Təşkilat Beynəlxalq Konfransda təmsil olunub
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) əvvəlki illərdə olduğu kimi 2010-cu il parlament seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Növbəti belə əməkdaşlıq 30 ölkəni və 12 beynəlxalq təşkilatı özündə birləşdirən Avropa Ölkələrində Seçkilərin Təşkilatçıları Assosiasiyası (ACEEEO) ilə yaranıb.
Məlumat üçün qeyd edək ki, bu assosiasiyaya üzv olan ölkələr həmin qurumda Mərkəzi Seçki Komissiyaları ilə təmsil olunurlar. Assosiasiya ABŞ-ın İFES təşkilatının köməkliyi ilə 1991-ci ildə yaranıb. Həmin ildən başlayaraq Macarıstan, Ukrayna, Litva, Slovakiya, Polşa, Xorvatiya, Rusiya, Böyük Britaniya, Albaniya, Latviya, Fransa, Rumıniya və Ermənistanda 18 konfrans keçirilib. 19-cu konfrans isə bu ilin 8-11 sentyabr tarixlərində Tbilisidə baş tutub.
Bu nüfuzlu beynəlxalq qurumla əməkdaşlığın təməli 16 aprel 2010-cu il tarixdə Bakıda keçirilmiş “Azərbaycanda 2010-cu il parlament seçkiləri – daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfransda qoyulub. Xatırladırıq ki, həmin konfrans AVCİYA ilə Fransanın “Avrasiya – Yeni Üfüqlər” təşkilatının birgə layihəsi nəticəsində reallaşdırılmışdı. Həmin tədbirdə AVCİYA-nın ACEEEO ilə əməkdaşlığı barədə ilkin razılıq əldə olunmuşdu. Bu razılaşmanın nəticəsində AVCİYA ACEEEO-nun Tbilisidə keçirilən konfransına dəvət edilib. Konfransda AVCİYA-nı Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı təmsil edib.
Beynəlxalq konfransda 3 gün ərzində seçicilərin qeydə alınması, seçiçi siyahılarının tərtibi, elektron seçici siyahıları və elektron səs verməyə aid müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Bundan başqa müxtəlif seçki texnologiyaları və seçki texnikalarının sərgisi də təşkil olunub.
Konfransın gedişində AVCİYA təmsilçisi ABŞ İFES təşkilatının nümayəndəsi Gavin Veise, Meksikanın Federal Seçki İnstitutunun nümayəndəsi Deyanira Galindo Rodriguez, Albaniya nümayəndəsi Skender Vrioni, Latviya Mərkəzi Seçki Komissiyasının Sədri Arnis Cimdars, Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü Jarkın Bapanova və digər iştirakçılarla görüşlər keçirib. Bundan başqa Uqanda Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Justine Ahabve Muqabi və onun digər həmkarı ilə səmərəli fikir mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycan vətəndaşları üçün də maraqlı ola biləcək, seçki təcrübələrinə aid çoxlu sayda faktlar əldə olunmuşdur. Məsələn, Latviyada seçki günü seçici siyahısında adı olmayan, lakin səs vermək hüququ olan vətəndaşlara səs vermək qadağandır. Latviya MSK-nın Sədri Arnis Cimdars bu cür seçiciləri təyyarə bileti olan, lakin təyyarəyə geçikən sərnişinlərə bənzətdi. Lakin, fikrimizcə əgər təyyarə uçmayıbsa, həmin sərnişinin təyyarəyə minməsinə icazə vermək mümkündür. Azərbaycan Respublikasdının seçki qanunvericiliyinə görə, siyahıda adı olmayan istənilən seçici şəxsiyyət vəsiqəsini göstərməklə seçici siyahısına əlavə olunur və ona səs vermək üçün bülleten verilir. Əvvəlki illərdə isə bu cür şəxslərin səsvermək hüququ məhkəmələr vasitəsilə bərpa olunurdu. O dövrdə bəzi ekspertlər bunu seçicilərin hüquqlarının pozulması kimi dəyərləndirirdilər. Lakin, fikrimizcə Azərbaycanda olan əvvəlki və hazırkı seçki hüququ, Latviyanın səs vermək hüququ olan, lakin seçici siyahılarında olmayan vətəndaşlara səs verməyi qadağan edən hazırkı seçki hüququndan daha təkmildir.
Yeri gəlmişkən, bir maraqlı faktı da dəyərli oxucuların diqqətinə çatdırmağı vacib bilirik. Belə ki, konfransda təmsil olunan ölkələrin hamısı AVCİYA-nı seçkilərin müşahidəsində iştirak etmək üçün öz ölkələrinə dəvət etmişlər.
ACEEEO 2011-ci ilin yazında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək 20-ci yubiley konfransında AVCİYA-nın bu nüfuzlu quruma assosiativ üzv qəbul olunacağı gözlənilir.