Asəf Quliyev AzTV-nin qanunu pozmaqda günahlandırır. AzTV ittihamı şərh etmir

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindəki işini itirən jurnalist Asəf Quliyev “Media forum”a açıqlamasında deyib ki, bu qurumda işçilərlə müqavilə qeyri-müəyyən müddətdə, iki, üç, dörd aydan bir təzələnməklə bağlanır: “Müqavilə bir nüsxədən ibarət olur, işçilərin heç birinə ikinci nüsxə verilmir. Qanunla müqavilə iki nüsxədən ibarət olmalıdır”.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova jurnalistin bu iddialarına aydınlıq gətirməkdən imtina edib. “Media forum”a açıqlamasında Xatirə Qasımova “İşçilərlə əmək müqaviləsi daxili məsələdir, bunu ictimaiyyətə daşımırıq” deyib.

Əmək Məcəlləsinə görə, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi yazılı formada bağlanır və iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

Əmək müqaviləsinin müddətinə gəlincə, müqavilə qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

İyulun 11-dən 14-dək Ermənistana səfər edərək “Qafqazda informasiya azadlığı” adlı beynəlxalq konfransa qatılan jurnalist Asəf Quliyev avqustun 16-da “Media forum”a bildirib ki, səfərdən qayıdandan sonra AzTV rəhbərliyi ona öz ərizəsi ilə işdən getməyi təklif etsə də, buna razılaşmayıb.

Asəf Quliyevin sözlərinə görə, AzTV-yə 4 il əvvəl gəlib: “Uşaq, gənclik və hərbi vətənpərvərlik baş redaksiyasında çalışırdım. AzTV-nin ştatlı işçisi hesab olunurdum. Mənim işə qəbulum, işdən çıxarılmam əmək kitabçamda qeyd olunub. İyulun 27-də məzuniyyət müddətim bitdi, avqustun 1-dən məni işdən azad etdilər”.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova avqustun 16-da “Media forum” saytına açıqlamasında deyib ki, iyulun 31-də Asəf Quliyevlə bağlanmış müqavilənin müddəti bitib və o uzadılmayıb.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO