“Azadlıq” qəzetinin 20 illik yubileyi təntənəli qeyd edilməyəcək. Qəzetin direktoru Azər Əhmədov “Media forum”a açıqlamasında bildirib ki, redaksiya yubileyi geniş qeyd etməyə mənəvi baxımdan hazır deyil: “Baş redaktor həbsdə olduğu üçün yubileyi yığcam, ancaq redaksiya daxilində qeyd edəcəyik. 10 il əvvəl, qəzetin 10 illik yubileyində qəzetin yaradıcısı Nəcəf Nəcəfov rəhmətə getdiyinə görə tədbir baş tutmamışdı. İndi də belə vəziyyət yaranıb. Ancaq bu, Azərbaycan reallığıdır. Belə vəziyyət bizdə heç bir ruh düşkünlüyü yaratmır”.
“Azadlıq” qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfovdur (1989-91-ci illər). 1991-94-cü illərdə “Azadlıq”a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən “Azadlıq”ın baş redaktoru Qənimət Zahiddir. O, 2007-ci ildən həbsdədir.
1996-cı ildən gündəlik çıxan “Azadlıq” hazırda həftədə 6 dəfə işıq üzü görür.
Azər Əhmədovun sözlərinə görə, qəzetin 20 illik yubileyi ilə bağlı rubrikaya start veriləcək: “Bu rubrika altında qəzet barədə yazılar dərc olunacaq. Qəzetdə 20 ilə yaxın stajı olanlar var – Xalid Bahadır, Rövşən Hacıbəyli. Yəqin ki, rubrika altında ilk yazıları onlar qələmə alacaq. “Azadlıq” qəzeti Azərbaycan mətbuatı üçün bir məktəb olub. Onun yetirmələri ayrı-ayrı mətbuat orqanlarında çalışır, onlara rəhbərlik edirlər. Əgər istəsələr, onlar da qəzetin yubileyinə ürək sözlərini yaza bilərlər”.
Direktor güman edir ki, “Azadlıq”ın 20 illiyi ilə bağlı həm xaricdən, həm də daxildən təbrik məktubları alacaqlar: “Hələlik təbrik göndərən olmayıb”.
«Media forum»