“Azercell “dən jurnalistlər üçün güzəştlər…

“Azercell” media işçiləri üçün nəzərdə tutulan kampaniyaya başlamağa hazırlaşır. Bu haqda fevralın 9-da şirkətin 2010-ci ilə dair hesabatının təqdimat mərasimində məlumat verilib.

Məlumdur ki, “Azercell Telekom” MMC cəmiyyətin müxtəlif təbəqələrinə hesablanmış kampaniyalar keçirir, müxtəlif qrup insanların öz aralarında daha ucuz tariflərlə danışması üçün xüsusi şəbəkələr yaradır. Korporativ müştərilər üçün BizKlub, dövlət orqanları əməkdaşları üçün DövlətCell buna misaldır.

Modern.az saytının əməkdaşı hələ ötən il şirkətin keçirdiyi mətbuat konfransında təklif etmişdi ki, peşələri ilə əlaqədar mobil rabitədən çox istifadə edən jurnalistlər üçün də bu cür xüsusi tarif paketi yaradılsın. Əməkdaşımız o zaman şirkətin prezidenti Ali Ağana bunun mümkün ola biləcəyi ilə sual verəndə o, “mən marketinq şöbəsinə belə bir kampaniya hazırlamaq haqqında göstəriş verəcəyəm” demişdi.

Bu günkü tədbirdə məlum olub ki, təklif artıq reallaşır. “Azercell”in Mediacell adlanan yeni xidməti yaxın bir-iki həftəyə istifadəyə veriləcək. Bu xidmətə qoşulacaq jurnalistlər öz aralarında güzəştlə danışa biləcəklər. Xidmətə üzvü olacaq jurnalistlər üçün SMS-lər və “Datakart”lar da güzəştli olacaq.

***

Fevralın 9-da keçirilən mətbuat konfransında “Azercell Telekom” MMC 2010-cu ilin nəticələri haqqında mətbuatı məlumatlandırıb. Hal-hazırda şirkət Azərbaycanın mobil rabitə bazarının 54,6%-nə nəzarət edir. Ölkənin 80%-ni əhatə edən şəbəkə imkan verir ki, Azərbaycan əhalisinin 99,8%-i “Azercell”in keyfiyyətli və etibarlı rabitə xidmətlərindən yararlana bilsin. Son bir il ərzində 300 minə yaxın insan öz seçimini “Azercell”in üzərində saxlayıb. 2010-cu ilin sonuna bu operatorun 4 milyon 207 min nəfərlik abonenti vardı.

Mətbuat konfransında açıqlanan məlumata görə, 2010-cu ildə “Azercell” dövlət büdcəsinə təqribən 114,6 milyon ABŞ dolları, 14 il ərzində isə təqribən 868,2 milyon ABŞ dolları həcmində vəsait ödəyib.

“Azercell Telekom” MMC-nin prezidenti Ali Ağanın sözlərinə görə, şirkətin son 1 il ərzində gördüyü işlərin hamısını sadalamaq qeyri-mümkündür: “”Azercell” 2010-cu ildə abonentlərini keyfiyyətli rabitə ilə təmin etməklə yanaşı, onları müxtəlif kampaniyalarla sevindirib, ən müasir texnologiyaları təqdim edib. Şirkətimiz Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına yönələn sosial layihələri də dəstəkləyib””.
Ali Ağan bildirib ki, ötən il ərzində şirkət bu cür layihələrin həyata keçirilməsinə təqribən 1,4 milyon ABŞ dolları vəsait sərf edib. Ümumilikdə 14 il üçün bu göstərici təqribən 14,7 milyon ABŞ dolları təşkil edir.

Şirkət həmişə olduğu kimi 2010-cu ildə də mədəniyyət, təhsil, media, uşaq hüquqları, səhiyyə, gənclərin inkişafına kömək edən sahəsində bir sıra proyektlərin reallaşmasına kömək edib. Bu qəbildən layihələr sırasında Milli Kitab Müsabiqəsinin, “Azərbaycan-Avropa velosiped yürüşü”nün dəstəklənməsini, şirkətin Qafqaz Universitetində Yeni Nəsil Şəbəkələr adlı dərs keçməyə başlamasını qeyd etmək olar.
“Azercell” Kür və Araz çaylarında baş verən fəlakətdən əziyyət çəkənlərə yardım aksiyası da keçirib. Həmin vaxt fəlakət ərazisində olan 136.600 abonentin nömrəsinə 500 kontur hədiyyə edilib. Ənənəvi olaraq, 2010-cu ildə də “Azercell Telekom” jurnalistlərin peşə bacarıqlarının inkişafına öz töhvəsini vermişdir. Noyabr ayından başlayan İngilis dili kursu və mətbuatın üçün keçirilən tədbirlərə verilən dəstək bunun bariz nümunəsidir.

Ötən il ərzində “Azercell Telekom” MMC biznes aləmində çox nüfuzlu beynəlxalq qurumlar tərəfindən mükafatlandırılıb. İl ərzində abonentlərinə müxtəlif kampaniyaları təqdim edən bir nömrəli operator yeni tarif paketlərini də istifadəyə verib. Aldığımız yerli və beynəlxalq mükafatlar arasında ən dəyərlilərdin biri ilin sonunda Ali Ağanın “Mətbuatın dostu” adına layiq görülməsidir.

2010-cu ilin “BakuTel” sərgisində “Azercell” ilk dəfə olaraq bir sıra yeni texnologiyaları təqdim edib. İstənilən ünvanı və yeri tapmağa kömək edən Mobil Naviqasiya sistemi, pul kisəsi, açar və endirim kartını əvəz edən RFID proqramı, ailə üzvləri və dostların yerini müəyyənləşdirməyə kömək edən LBS texnologiyası ictimaiyyət tərəfindən çox maraqla qarşılanıb.

2010-cu il “Azercell” üçün həm də brend dəyişikliyi ilə yadda qalıb. Ötən il uğurlu rebrendinq keçirən şirkət loqosunu və rəngini dəyişmiş oldu. Artıq hər kəsə məlumdur ki, şirkətin yeni brendi bənövşəyi rəngdə olan yüksək texnologiya daşı formasındadır.

Bütün bu və burada qeyd olunmayan digər çoxsaylı göstəricilər “Azercell Telekom” MMC-nin nailiyyətlər və uğurlarla dolu bir ili geridə qoyduğunu bildirməyə tam əsas verir. Şirkət əminliklə bəyan edir ki, yeni ildə öz abonentlərini yeni kampaniyalar, tarif paketləri, müxtəlif önəmli layihələri ilə sevindirəcək və yalnız mobil rabitədə deyil, bir sıra sosial problemlərin həllində onlara dəstəyini əsirgəməyəcək.

Modern.a

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO