Azərbaycan şairi İsa Cavadoğlunun “Ya qismət” kitabının təqdimatı keçirilib

Azərbaycanın qocaman şairi İsa Cavadoğlunun “Ya qismət” kitabının təqdimatı keçirilib. Trend-in məlumatına görə, cümə axşamı keçirilən tədbirdə şairin 80 illik yubileyi də qeyd olunub. Tədbir millət vəkili Qənirə Paşayeva və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Millət vəkili Qənirə Paşayeva tədbirdə çıxışı zamanı şairin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, İsa Cavadoğlu həm gözəl müəllim, həm də gözəl şairdir.

“Onun yaradıcılığı Azərbaycanın bütün bölgələrində tanınır və sevilir. Onun poeziyasında vətəndaşlıq mövqeyi, müstəqilliyimizin qüruru hiss olunur. Eyni zamanda, öz yaradıcılığında müəllim olduğu hiss edilir. Şeirlərində nəsihətamizlik hiss olunur”, – Paşayeva əlavə edib.

Millət vəkili İsa Cavadoğlunun həm də gözəl vətəndaş və ziyalı olduğunu bildirib: “Öz ixtisasını gözəl bilən hər bir kəs ziyalı ola bilməz. İsa müəllim isə sözün əsl mənasında ziyalıdır. Cəmiyyətdə insanlar hər zaman onun fikirlərinə hörmətlə yanaşıblar”, – o qeyd edib.

Sonda millət vəkili Paşayeva şairə uzun ömür və yaradıcılığında yeni uğurlar arzu edib.

Tədbirdə ölkəmizin tanınmış şair və yazıçıları, təhsil işçiləri iştirak ediblər. Tanınmış aşıq və xanəndələrin ifasında yubilyarın şeirləri səsləndirilib. Məclisdə şairin qələm dostları, uzun illər onunla bir kollektivdə çalışmış ziyalılar çıxış edərək xatirələrini bölüşüblər.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev öz çıxışında şair İsa Cavadoğlunun yaradıcılığından söz açıb. Qeyd edib ki, onun yaradıcılığında müxtəlif janrlardan istifadə edilir və burada vətənpərvərlik motivləri xüsusi yer tutur.

Çıxış edən digər natiqlər də şairin həyat və yaradıcılığının Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutduğunu deyiblər.

Ədəbiyyata ötən əsrin 60-cı illərində gəlmiş İsa Cavadoğlunun yaradıcılığında Vətənin, ülvi duyğuların tərənnümü, o cümlədən, aşıq poeziyası örnəkləri xüsusi yerə sahibdir. İxtisasca dil-ədəbiyyat müəllimi olan qocaman şairin son illər yaradıcılığında peşəsindən və həyat təcrübəsindən irəli gələn öyüd-nəsihət motivləri üstünlük təşkil edir. Şair şüurlu həyatıboyu doğma rayonunda müəllimlik fəaliyyəti ilə məşğul olub.

Şairin sözügedən kitabı onun oxucularla onuncu görüşüdür. Millət vəkili Qənirə Paşayevanın “İsa müəllimin bütöv dünyası” adlı maraqlı ön sözü ilə açılan kitabın redaktoru xalq şairi Zəlimxan Yaqub, rəyçiləri – filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və şair Bağman Babadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO