Dünyanın əksər inkişaf etmiş dövlətlərində yazılı medianın maliyyələşməsində reklamlar mühüm çəkiyə malik olur. Yəni çap mediasında yerləşdirilən reklamlardan qəzetlər böyük qazanc əldə edir. Nəticədə müstəqil media inkişaf edir və qəzetlər haradansa asılı olmur.
Ancaq Azərbaycanda bu sahədə vəziyyət, etiraf etməliyik ki, o qədər də ürəkaçan səviyyədə deyil. Məsələ ondadır ki, şirkətlər və digər subyektlər daha çox elektron KİV-ə reklam verir. Qəzetlərə reklam verməkdə isə maraqlı deyillər. Bu sahədə mövcud olan qeyri-bərabərlik heç şübhəsiz , qəzetlərin maddi vəziyyətinə öz mənfi təsirini göstərir. Milli mətbuat günü Mətbuat Şurasının yeni binasının açılış mərasimində çıxış edən ölkə prezidenti İlham Əliyev çap mediasına reklamların verilməsinin artırılmasını tövsiyə etdi. Maraqlıdır, ötən müddət ərzində prezidentin təklifinə nə dərəcədə əməl olunub?
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, prezident İlham Əliyev MŞ-nın yeni binasının açılışı zamanı ölkə mətbuatının vəziyyətini çox dəqiq şəkildə təhlil etdi: “Görünür prezidentin mətbuatın problemlərilə əlaqəli kifayət qədər məlumatı var. Eyni zamanda, həmin məlumatlar həqiqətə söykənirdi. Çox təəssüf ki, prezidentin reklam bazarı ilə bağlı açıqladığı mövqeyi ayrı-ayrı şirkətlər, reklamvericilər tərəfindən yetərincə nəzərə alınmayıb. Buna sübut odur ki, yenə də reklamların böyük hissəsi elektron KİV-ə gedir. Biz açıq şəkildə bunu müşahidə edirik. Yəni bununla bağlı dis-balans yaranıb. Bu sahədə qeyri-bərabər bir mühit formalaşıb və reklamvericilər hətta bu müddət ərzində qəzetlərə verdiyi reklamları belə, kəsiblər. Hesab edirəm ki, bununla bağlı çox ciddi tədbirlərin görülməsinə ehtiyac var. Ancaq bunun hansı formada həyata keçirilməli olduğunu müvafiq qurumlar müəyyənləşdirməlidir. Onu da qeyd edim ki, hansısa şirkətlərə bununla bağlı xüsusi göstəriş vermək də hardasa doğru olmaz. Ona görə ki, şirkətlərin özlərinin müəyyən etdiyi bir iqtisadi siyasət var. Yəni özləri daha yaxşı bilirlər ki, hansı qəzetlə işləmək lazımdır. Bir məqamı unutmaq olmaz ki, müstəqil qəzetlər olmadan, ölkədə müstəqil sahibkarlıq da inkişaf edə bilməz. Çünki sahibkarların hüquqlarını, televiziyalardan daha çox, çap mediası müdafiə edir. Bu baxımdan mən sahibkarlara üz tutub deyirəm ki, bu kimi məqamları nəzərə alsınlar. Yoxsa sonra gec olacaq”.