Azərbaycan dilini bilməyənlərə xəbərdarlıq

Azərbaycanda qurumlarda dövlət dilinin işlənmə vəziyyətini öyrənmək məqsədilə işçilər üçün xüsusi imtahanlar keçirilə bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli çərşənbə axşamı Trend-ə bildirib ki, bu məsələ yeni hazırlanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqram”ının layihəsində təklif edilib.

Onun sözlərinə görə, layihədə dilin işlənməsinə nəzarət etmək məqsədilə Dilçilik İnstitutunda xüsusi monitorinq qrupunun yaradılması təklif olunub. Bu qrup vaxtaşarı – 3, 6 aydan bir işçilərin dil sahəsindəki biliklərini müəyyənləşdirmək üçün xüsusi test imtahanları keçirəcək. Bu imtahanda jurnalistlər, aparıcılar, televiziya, radio məkanında və digər sahələrdə çalışanlar iştirak edəcəklər. Onlar bu imtahan nəticəsində sertifikat alaraq öz işlərini davam etdirmək hüququna malik olacaqlar.

O deyib ki, imtahanların hansı sahələr üzrə keçiriləcəyi də konkretləşdiriləcək.

“Ola bilsin ki, bu sahələr konkretləşdiriləcək. Əlbəttə ki, bu tədbirlər Azərbaycan dilinin işlənməsi ilə bağlı bütün sahələrdə keçirilsə, yaxşı olar”, – direktor əvəzi qeyd edib.

Veysəlli bildirib ki, dövlət dilinin işlənməsinə müxtəlif formalarda nəzarət edilə bilər. Layihədə bu məqsədlə hazırlanmış təkliflərdən biri də qurumlarda Azərbaycan dili üzrə mütəxəssislərin çalışması üçün ayrıca ştatların açılmasıdır.

İnstitutda yaradılması təklif edilən monitorinq qrupu qurumlarda Azərbaycan dilinin işlənmə vəziyyətini öyrənərək təkliflər də hazırlayacaq.

Veysəlli artıq bu təkliflərin yer aldığı proqram layihəsinin tanışlıq üçün ölkənin tanınmış alimləri və ziyalılarına təqdim edildiyini söyləyib. O deyib ki, bundan sonra daxil olan təkliflər nəzərə alınmaqla, proqramın yekun layihəsi təsdiqlənmək üçün Nazilər Kabinetinə təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncama görə, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın layihəsi oktyabrın 1-dək Nazirlər Kabinetinə, noyabrın 1-dək isə ölkə Prezidentinə təqdim edilməlidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO