AVCİYA bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsi ilə bağlı aralıq hesabatını açıqlayıb


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası (AVCİYA) dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsi ilə bağlı aralıq hesabatını açıqlayıb. APA-nın məlumatına görə, təşkilatın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, seçkilərdən əvvəllər yerlərdə və seçki komissiyalarında müşahidələr aparılıb. M. Zülfüqarlı bildirib ki, dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkiləri əvvəlki seçkilərlə müqayisədə kifayət qədər sakit gedir: “Bu da rəqabətin güclü olmaması ilə bağlıdır. Belə ki, hər bir yer üçün təxminən 2 nəfər mübarizə aparır”. Seçki qərargahının rəhbəri bildirib ki, MSK-nın fəaliyyətinin müşahidəsi aparılıb və quruma daxil olan şikayətlərin bir hissəsi təmin olunub: “Amma vətəndaşların namizədliklərini qeydə almaqdan imtina edən, qanunu pozan dairə seçki komissiyalarının heç biri cəzalandırılmayıb. Onlarla bağlı tədbir görülməlidir ki, sonrakı seçkilərdə bu kimi addımlar təkrar olunmasın”.

Hesabatda həmçinin seçkilərin təbliğat-təşviqat kampaniyasının zəif olduğu, təşviqat plakatlarının kifayət qədər az olduğu bildirilir. “Televiziyalarda çıxışlara isə çox az sayda rast gəlinir, seçicilərlə görüşlərin sayı çox azdır. Bu onu göstərir ki, 2004 və 1999-cu illərlə müqayisədə seçkiöncəsi vəziyyət kifayət qədər sakitdir”.

M. Zülfüqarlı mətbuat və televiziyalarda bələdiyyə seçkilərinə kifayət qədər yer ayrıldığını qeyd edib.

Hesabatda həmçinin məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirak etməməsinin qanunazidd olduğu bildirilib. Hazırlanmış hesabatın sonunda bir sıra tövsiyələr irəli sürülüb. Həmin tövsiyələrdə seçki prosesi ilə bağlı qanunvericilik barədə bəzi təkliflər irəli sürülüb.

Qeyd edək ki, AVCİYA ELS Müstəqil Araşdırmalar Mərkəzi ilə birlikdə bələdiyyə seçkilərində 49 DSK üzrə 1600 seçki məntəqəsində səsvermənin müşahidəsini, 17 DSK üzrə 222 seçki məntəqəsində isə “exit-poll” prosesini həyata keçirəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO