Dekabrın 10-da Azərbaycan Media Mərkəzində Avropa Şurasının təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunmuş iki kitabın təqdimatı keçirilib.
Avropa Şurasının Bakıdakı informasiya ofisinin rəhbəri İlqar İbrahimli kitablar haqda məlumat verərkən deyib ki, “Birgə yaşayış” adlı nəşrdə Avropa Şurasının media hüququ sahəsində standartları aydın dildə izah edilib.
İkinci kitab “Böhran vaxtlarında ifadə azadlığı” adlanır və böhran vaxtlarında ifadə azadlığı sahəsində media hüququnun tətbiqindən bəhs edir.
İ.İbrahimli bildirib ki, bu kitablar geniş bir auditoriya (siyasətçilər, hökumət nümayəndələri, pedaqoqlar, media təmsilçiləri, qeyri-hökumət təşkilatları, müxtəlif ictimai qurumlar, gənclər və s.) üçün nəzərdə tutulub.
“Turan”ın məlumatına görə, kitabların nəşrə hazırlanmasında iştirak etmiş beynəlxalq ekspert Devid Qolberq Azərbaycanda media sahəsində vəziyyəti qiymətləndirdiklərini, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyəti ilə tanış olduqlarını söyləyib. O deyib ki, Azərbaycan Avropa Şurasının üzvü olduğuna görə burda Avropa standartları tətbiq olunmalı və məhkəmələrdə Avropa Məhkəməsinin qərarlarına istinad edilməlidir.