APA-nın baş direktoru “Zaman-Azərbaycan” qəzetinin yeni baş redaktoru ilə görüşüb

APA-nın baş direktoru Vüsalə Mahirqızı bu gün “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünalla görüşüb. APA-nın məlumatına görə, S. Ünal bu vəzifəyə yeni təyinat aldığını deyərək, iki media qurumu arasında əməkdaşlığa böyük önəm verdiyini bildirib. Azərbaycanda olduğu müddətdə bu əməkdaşlığın inkişafına çalışacağını qeyd edən baş redaktor APA-nın yaydığı xəbərlərin əhatəli, dolğun, obyektiv və qərəzsiz olduğunu, müxtəlif sahələri əhatə etdiyini vurğulayıb. S. Ünal Türkiyə-Azərbaycan münasibətləri fonunda iki media qurumu arasında əməkdaşlığın xüsusi önəm daşıdığını önə çəkib.

S. Ünal Azərbaycanın bölgədə və dünyada böyük əhəmiyyət kəsb edən ölkəyə çevrildiyini, burada çalışmadan məmnunluğunu dilə gətirib.

Öz növbəsində, V. Mahirqızı APA-nın “Zaman-Azərbaycan”la sıx əməkdaşlıq etdiyini deyib, bu əməkdaşlığın S. Ünalın rəhbərliyi dövründə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu qeyd edib. V. Mahirqızı Ü. Ünala yeni vəzifəsində uğurlar arzulayıb. Tərəflər Azərbaycanda, Türkiyədə, regionda və dünyada baş verən hadisələr, eləcə də iki ölkənin media qurumları arasında qarşılıqlı əməkdaşlıq məsələlərinə dair də fikir mübadiləsi aparıblar.

Görüşdə “Zaman-Azərbaycan” qəzetinin baş direktor müavini Osman Uçak və APA-nın baş direktorunun 1-ci müavini Nurşən Quliyev də iştirak edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO