əlaqələrə malik olduğunu söyləməyə əsas verir. İnformasiya agentliklərindən isə AzərTac, APA, “Trend” və SİA-nın geniş beynəlxalq əlaqələri var. Qəzetlər isə əsasən Türkiyə və Rusiya KİV-ləri ilə əməkdaşlığa üstünlük verirlər”. S.Verdizadə bildirib ki, xarici dil bilən jurnalistlərin sayı son illər xeyli artıb. Onun sözlərinə görə, xarici dil bilən mətbuat nümayəndələrinin 80 faizi rus, 15 faizi ingilis, 5 faizi isə ərəb, fars, fransız və başqa dillərdə danışmağı bacarırlar.
Dəyirmi masanın məruzəçisi beynəlxalq ekspert Azər Həsrət də Azərbaycan KİV-lərinin xarici təşkilatlarla əməkdaşlığa meyl etməsinin vacibliyindən danışıb. Amma o, bəzi jurnalist təşkilatlarının beynəlxalq arenada Azərbaycan əleyhinə təbliğat aparmasının narahatlıq doğurduğunu bildirib. A.Həsrət deyib ki, beynəlxalq təşkilatlar bir çox hallarda Azərbaycanda fəaliyyət göstərən tərəfdaşlarının hesabatlarında öz əksini tapmış həqiqətə uyğun olmayan informasiyalardan istifadə edib, ölkəmizin adını müxtəlif “qara siyahı”lara daxil etməyə müvəffəq olurlar.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Söz Azadlığının Müdafiəsi Fonunun” nümayəndəsi Nəzirməmməd Quliyev, “EvroXəbər” qəzetinin baş redaktoru Novruz Novruzov və digər iştirakçılar layihənin əhəmiyyətindən danışaraq bu işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.