“Artıq əsas işi görmüşük “

Nuşirəvan Məhərrəmli: “İndi efir məkanında Azərbaycan dili hakimdir”
-Əgər biz öz insanlarımızı, tutaq ki, Braziliya, Kolumbiya serialları ilə təmin edəcəyiksə, təbii ki, gələcək nəsil milli adət-ənənələrimizdən tamamilə uzaqlaşacaq. Ona görə də milli istehsal faktoruna ciddi yanaşmaq lazımdır…

“Azərbaycanda yaşayan bəzi insanlar hələ də Azərbaycan dilini bilməmələrini rus dilində təhsil almaları ilə izah edirlər. Aydın məsələdir ki, bu insanlar rus dilində təhsil almalarını bəhanə kimi göstərirlər. Amma özlərində cəsarət tapıb öz xalqına, dövlətinə, konstitusiyasına biganəlik göstərdiklərini etiraf edə bilmirlər. Öz ölkəsində yaşaya-yaşaya başqa dildə danışmaq, uşaqlarına başqa dildə tərbiyə vermək və sairə bu kimi şeylər onlara başucalığı gətirmir, onların hər hansı bir yüksək mədəniyyətə sahib olduğunu göstərmir”.

Bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Şərq”ə verdiyi eksklüziv müsahibəsində söyləyib. O bildirib ki, teleradio sahəsində çalışan insanlar da mütəxəssis fikri öyrənmək üçün bu insanları dəvət edirlər və onlar da öz düşüncələrini yarı rus, yarı Azərbaycan dilində deyirlər:

– Bu insanlar fikirlərini doğma ana dilində çatdıra bilmirlər. Baxmayaraq ki, biz 19 ildən artıqdır ki, müstəqil Azərbaycanda yaşayırıq. Bu məsələ ciddi məsələ olduğuna görə ona xüsusi fikir verirəm. Hesab edirəm ki, ümumiyyətlə, dil məsələsində hər hansı tərəddüd belə olmamalıdır. Amma bununla belə biz nə qədər xarici dil bilsək, bir o qədər çox üstünlüyümüz olacaq.

– Azərbaycan dili ilə bağlı başladığınız işi tam başa çatdıra bilmisinizmi?

– Artıq əsas işi görmüşük. İndi efir məkanında Azərbaycan dili hakimdir. Təbii ki, bu və ya digər formada xarici dildən istifadə halları olur. Amma bu məsələdə tək inzibati yolla iş görmək doğru deyil. Hər dəfə hər hansı bir xırda məsələyə görə də cəza vermək doğru deyil. Öz dilindən istifadə həm də insanların vətəndaşlıq borcudur. Amma biz bu istiqamətdə qəbul etdiyimiz qərarda bildirmişik ki, bir sıra hallarda xarici dildən istifadə oluna bilər. Məsələn, ictimai-siyasi hadisələr, xarici ölkə prezidentlərinin ölkəyə səfəri zamanı, maarifçilik xarakterli verilişlər vaxtı, tədris verilişləri zamanı bu və ya digər formada xarici dillərdən istifadə oluna bilər.

– Mədəniyyət kanalının açılması ilə bağlı vəziyyət hazırda hansı yerdədir?

– Mədəniyyət kanalı açılmalıdır. Bu kanalın açılması da çox ciddi, vacib bir məsələdir. Hər hansı istənilən bir şəxsin durub mədəniyyət kanalını açması doğru deyil. Çünki bu, məsuliyyətli bir sahədir. Hesab edirəm ki, bu kanala ciddi dövlət dəstəyi verilməlidir. Hazırda müsabiqə elan edilib. Bununla bağlı da hələlik yalnız bir müraciət daxil olub. Onu da Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti edib. Təbii ki, biz deyilən vaxta qədər, yəni oktyabrın 7-nə qədər gözləyəcəyik. Əgər növbəti müraciət olmasa, onda artıq edilən bir müraciətə baxacağıq.

– Bundan əvvəl “İdman Azərbaycan” telekanalı yaradıldı və bu da AzTV-nin tərkibində quruldu. İndi mədəniyyət kanalı ilə bağlı keçirilən müsabiqəyə yalnız AzTV müraciət edib. Görünür, növbəti özəl telekanalda AzTV-nin nəzdində yaradılacaq?

– İndiki dövrdə başqa bir variantımız da yoxdur. Yəni müraciət edən yalnız AzTV-dir. Eyni zamanda, bunların hər ikisi ixtisaslaşmış kanaldır. Yəni biri idman kanalıdır, indi isə mədəniyyət kanalı açırıq. Bilirsiniz ki, bu sahələr də siyasətdən kənər sahələrdir. Amma bunlar elə bir sahədir ki, onlara mütləq dövlət dəstəyi olmalıdır. Azərbaycan ərazisinə, auditoriyasına görə o qədər də böyük ölkə deyil və bu cür ixtisaslaşmış kanallar kiçik ölkələr üçün xarakterik deyil. Bunlar yalnız böyük ölkələr üçündür. Məsələn, Rusiya, Türkiyə, Almaniya, İngiltərə, Fransa üçün. Böyük ölkələrdə ixtisaslaşmış kanalların fəaliyyəti üçün yetərincə şərait var. Həm reklam bazarı ilə bağlı, həm də efirin doldurulması ilə bağlı mövcud verilişlər olmalıdır. Təsəvvür edin ki, mədəniyyət kanalı açırıq, Azərbaycan mədəniyyət kanalında xarici ölkələrin filmlərini göstərəcəyiksə, onda bu bizim nəyimizə lazımdır? Digər özəl kanallarda bu kimi filmlər kifayət qədər göstərilir, amma Azərbaycan filmlərinin sayı kifayət qədər deyil. Təbii ki, eyni filmi, yaxud da tamaşaları, sənədli filmləri tez-tez göstərmək istənilən effekti verməz. Yerli məhsulların sayı da yetərincə deyil. Onları əldə etmək üçün müəyyən vaxt lazımdır. Mədəniyyət kanalının açılmasında da ən böyük məqsəd yerli istehsalın inkişafına təkan verməkdir. Azərbaycanda bu sahə inkişaf etməlidir. Yəni biz hər hansı məhsulları xaricdən gətirib efirimizi doldurmalı deyilik. Azərbaycanda insanlar, yetişməkdə olan nəsil daha çox ölkəmizin özünün milli adət-ənənələri əsasında böyüməlidir. Təbii ki, dünya mədəniyyətinin yenilikləri də bunların sırasında olmalıdır. Amma burada birinci faktor milli faktordur. Sözsüz ki, biz milli faktor deyəndə qapalılığı, xaricdən tamamilə təcrid olunmağı nəzərdə tutmuruq. Amma əsas istehsal, təqdim edəcəyimiz efirin əsas vaxtı Azərbaycan istehsalı olmalıdır. Əgər biz öz insanlarımızı, tutaq ki, Braziliya, Kolumbiya serialları ilə təmin edəcəyiksə, təbii ki, gələcək nəsil milli adət-ənənələrimizdən tamamilə uzaqlaşacaq. Ona görə də milli istehsal faktoruna ciddi yanaşmaq lazımdır. Çünki bu, çox ciddi bir məsələdir.

– Mədəniyyət kanalı ilə bağlı keçirilən müsabiqəyə yalnız AzTV-nin müraciət etməsi mətbuatda müxtəlif yöndə yozulur. Bildirilir ki, yalnız bir müraciətin olması müsabiqənin obyektiv keçiriləcəyinə şübhə ilə bağlıdır. Buna münasibətiniz necədir?

– Belə şey olmaya-olmaya onun haqqında fikir yürütmək doğru deyildir. Belə bir lətifə də var ki, heç olmasa, sən bir lotereya biletini al, ondan sonra uduşunu istə. Qoy bu cür düşünənlər əvvəlcə müraciət etsinlər. Sonra müsabiqənin obyektiv və ya qeyri-obyektiv keçirilməsi ilə bağlı fikir yürütsünlər.

– Mətbuatda belə bir fikirlər səslənir ki, Şura regionlardakı telekanallara nəzarət edə bilmir. Bu, nə qədər həqiqətə uyğundur?

– Bu fikir doğru deyil. Nəzarət mexanizmi fərqlidir. Hər kəs onu bir cür başa düşür. Təbii ki, paytaxtda fəaliyyət göstərən televiziya kanalları bütün respublika ərazisinə yayımlanır. Onlara daha çox diqqət yetirilir. Regional telekanallar isə fərqlidir. Bilirsiniz ki, texnologiyanın inkişafı nəticəsində regional telekanalların yayımını internet vasitəsilə izləmək mümkündür. Ona görə də hesab etmirəm ki, regional telekanallar nəzarətdən kənar deyil. Təbii ki, onlar paytaxtdan kənarda yerləşirlər və hər dəfə onları izləmək üçün biz ora adam göndərməli deyilik. Nəzarət mexanizmi təkcə Şuranın üzərinə düşmür. Bu, bütün xalqın üzərinə düşür. Əgər efirdə qanunlar pozulursa, bu zaman insanlar bizə məlumat verirlər. Biz də həmin məlumatı araşdırıb, sonra lazımi qərarı verdik. Azərbaycan çox da böyük ölkə deyil ki, orada hansısa televiziya kanalı nəzarət mexanizmindən kənarda qalsın.

– Qarşıdan parlament seçkiləri gəlir və televiziyalarda “qara piar”ın olacağı ilə bağlı şübhələr var. Bu məsələyə Şura necə nəzarət edəcək?

– Milli Televiziya və Radio Şurası təbii ki, öz fəaliyyətini qanunlar əsasında qurur. Seçki dövründə seçki təbliğatı məsələsi də Seçki Məcəlləsi ilə müəyyənləşir. Seçki Məcəlləsində də bu işlər bilavasitə Mərkəzi Seçki Komissiyasına və onun nəzdindəki mətbuat qrupunun üzərinə qoyulur. Yəni hər hansı televiziya kanalında “qara piar”la bağlı fikir, kadr olarsa, onun “qara piar” olub-olmamasını müəyyənləşdirən orqan artıq Mərkəzi Seçki Komissiyasıdır. Əgər MSK həmin fikirlərin “qara piar” olduğunu müəyyənləşdirərsə və ya seçki zamanı efirdə göstərilənlərin qanuna uyğun olmadığını müəyyənləşdirərsə və bu barədə bizə məlumat verərsə, təbii ki, o zaman biz həmin televiziya kanalı ilə bağlı araşdırma aparıb qərar verə bilərik. Amma bilavasitə Televiziya və Radio Şurası öz fəaliyyətini hər hansı ictimai-siyasi tədbirdən-tədbirə görmür. Yəni seçki oldu-olmadı, Şura öz fəaliyyətini Teleradio yayımı haqqında qanuna uyğun qurur və öz monitorinqini aparır.

– Şura ölkə telekanallarının verdiyi reklamlarla, onların müddəti ilə bağlı vahid sistem hazırlamışdı. Amma son zamanlar bu sistemə çox az fikir verilir…

– Əvvəlki dövrlərə nisbətən bu sahədə xeyli irəliləyişlər var. Siz Türkiyə kanallarında hansısa bir serialı seyr edin və görəcəksiniz ki, bir film boyu nə qədər reklam verilir. Hətta orada reklamın əlindən filmə baxmaq da olmur. Mən deyərdim ki, bizdə bununla bağlı qanun pozuntuları çox azalıb. Kütləvi televiziya verilişində bir saat ərzində 12 dəqiqə reklam olmalıdır. Bu 12 dəqiqə də 1 saat ərzində üç yerə bölünə bilər. Ondan çox olarsa, bu, artıq qanun pozuntusudur. Bəzən görürsən ki, telekanallar bu və ya digər formada reklamını artırmaq istəyir. Yəni bəzən bir dəqiqə, yarım dəqiqə artıq olur. Belə şeylər mövcuddur. Amma etiraf etmək lazımdır ki, əvvəlki illərə nisbətən bu sahədəki vəziyyət xeyli düzəlib. Biz, ümumiyyətlə, bütün televiziya kanalları ilə mütəmadi şəkildə işləyirik. Elə xırda məsələlər olur ki, onu Şuranın iclasına çıxarıb cəza vermirik. Amma bildiririk ki, filan məsələdə qanun pozuntusu var və bunu aradan qaldırmaq lazımdır. Onlar da həmin xırda pozuntuları aradan qaldırırlar.

– Sizcə, Şuranın fəaliyyətini daha effektli qurmaq üçün başqa hansı səlahiyyətlərə ehtiyacı var?

– Bilirsiniz, Milli Teleradio Şurası ölkədə teleradio yayımı sahəsində baş verən prosesləri izləyir və məsuliyyətli bir orqandır. Televiziya kanallarında baş verən hər hansı bir hadisəyə görə insanlar birinci olaraq bizi qınayır. Biz televiziyaların yaradıcılıq işlərinə qarışa bilmirik. Televiziya özü çox böyük gücə malikdir. Yəni cəmiyyəti doğru istiqamətə yönləndirə bilən bir güc mərkəzidir. O, həm tərbiyə edəndir, həm maarifləndirəndir, həm də məlumatlandırandır. Təəssüf ki, bu gün televiziya kanallarında verilişlərin böyük əksəriyyəti çox aşağı kütlənin psixologiyasına uyğunlaşdırılaraq aparılır. Bu, daha çox reklam əldə etməklə bağlıdır. Yəni bu məsələdə əhalini daha çox düşünən sosial təbəqəsinin mövqeyi sanki nəzərə alınmır. Cəmiyyəti də aşağı təbəqənin mövqeyinə uyğun istiqamətləndirməklə gələcəkdə ciddi fəsadlar verə bilər. Ona görə də Teleradio Şurası hansısa formada bu işlərə müdaxilə etmək səlahiyyətində olmalıdır.

– Ölkə telekanallarındakı şou-biznes verilişlərinin sayı və səviyyəsi ilə bağlı deyilən sözlər nəticə vermədi. Gəlin, etiraf edək ki, Şuranın apardığı monitorinq də bu tip proqramların çoxalmasının qarşısını ala bilmədi…

– Bəli. Çox təəssüf ki, bu, elə bir bəladır ki, televiziya kanalları üzərlərinə düşən işi görmədilər. Onlar yenə də daha çox bu sahəyə meyil edirlər. Hesab edirlər ki, bu sahə onların əsas gəlir yerləridir. Başqa gəlir yerləri isə yoxdur.

Azərbaycan telekanalında həddindən artıq proqramlar var ki, onların səviyyəsi çox aşağıdır. Şəxsən mən bir vətəndaş kimi bu verilişlərə baxa bilmirəm. Mən sosial xarakterli məsələləri əsas gətirib onları efirdə göstərməyin tərəfdarı deyiləm. Məsələn, “Günəbaxan”, “Elgizin cümə axşamları”, “Toy olsun”, “Sən tək deyilsən”, “Çal-çağır”ın müəyyən hissələri, “ATV Maqazin”, “Yağ kimi”, qonaqlıq verilişləri, ümumiyyətlə, şou xarakterli verilişlərin səviyyəsi çox aşağıdır. Yəni onlar həmin xidmət sahəsində çalışan insanların psixologiyasına uyğun olan verilişlərdir. Düşünürəm ki, bu proqramlarla Azərbaycan cəmiyyətini doğru yola istiqamətləndirmək olmaz.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO