Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarını birləşdirən “Azadlıq” bloku noyabrın 17-də Media Mərkəzində “Söz azadlığını müdafiə” forumu keçirib. “Turan” xəbər verir ki, forumda müstəqillik dövründə ölkədə insan haqları, söz və mətbuat azadlığı ilə bağlı problemlərə toxunulub.
AXCP sədri Əli Kərimli Azərbaycanda söz və mətbuat azadlığına qarşı planlı siyasət aparıldığını deyib. Onun fikrincə, gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsi də bu siyasətin tərkib hissəsidir. “Bloqçuların və jurnalistlərin həbsi hər hansı məmur və ya məhkəmənin işi deyil. Bu, məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Azərbaycan hakimiyyəti neçə illərdir ki, addım-addım söz və mətbuat azadlığını məhdudlaşdırır”.
Ə.Kərimli hesab edir ki, bloqçuların həbsi hökumətin antimilli, antihumanist və qəddar addımıdır: “Çünki hökumət gənclərdən və yeni media növlərindən qorxur. Bu səbəbdən də özü üçün qorxulu hesab etdiyi siyasi partiyaları, vətəndaş cəmiyyətlərini, mediaları zəiflədir”.
Partiya lideri insan haqları, həbsdə olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatların və Qərb dövlətlərinin bəyanatlarının bəs etmədiyini deyib: “Azərbaycan cəmiyyətində artıq Qərb təşkilatlarına münasibət dəyişib. Cəmiyyət repressiv rejimə qarşı yerli təşkilatların, siyasi partiyaların və insan haqları təşkilatlarının birləşərək mübarizə aparmasını tələb edir”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, müstəqillik dövründə ölkədə insan haqlarının vəziyyətinin ağırlaşıb: “2005-ci ildən başlayaraq hökumət media və jurnalistlərə qarşı total hücuma başlayıb. Bu hücumlar “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə başlayıb və hazırda da davam edir”.
Çıxışlarda Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası və ATƏT-in fəaliyyəti də tənqid edilib. Beynəlxalq ictimaiyyətin vicdan məhbusu kimi tanıdığı “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev bildirib ki, Avropa Şurası bu ilin aprelində Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib: “Amma indiyədək məruzəçi Azərbaycana səfər etməyib. Biz Avropa Şurasından siyasi məruzəçinin dəyişdirilməsini tələb etməliyik”.
Forumda Mətbuat Şurası mediaya qarşı repressiv addımlara cavab verməməkdə ittiham edilib. “Azadlıq” qəzetinin 3 il həbsdə olmuş satirik yazarı Mirzə Sakit qeyd edib ki, mətbuat azadlığını və jurnalistləri müdafiə etmədiyinə görə Mətbuat Şurası qarşısında etiraz aksiyaları keçirilməlidir.
Forum iştirakçıları beynəlxalq təşkilatlara müraciət qəbul edib. Müraciətdə Azərbaycanda söz azadlığının ciddi şəkildə məhdudlaşdırılmasının yeni xəbər olmadığı, bu haqda dəfələrlə dünya birliyinə müraciətlər edildiyi xatırladılır: “Təəssüf ki, Azərbaycanın avtoritar hakimiyyəti beynəlxalq birliyin bütün çağırış, bəyanat və hesabatlarına məhəl qoymadan ölkədə söz azadlığını demokratiyanın başlıca normalarından biri kimi tamamilə sıradan çıxarmaq siyasətini indi də davam etdirməkdədir”.