Macarıstanın Szabo Ervin adına Budapeşt şəhər kitabxanasında “Azərbaycan kitabxanada” adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, kitabxanada macar dilində nəşr edilmiş və Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablar nümayiş etdirilib. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar da oxucuların marağına səbəb olub. Kitabxanada Bakı şəhərinin təsvirlərindən ibarət sərgi də təşkil edilib. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kiss Balas açaraq, Azərbaycanla bağlı kitabxanada təşkil olunmuş sərgilərin oxucuların böyük marağına səbəb olduğunu vurğulayıb. Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov çıxış edərək tədbir iştirakçılarına Azərbaycanın dövlətçilik tarixi, iki xalq arasındakı tarixi qohumluq kökləri haqqında məlumat verib. Qeyd edək ki, sərgilər fevral ayının sonuna qədər kitabxanada nümayiş etdiriləcək.
Xəyalə Muradlı