Azərbaycan hakimiyyəti “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin əleyhinə deyil.
“Lakin əvvəlcə elə şərait yaradılmalıdır ki, qəbul olunan qanun jurnalistlərin fəaliyyətinə problem yaratmasın. Əlverişli şərait yarananda, bu qanun qəbul olunacaq”, – Trend News-un məlumatına görə, bazar ertəsi “Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda keçirilən konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdirinin müavini Vüqar Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti KİV-lərin müstəqilliyinin möhkəmləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirib. “Amma bütün problemlər həll edilməyib. Yeni praktiki addımlar atılmalıdır. İlk növbədə KİV-lər iqtisadi müstəqilliyə nail olmalıdırlar. İkincisi, jurnalistlərin peşəkarlığı artırılmalıdır. Üçüncüsü, mətbuatın siyasi qütbləşməsi minimuma endirilməlidir. Ən vacib məsələ isə, jurnalistikaya ləkə yaxan “reketçilik”lə mübarizə uğurla başa çatdırılmalır”, – Əliyev əlavə edib.
Onun fikrincə, “Diffamasiya haqqında” qanunun qəbulu ilk növbədə bu problemlərin həllindən asılıdır.
Trend