ARDNŞ rəsmiləri jurnalist İdrak Abbasovla görüşdülər

Sabah isə Bakı Şəhəri Baş Polis İdarəsinin əməkdaşları onun yanına gələcək

“Sulutəpədə mənim və digər jurnalistin döyülməsi ilə bağlı ayrıca heç bir cinayət işi açılmayıb, istintaq hərəkətı aparılmayıb”.
Bunu Modern.az-a açıqlamasında Sulutəpədə evlərin söklməsi zamanı ARDNŞ əməkdaşları tərəfindən döyülən “Ayna-Zerkalo” qəzetinin müxbiri İdark Abbasov deyib. O bildirib ki, yalnız Sulutəpədə baş verən hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə ümumi cinayət işi açılıb: “Jurnalistlərin döyülməsindən sonra evləri sökülməli olan sakinlər magistral yolu bağlamağa cəhd göstəriblər. Həmin an ARDNŞ əməkdaşları ilə sakinlər arasında qarşıdurma yaşanıb. Bu məsələ ilə bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb. Amma bunun jurnalist fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Odur ki, Sulutəpədə mənim və digər jurnalistin döyülməsi ilə bağlı heç bir cinayət işi açılmayıb. Çünki biz peşə fəaliyyətimizi yerinə yetirərkən ARDNŞ əməkdaşları bizə hücum ediblər. Onlar bizm peşə fəaliyyətimizə mane olublar. Buna görə də 163-cü və başqa maddələrlə cinayət işi açılmalıdır”.

İdrak Abbasov onu da bildirib ki, bu gün Bakı şəhəri Baş Polis İdarəsindən müstəntq İbrahim İbrahimov ona zəng edib: “Bildirdi ki, Mətbuat Şurasından Daxili İşlər Nazirliyinə şikayət daxil olub. Mənimlə görüşmək istədiklərini bildirdilər. Dedim ki, xəstəxanadayam. Mən onlara vəkilim Fariz Namazovla əlaqə saxlamağı məsləhət gördüm. Bildiyimə görə, sabah mənə baş çəkməyə gələcəklər. Bu gün ARDNŞ-nin Hüquq idarəsinin və Ombudsman aparatının nümayəndələri mənə baş çəkiblər. Məndən bu hadisə ilə bağlı videolenti istədilər. Amma mən vəkilimlə məsləhətləşdikdən sonra belə qərara gəldik ki, videomaterialı onlara verməyək”.

Qeyd edək ki, aprelin 18-də Sulutəpədə aparılan söküntü əməliyyatı ciddi problemlərlə müşayiət olunub. İki jurnalist – “Ayna-Zerkalo” və “Yeni Müsavat” qəzetinin əməkdaşları İdrak Abbasov və Günay Musayeva zorakılığa məruz qalıblar. Baş vermiş insidentin araşdırılması üçün ARDNŞ prezidenti Rövnəq Abdullayevin göstərişi ilə Mikayıl İsmayılovun başçılığı altında komissiya yaradılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO