Surxay Əliyev: “Bu mətbuatın inkişafına köməklik göstərəcək bir qurum ola bilər”
Ədil Hüseynli: “Media ombudsmanının yaradılması Azərbaycan kimi ölkələrdə doğru bir addımdır”
Bu gün dövlət tərəfindən kifayət qədər yardımlar edilməsinə baxmayaraq, mətbuatın vəziyyəti o qədər də ürəkaçan deyil. Əksər hallarda jurnalistlərin hüquqları yetərincə qorunmur. Bəzi məmurlar tərəfindən KİV nümayəndələrin təzyiqlərin edilməsi halları getdikcə artır. Belə olan halda mətbuat ombudsmanının yaradılmasına nə dərəcədə ehtiyac var? Məsələ ilə bağlı bəzi qəzet redaktorlarına müraciət etdik.
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin sözlərinə görə, indiki reallıqda mətbuat ombudsmanının yaradılmasına ciddi ehtiyac var: “Bu barədə artıq prezidentin sərəncamı ilə Milli Məclisdə qanun da qəbul olunub. Amma təəssüf ki, bir neçə ildir ki, bu istiqamətdə müvafiq iş görülmür. Qanunvericilikdə nəzərdə tutulur ki, informasiya məsələləri üzrə müvəkkili Azərbaycan Respublikasının prezidentinin təqdim etdiyi 3 namizəd arasında Milli Məclis seçir. İndiki vaxtda Mətbuat Şurası özünü mətbuat və informasiya ombudsmanı kimi aparmaq istəyir. Mətbuat Şurası da ictimai təşkilat olduğuna görə, çox eybəcər forma kimi ortaya çıxdı. KİV-lərə qarşı sanksiya tətbiq etmək, onların adını qara siyahıya salmaq, reket adlandırmaq və hansısa cinayət əməlində suçlandırmaq kimi halların ortaya çıxması bir daha göstərir ki, artıq mətbuat ombudsmanının fəaliyyətə başlaması günün reallığına çevrilib. Ombudsman prezident tərəfindən təqdim edilən 3 namizəd arasından Milli Məclis tərəfindən seçilirsə, deməli bu artıq statusdur. Onun qəbul elədiyi qərarlar Avropa standartlarına uyğun olacaq, məsuliyyət daşıyıcısına çevriləcək, eyni zamanda mətbuatın özü də ombudsman qarşısında məsuliyyət hiss edəcək və fəaliyyətini bu istiqamətdə quracaq. Yoxsa, müəyyən bir ictimai təşkilat, Mətbuat Şurası qanunda nəzərdə tutulmayan çox sərt qərar və sanksiya tətbiq edir. Bu cəmiyyət üçün yalnız anormallıqdır”.
“Yeni Dövr” qəzetinin baş redaktoru Surxay Əliyev də mətbuat ombudsmanının yaranmasının vacib olduğunu söylədi: “Bu mətbuatın inkişafına köməklik göstərəcək bir qurum ola bilər. Bu qurumun yaranması mətbuatın inkişafına qismən də olsa köməklik göstərəcək”.
“Gündəlik Bakı” qəzetinin şef redaktoru Ədil Hüseynli bildirdi ki, Avropa ölkələrində ombudsmanlığın müxtəlif formaları mövcuddur. Bu da artıq Azərbaycanda təməli qoyulmuş prosesdir: “Bir neçə ildir media ombudsmanının yaradılması məsələsi gündəmə gəlib. Bunu məhz media mənsubları gündəmə gətirdilər. Media ombudsmanın yaradılması Azərbaycan kimi ölkələrdə doğru bir addımdır. Amma məsələ ondadır ki, media ombudsmanı kim olacaq və o jurnalistlərin, media təşkilatlarının hüquqlarını hansı formada qoruyacaq. İnanıram ki, Azərbaycanda media ombudsmanlığı yaradılsa və onun rəhbəri media sahəsini bilən bir şəxs olsa bu böyük bir effekt verəcək. Mən bu gün media omdusmanının yaradılmasının lehinə olan jurnalistlərdən biriyəm”.