“AzerROS” rəhbərliyinin Azərbaycanın daxili işləri ilə bağlı düzgün olmayan bəyanatları

Nazim İbrahimov: ““AzerROS” rəhbərliyinin Azərbaycanın daxili işləri ilə bağlı düzgün olmayan bəyanatları ümumi işimizə zərər vurmaq məqsədi daşıyıb”
“Bizim komitə üçün bu təşkilatda baş verəcək dəyişikliklərin heç bir fərqi yoxdur”
““AzerROS” Rusiyada azərbaycanlıların on illərdir fəaliyyət göstərən təşkilatıdır və biz onların milli dəyərlərə xidmət edən fəaliyyətlərini dəstəkləyirik”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov verib.
“AzerROS”un sabah keçiriləcək qurultayına münasibət bildirən komitə sədri qeyd edib ki, diaspora təşkilatlarımız Azərbaycan dövlətçiliyinə, milli mənəvi dəyərlərə xidmət edirsə, biz onların yanındayıq: “Onlara hər zaman yardımçı oluruq. AzerROS təşkilatı da belə təşkilatlardandır. Bu təşkilatda baş verəcək dəyişiklərin Komitə üçün fərqi yoxdur. Ora kimlərin seçilməsindən asılı olmayaraq, Azərbaycançılığa, xalqımıza, dövlətçiliyimizə, dəyərlərimizə xidmət edən hər kəsi siyasi baxışlarından asılı olmayaraq həmişə öz ətrafımızda görürük. Azərbaycandan kənarda Azərbaycanın daxili siyasəti yeridilmir. Daxili proseslərlə bağlı siyasi fəaliyyət göstərmək istəyən hər kəs Azərbaycana gəlib burada fəaliyyət göstərə bilər, partiya yarada bilər və sair. Amma bu daxili prosesləri xaricdə heç kim yeridə bilməz. Əgər onlar sabahkı qurultaydan sonra ölkədən xaricdə başqa formada fəaliyyət göstərəcəklərsə, biz də onlarla əməkdaşlıqda fəaliyyətimizi buna görə quracağıq”.

“AzerROS”un yarandığı vaxtdan Rusiya dövləti tərəfindən idarə olunması ilə bağlı suala cavab verən Nazim İbrahimov deyib ki, zaman-zaman təşkilatın rəhbərliyində bəzi şəxslər Azərbaycanın daxili işləri ilə bağlı düzgün olmayan bəyanatlar veriblər: “Bu da ümumi işimizə uyğun olmayıb. Onlar öz məqsədlərini həyata keçirməyə çalışsalar da, buna imkan verilməyib. Onlar heç Azərbaycanda doğulmayıblar və ölkənin daxili işlərindən o qədər xəbərdar olmayıblar. Hesab edirəm adını çəkmədiyim şəxslərin bu kimi bəyanatları ümumi işimizə zərər vurmaq məqsədi daşıyıb. Belə hallar istənilən halda bizi narahat etmir, çünki Azərbaycan dövlətçiliyi möhkəm əsaslar üzərində qurulub”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO