ATƏT-in media azadlığı üzrə sabiq xüsusi nümayəndəsi Mikloş Haraşti Bakıdadır. “Media forum” saytının məlumatına görə, o, Azərbaycan Media Mərkəzinin Avropa Yayımları Birliyi və Norveç İctimai Yayımçılarının dəstəyi ilə keçirdiyi “Yeni media erasının dəyərləri” konfrans-seminarda iştirak edir. “Hyatt Regencu” hotelində düzənlənən konfrans-seminarda ifadə azadlığı problemləri müzakirə olunur. Tədbirə Prezident Administrasiyası rəsmiləri, hökumət nümayəndələri, media təmsilçiləri qatılıb.
Haraşti ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi postunu 2004-2010-cu illərdə tutub. 1945-ci ildə İsraildə doğulan Haraşti sonradan ata-baba yurdu Macarıstana köçüb. Budapeşt Universitetində macar dili və fəlsəfəsini öyrənib, daha sonra kommunist Macarıstanda fikir və düşüncə azadlığı uğrunda mübarizəyə qalxıb. 1971-ci ildə siyasi motivlərlə universitetdən qovulub və 8 ay həbsxanada yatıb. 1976-cı ildə Macar Müxalifətinin Demokratik Hərəkatını təsis edib, 1980-ci illərin əvvəllərində “Bestselo” adlı qeyri-leqal dərgi buraxıb. 1990-cı illərin əvvəllərində Macarıstan parlamentinin deputatı seçilib.
Hazırda işsiz olan Haraşti “Media forum”a açıqlamasında bir müddət sonra ABŞ-ın Kolumbiya Universitetində çalışacağını deyib.
“Media forum”