ANS-də yersiz gəldi, yerli qaçdı

Hüquqşünas – “Əcnəbi vətəndaşın TV-də rəhbər vəzifə tutmasına qadağa yoxdur”

ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) baş direktoru Sevda Həsənova vəzifəsindən gedib və onun yerinə milliyyətcə ingilis olan Ann Tompson gətirilib. Yeni təyin olunan mütəxəssis artıq iş fəaliyyətinə də başlayıb.
A .Tompson jurnalistika sahəsinin 15 ilini BBC şirkəti üçün İngiltərədə, Moskvada və Bakıda çalışıb. Xanım A.Tompson buna qədər News.Az informasiya agentliyində redaktor vəzifəsində çalışıb. Ümumlikdə isə ingilis xanımın jurnalistikada 25 il stajı var. Maraqlıdır, əcnəbi bir vətəndaş Azərbaycanda telekanalda rəhbər mövqeyini tuta bilərmi?

Modern.az-a açıqlamasında media hüquqşünası Ələsgər Məmmədli bildirib ki, bunun üçün heç bir məhdudiyyət yoxdur. “Direktor vəzifəsi icraçı bir vəzifədir, yəni idarəetmə funkisyasını həyata keçirir. Bu baxımdan direktorun hansı ölkənin vətəndaşı olması yox, hansı kriteriyalara sahib olması daha önəmlidir. Bu, Azərbaycan vətəndaşı, Azərbaycanda yaşayan, işləməyə hüququ olan bir xarici vətəndaş da ola bilər. Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur.”

Hüquqşünasın sözlərinə görə, qəzetlərin baş redaktorları ilə bağlı qanunda belə bir məhdudiyyət var: “İstənilən qəzetin baş redaktoru əcnəbi vətəndaş ola bilməz. Onlar Azərbaycan vətəndaşı və ali savadlı olmalıdırlar. Bu, KİV haqqında qanunun 22-ci maddəsində əks olunub. Qəzetlər istisna olmaqla, bu və ya digər televiziyalarda icraçı vəzifəni tutan və ümumiyyətlə, televiziya sahəsində çalışan şəxslərin xarici və yerli vətəndaş olması barəsində heç bir ayırım yoxdur”.

Ələsgər Məmmədli hesab edir ki, əslində, məhdudiyyətin olması da doğru deyil: “Hər kəsin hüquq və azadlıqları tanınırsa, hər kəsin işləmək hüququ Konstitusiyada varsa, burada vətəndaşlıq şərti ilə məhdudlaşdırma doğru olmaz. Vətəndaşın iş görmə qabiliyyəti daha önəmlidir. Bu baxımdan televiziya belə bir ehtiyac hiss edibsə, bu, təbii bir haldır. Burada heç bir hüququ pozuntu yoxdur”.

“Televiziyalarda olan məhdudiyyət yalnız sponsorlarla və təsisçilərlə bağlıdır. Təsisçi xarici vətəndaş olarsa, televiziya aça bilməz. Bir də ki TV-nın ayrı-ayrı proqramları istisna olmaqla, proqramlar bütünlüklə xarici vətəndaş tərəfindən maliyyələşə bilməz”, – deyə Ə.Məmmədli əlavə edib.

Yeni baş direktor haqqında ANS-in ictimai əlaqələr üzrə müşaviri Mais Məmmədov açıqlama verdi. M.Məmmədov Ann Tompsonun əvvəllər hansı bir işdə çalışdığı, hansı ixtisas sahibi olması barəsində xəbərsiz olduğunu bildirib: “Mən onu tanımıram. Onun haqqında məlumatım yoxdur. Onu bilirəm ki, Azərbaycanda işləyib. Burada nə vaxta kimi qalacağı, bu vəzifəni nə vaxta kimi yerinə yetirəcəyi barəsində heç nə deyə bilmərəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO