Argentinanın nüfuzlu biznes jurnalları Azərbaycanın iqtisadi yüksəlişi imkanlardan yazmışlar

Argentinanın ən iri biznes qurumu olan Sənayeçilər Birliyinin “Echo en Argentina” və bu ölkənin Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin Xarici Ticarət və Sərmayələrin Təşviqi Fondunun olan “Fundacion ExportAr”a “News” jurnallarının son nömrələrində Azərbaycana dair geniş məqalələr dərc olunmuşdur.
Azərbaycanın Argentinadakı səfirliyindən AzərTAc-a daxil olan məlumata görə, “Echo en Argentina” jurnalındakı “Azərbaycan – potensial tərəfdaş” sərlövhəli məqalədə bildirilir: “Qlobal səviyyədə ən dinamik və ən yüksək inkişaf göstəricilərinə malik iqtisadiyyatı ilə Azərbaycan dünyada getdikcə daha çox strateji tərəfdaşlar cəlb etməkdədir. Məhz Argentina bir sıra səbəblərə görə Azərbaycanın öz mövqeyini möhkəmləndirmək və birgə mənfəət əldə etmək üçün seçdiyi ölkələrdən biridir”.
Məqalədə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sosial-iqtisadi tərəqqi istiqamətində keçdiyi yol təhlil edilir, ölkəmizdə həyata keçirilməkdə olan, eləcə də perspektiv layihələr, respublikamızın malik olduğu böyük maliyyə ehtiyatları və onların istiqamətlənməsi, habelə Argentina şirkətləri üçün ticarət, iqtisadi və sərmayə sahələrində imkanlar barədə ətraflı məlumatlar verilir.
“News” jurnalında isə dərc olunmuş “Azərbaycan: böyük strateji potensiala malik bazarı tanıyaraq” sərlövhəli məqalədə bildirilir ki, 2010-cu ildə Azərbaycanın Cənubi Amerikada birinci olaraq Buenos-Ayresdə səfirliyinin açılması ilə Cənubi Qafqazın ən iri iqtisadiyyatına malik Azərbaycan ilə Argentina arasında münasibətlərin gücləndirilməsində yeni mərhələ başlanmışdır. Məqalədə Azərbaycanın makroiqtisadi vəziyyəti təhlil olunur, ölkəni ticarət və sərmayələr üçün əlverişli bazar kimi şərtləndirən amillər sadalanır, Argentina ilə mövcud və perspektiv iqtisadi əməkdaşlıq imkanları və ölkəmizdə keçiriləcək iri sərgilər haqqında ətraflı məlumat verilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO